Məhkəmə qərarları › İş №3(045)-470/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-470/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-470/2024 18.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X13 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1977-ci ildə doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, işləməyən, Goranboy rayonu Faxralı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Goranboy rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Goranboy rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Goranboy rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı Ehtiram Qurbanovun şöbə rəhbərliyinə ünvanladığı raportda göstərilir ki, icraatına xx.xx.2024-cü il tarixdə Goranboy rayon Faxralı kənd sakinləri X8, X9, Şəxs və X7 Goranboy rayon Faxralı kəndində X3 işlətdiyi çayxanada qumar oynamaları barədə Goranboy RPŞ-nin PPXB-nin bölük komnadirinin müavini polis baş leytenantı X2 rayon Polis Şöbəsinin rəhbərliyinə raportla etmiş olduğu müraciəti əsasında HK-1-1089 nömrəli material daxil olmuşdur. Aparılmış təhqiqat zamanı vət. X8, X9, Şəxs və Əhmədov Akif llyaz oğlu və X3 əməllərində cinayət tərkibi olmadığı üçün onlar barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2, 86, 207 və 213-cü maddələrinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Lakin, vət. X8, X9, Şəxs və X11 xx.xx.2024-cü il tarixdə saat 22:35 radələrində Goranboy rayon Faxralı kəndində X3 işlətdiyi çayxanada uduşu pulnan nəticələnən domino oyunu oynayaraq qumar oynadıqları üçün onların əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tərkib hissələri olduğundan qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə verilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 07 iyun 2024-cü il tarixli qərardan görünür ki, Goranboy rayon polis şöbəsinin PPXB-nün komandir müavini, polis baş leytenantı Məhəmməd Hüseynovun raportu əsasında toplanmış, törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 1089 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmiş, X11, X1, X8 və X9 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi məqsədilə qərarın surəti RPŞ-nin İTB-yə verilməsi, maddi sübut kimi götürülən 28 ədəd domino daşı və 16 ( bir ədəd 5 manatlıq və on bir ədəd 1 manatlıq) pul əskinası saxlanması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. İnzibati xəta haqqında MN ******* seriya nömrəli xx.xx.2024-cü il tarixli protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Fəxralı kəndində yerləşən çayxanada uduşu pulla nəticələnən dominoyla qumar oyunu oynamışdır. Goranboy Rayon Məhkəməsinin 3(045)-469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən 16 (bir ədəd 5 manatlıq və on bir ədəd 1 manatlıq) manat qumara qoyulmuş pul əskinası müsadirə edilmişdir. Məhkəmə baxışında izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşı vətəndaşıdır. xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Goranboy rayon Faxralı kəndində X4 işlətdiyi çayxananın qarşısında həmkəndliləri X9 və X12 ilə dayanıb söhbət edərkən “beş daş” deyilən oyun oynamağı və yığılan pulla bir yerdə yemək yeməyi təklif etmişdir. Lakin o pul müqabilində yox, baş qatmaq üçün, yəni uduşları saymağı qəbul etmişdir. Aralarında onun bu mövqeyindən sonra domino oynamağa başlamışlar. Onlar təxminən 15 dəqiqə domino oynadıqdan sonra X10 içəri daxil olaraq onlarla domino oynamağa başlamışdır. Təxminən saat 22 radələrində Goranboy rayon Polis Şöbəsinin əməkdaşları içəri daxil olaraq onları Goranboy rayon Polis Şöbəsinə gətirmişlər, həmin vaxt stolun üstündə 16 manat pul olmuş, lakin ona aid stolun üzərində pul olmamışdır. Belə ki, yoldaşları pul qoyaraq uduş üçün domino oynasalar da o pul qoymamış, daşların sayılmasına nəzarət etmişdir. Barəsində tərtib olunan protokolla razı deyildir. Belə ki, o, qumar oynamamış, sadəcə baş qatmaq üçün onlara qoşulmuşdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, polis şöbəsində araşdırma zamanı ona bildirmişlər ki, təhlükəli bir şey yoxdur və onun üçün izahat yazılmış, o da latın qrafikasını bilmədiyindən və inandığından imzalamışdır. Sonradan ona məlum olmuşdur ki, o qumar oynamadığı halda onu da yoldaşları kimi qumar oynayan şəxs kimi qet etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təşəbbüsü ilə dindirilən X11 izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Goranboy rayon Faxralı kəndində X4 işlətdiyi çayxananın qarşısında həmkəndliləri X9 və Şəxs ilə dayanıb söhbət edən vaxt, Musa Musayev onlara hər oyun üçün 1 manat pul müqabilində dominoda “beş daş” deyilən oyun oynamağı və yığılan pulla ertəsi günü bir yerdə yemək yeməyi təklif etmişdir. Bu təkliflə o razılıq versə də Şəxs baş qatmaq üçün oynaya biləcəyini bildirmişdir. Ona görə də X9 ilə pul müqabilində domino oynamış və bir qədər sonra həmkəndliləri X10 da həmin yerə gələrək onlarla pul müqabilində domino oynamışdır. Şəxs daşların sayılması ilə məşğul olmuş, o uduş üçün pul qoymamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təşəbbüsü ilə dindirilən X10 izahatında göstərdi ki, X9, Şəxs və Əhmədov Akif llyaz oğlu onun həmkəndliləridir. xx.xx.2024-cü il tarixdə o, Musa ilə söhbətləşərək kəndlərində yerləşən Mehdi Səmədovun işlətdiyi çayxanaya getmək qərarına gəlmiş, bundan sonra Akif onlarla eyni masada pul müqabilində domino oynamağa başlamışdır. Həmin oyunda Taryel onlarla birlikdə otirsa da pul müqabilində oynamamış, daşların sayılmasına baxmış, vərəqdə daşları qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs qeyd olunan hərəkətlər nəticəsində törətdiyi iddia edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə qanunverici "Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə” olan hərəkətləri özündə etiva etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyasında, oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə nəzərdə tutulur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati xəta haqqında protokol onun təqsirli bilinməsi əsası ilə qəbul edilmişdir. Belə ki, həmin inzibati xəta Şəxs inzibati xətanın aşkar olunduğu yerdə olsa da iş materiallarına əlavə edilmiş sənədlərdə hadisəsinin məhz Şəxs tərəfindən də törədilməsini müəyyən etmək qeyri-mümkündür. Bu halda isə inzibati orqanın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi qənaətinə gəlməsi yalnız mülahizəyə əsaslanmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarına əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Sadalananlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 3(045)- 469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən 16 (bir ədəd 5 manatlıq və on bir ədəd 1 manatlıq) manat qumara qoyulmuş pul əskinasının müsadirə edilməsi nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə başlanmış iş üzrə icraata xitam verilsin. Goranboy Rayon Məhkəməsinin 3(045)-469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən 16 (bir ədəd 5 manatlıq və on bir ədəd 1 manatlıq) manat qumara qoyulmuş pul əskinasının müsadirə edilməsi nəzərə alınsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar