Məhkəmə qərarları › İş №3(045)-466/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-466/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-466/2024 20.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Goranboy rayonu, Ballıqaya kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Goranboy rayonu, Aşağı Ballıqaya kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 20 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Goranboy rayon Məhkəməsinə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Goranboy RPŞ-nin qarşısında heç bir səbəb olmadan uca səslə nalayiq sözlər işlətmiş, bununla da İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmənin icraatına həmin tarixdə Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş 20 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Goranboy RPŞ-nin qarşısında ucadan səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Goranboy RPŞ-nin PPXB-nin polis nəfəriləri, polis serjantı Malik Rəhimov və Mahir Məmmədov RPŞ-nın buraxılış məntəqəsində xidmətdə olarkən sonradan adını bildikləri Goranboy rayonunun Aşağı Ballıqaya kəndində yaşayan Şəxs RPŞ-nə yaxınlaşaraq içəri daxil olmasını bildirmişdir. Bu zaman polis əməkdaşları səbrli olmasını içəri ilə əlaqə saxlamaq lazım olduğunu bildirmişlər. Lakin, Şəxs heç bir səbəb olmadan inzibati binanın qarşısında uca səslə nalayiq sözlər işlətmiş, onlar dəfələrlə sonuncunu nizam-intizama dəvət etsələr də, o öz qərəzli hərəkətlərini davam etdirərək polis əməkdaşlarına tabesizlik göstərmiş və şöbənin iş fəaliyyətini kobud şəkildə pozmuşdur. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Odur ki, Nizami Məmmədov barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə arvadı ilə arasında baş vermiş münaqişə ilə bağlı sonuncu onun barəsində Goranboy RPŞ-yə şikayət etmiş və o şöbəyə dəvət edilmişdir. Həmin gün yəni, xx.xx.2024-cü il tarixdə, təxminən saat 17 radələrində şöbənin buraxılış məntəqəsinə yaxınlaşaraq şöbəyə dəvət edildiyini bildirmişdir. Həmin vaxt o, polis əməkdaşının köməyi ilə şöbənin inzibati binasında olan təhqiqatçının 317 nömrəli otağına daxil olmuşdur. Bundan sonra təhqiqatçının göstərişi ilə özünü təqdim etmiş və şəxsiyyətini təsdiq edən sənədi ona təqdim etmişdir. Təhqiqatçı onun izahatını almış və sonra inzibati qaydada tutularaq müvvəqəti saxlama yerinə aparılmışdır. Qeyd edilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin PPXB-nin polis serjantları Mahir Məmmədov və Malik Rəhimov tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Malik Rəhimov ilə birlikdə RPŞ-nın buraxılış məntəqəsində xidmətdə olarkən sonradan adını bildiyi Goranboy rayonunun Aşağı Ballıqaya kəndində yaşayan Şəxs RPŞnə yaxınlaşaraq içəri daxil olmasını bildirmişdir. Bu zaman səbrli olmasını içəri ilə əlaqə saxlamaq lazım olduğunu bildirmişlər. Lakin, Şəxs heç bir səbəb olmadan inzibati binanın qarşısında uca səslə nalayiq sözlər işlətdi, onlar dəfələrlə Şəxs nizam-intizama dəvət etsələr də, o öz qərəzli hərəkətlərini davam etdirərək onlara tabesizlik göstərdi və iş fəaliyyətini kobud şəkildə pozmuşdur. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:25-də inzibati qaydada tutulmuşdur; İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilmişdir. İzah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, təqdim edilən sənədlərdən, həmçinin məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından Şəxs tərəfindən ictimai qaydanın pozulmasına yönələn hərəkətlər edilməsi öz təsdiqini tapmır. Belə ki, ictimai qaydanı pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. 19 iyun 2024-cü il tarixdə Goranboy RPŞ-nin inzibati binasının qarşısında Şəxs hərəkətləri nəticəsində aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi müəyyən edilməmişdir. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən xırda xuliqanlıq edilməsi göstərilsə də, bu pozuntunun konkret olaraq hansı hərəkətlərdə ifadə olunması və onun hərəkətlərinin ictimai qaydanın pozulmasına yönəlməsinin özünü nədə göstərməsi aydın deyil. Həmçinin, inzibati xəta haqqında protokolda Şəxs xırda xuliqanlıq etməsi göstərilsə də, məhkəmə iclasında belə bir hal öz təsdiqini tapmamışdır. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmədiyindən və məhkəməyə Şəxs oğıu tərəfindən hadisə vaxtı ictimai qaydanı pozan hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında Şəxs İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz (İXM-in 8-ci maddəsi). Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, hadisə vaxtı Şəxs ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi sübuta yetirilmir. Odur ki, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 19 iyun 2024-cü il tarixli protokolun İXM-in 510-cu maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraatına xitam verilməlidir. Məhkəmə MN seriyalı ******* nömrəli, 19 iyun 2024-cü il tarixli inizbati xəta haqqında protokolun İXM-in 535.1-ci maddəsi hissəsinə dair qeyd edir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs 19 iyun 2024-cü il tarixdə saat 17 radələrində Goranboy RPŞ-nin inzibati binasının qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmaması məhkəmə iclasında sübuta yetirilmir. Məhkəmə ilk növbədə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 polisin qanuni tələblərinə qəsdən tabe olmamağını yalnız Goranboy RPŞ-nin inzibati binasının qarşısında yüksək səslə narazılığını bildirməsi kimi qiymətləndirmişlər. Bütün bu hallar isə Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətlərinin olmasını istisna edir. Beləliklə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək məhkəmə belə bir nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə polisin göstərişinə baxmayaraq, inzibati qaydada tutulmasına yüksək səslə öz narazılığını bildirməsi İXM-in 535.1-ci maddəsinin tərkibini yaradan polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, hadisə vaxtı Şəxs polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, onun tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirilmir. Odur ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 19 iyun 2024-cü il tarixli protokolun İXM-in 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraatına xitam verilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində başlanmış İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 19 iyun 2024-cü il tarixli və MN seriyalı ******* nömrəli, 19 iyun 2024-cü inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işin icraatına xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar