Məhkəmə qərarları › İş №3(045)-45/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-45/2024

02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-45/2024 02.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, şikayət vermiş şəxs X3 nümayəndəsi X4, protokolu tərtib etmiş şəxs Goranboy Rayon Polis X13 X12-Patrul Xidməti inspektoru X2 iştirakları ilə, X3 Goranboy Rayon Polis X13 X12-Patrul Xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Rayon Polis X13 X12-Patrul Xidməti inspektoru X5 tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 08 yanvar 2024-cü il tarixdə Goranboy rayonu Yol-patrul xidməti inspektoru polis baş serjantı X5 tərəfindən barəsində qanunsuz olaraq Azərbaycan Respublikası İXM-nin 329.3-cü (işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə) və Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü (nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə) TP saylı, ******* nömrəli inzibati xəta haqqında protokol və digər protokol tərtib edilmiş və həmin protokol əsasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Belə ki, Dövlət Yol-patrul xidmətinin əməkdaşı dünən saat 19:50 radələrində işdən gəldiyi zaman onun idarə etdiyi “VAZ 21063” markalı, ** BB *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini heç bir reyd olmadan saxlamışdır. Bütün sənədlərini və nəqliyyat vasitəsinin bütün hissələrini yoxlayıb 45 dəqiqə müddətində onun vaxtını aldıqdan sonra Azərbaycanın Konstitusiyanına uyğun olmayan İXM 342.2.4-cü maddəsi ilə onun haqqında protokol sənədləşdirərək 150 manat məbləğində cərimə tətbiq etmişdir. Eyni zamanda bildirir ki, onun avtomobilində qanunla tətbiqinə icazə verilməyən örtük olmayıb, son vaxtlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə icazə verilən örtükdən istifadə olunub. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin nümayəndəsi X8 şikayətin dəlillərinə uyğun izahat verərək bildirdi ki, sözügedən qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirir ki, oğlu hərbçidir və müharibə iştirakçısıdır. YPX-nın əməkdaşı bunu nəzərə almayaraq oğlunun barəsində protokol tərtib etmiş, halbuki, hərbçi olduğunu nəzərə ala bilərdi. Eyni zamanda qeyd edir ki, həmin örtük oğlu tərəfindən YPX-nın əməkdaşı tərəfindən sökülmüş və buna baxmayaraq YPX-nın əməkdaşı protokolu tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Goranboy Rayon Polis X13 X12-Patrul Xidməti inspektoru X5 izahatında göstərdi ki, 08 yanvar 2024-cü il tarixdə VAZ 21063” markalı, ** BB *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin inzibati xəta hadisəsi, yəni işıq cihazlarından istifadə qaydalarını pozduğu tərəfindən aşkar edilmişdir. Onun tərəfindən sözügedən avtomobilə saxla əmri verilmiş və sürücü saxla əmrinə tabe olaraq nəqliyyat vasitəsini saxlamış, daha sonra o, sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və inzibati xəta hadisəsi törətdiyini izah etmişdir. Həmin vaxt avtomobildə sürücü tərəfindən nəqliyyat vasitəsinin ban şüşəsində qanunla tətbiqinə icazə verilməyən örtükdən istifadə etdiyi aşkar edilmişdir. Onun tərəfindən sürücüyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın 3.2.1-ci bəndinə əsasən minik avtomobillərində nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına yol verildiyi izah edilmişdir. X7 törətmiş olduğu xətanı başa düşdüyünü və təkrar belə bir xəta törətməyəcəyini bildirərək, ondan protokol tərtib etməməsini xahiş etsə də, o, sonuncunun xahişlərini nəzərə almadan qanunun tələblərinə əsasən onun barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və qeyd olunan xüsusatlar Yol- Patrul xidməti avtomobilində quraşdırılmış xüsusi texniki vasitə ilə audio və video qeydiyyatına alınmışdır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədtiyinə görə, barəsində 150 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 75.0.1, 75.0.2 və 75.0.3- cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə - “Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı”nın Vİİ hissəsinin 3-cü bəndinə əsasən sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydanı pozmaqla örtüklər (pərdə, jalüz və ya plyonka) çəkildikdə, bu, nəqliyyat vasitələrinin nasazlığı, ona dair texniki tələblərin pozulması hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın: 2-ci bəndinə əsasən əsas anlayışlar aşağıdakılardır: 2.1. Bu Qaydanın məqsədləri üçün istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. nəqliyyat vasitələri minik və yük avtomobilləri, həmçinin avtobuslar, mikroavtobuslar, trolleybuslar və tramvaylar; 2.1.2. örtük - jalüz, pərdə və ya plyonka; 2.1.3. jalüz - öz oxu ətrafında hərəkət edən şaquli və ya üfüqi lövhələrdən ibarət olan və yaxud xüsusi mexanizmin köməyi ilə açılıbbağlanan aksesuar; 2.1.4. pərdə - perimetr boyu plastik və ya metal elementə bərkidilmiş parça materiallı aksesuardır. Pərdə yuxarıdan, yuxarıdan və aşağıdan və ya yan tərəflərdən bərkidilməklə açılıb-bağlanan da ola bilər; 2.1.5. plyonka - işıqburaxma qabiliyyətinə malik, daxildən görüntünü təmin edən və bir tərəfi şüşəyə çəkilməsi üçün xüsusi yapışqan səthə malik materialdır. 3.2-ci bəndinə əsasən nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir: 3.2.1. minik avtomobillərində - plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına; 3.2.2. yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda - plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına. 4-cü bəndinə əsasən nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasının pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. İXM-in 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görəyüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X7 “VAZ 21063” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Goranboy şəhəri, H. Əliyev prospektində 08 yanvar 2024-cü il tarixdə saat 19:50-də hərəkətdə olarkən onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın tələblərini pozaraq nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtük çəkməsi müəyyən edilmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qərardan şikayət vermiş X3 şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur, belə ki, yuxarıda istinad olunan Qaydaya görə, minik avtomobillərində sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə pərdə çəkilməsinə deyil, plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına icazə verilmişdir. Belə olan halda da, X3 minik avtomobilinin arxa şüşəsinə pərdə çəkməsi, onun inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsini əsaslı etmiş, qanuni olmuşdur. İXM-in: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati xəta haqqında iş üzrə icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, yəni X3 İXM-in 342.2.4-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə sözügedən qərarın ləğv olunması üçün həmin Məcəllənin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-in 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Goranboy Rayon Polis X13 X12-Patrul Xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar