Məhkəmə qərarları › İş №3(045)-473/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-473/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-473/2024 18.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Yol-Patrul Xidməti Alayının 8-ci tağımından daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Yol-Patrul Xidməti Alayının 8-ci tağımından daxil olmuş “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat idarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru X1 25 aprel 2024-cü il tarixli qərarından və 12 iyun 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20:20 radələrində Bakı-Qazax- Gürcüstan yolunun Goranboy rayonu Borsunlu qəsəbəsindən keçən 329-cu kilometrliyində X6 idarə etdiyi Mercedes Benz E220 markalı **-EC-*** dövlət qeydiyat nişanlı avtomobillə Gəncə şəhərində hərəkətdə olarakən Şəxs idarə etdiyi Ford Transit markalı **-EC-*** dövlət qeydiyat nişanlı avtomobillə arxadan toquşmuş, nəticədə İslam Tağıyev xəsarət alaraq Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya müraciət etmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Baş X12 İdarəsinin Yol-Patrul Xidməti Alayının 8-ci tağım yol patrul xidməti inspektoru polis serjantı X5 izahatında göstərdi ki, “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat idarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru X1 25 aprel 2024-cü il tarixli qərarı əsasında onun tərəfindən Şəxs barəsində 12 iyun 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 20:20 radələrində idarə etdiyi Ford Transit markalı 20- EC-716 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan yolunun Goranboy rayonu Borsunlu qəsəbəsindən keçən hissəsində X4 tələblərini pozaraq, yəni o, arxaya doğru hərəkət etməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyinin təmin edəcəyinə əməl olmalı olduğu halda bunu etməyərək avtomobilini arxaya hərəkət etdirərək Bakı şəhəri istiqamətindən sol zolaqda hərəkətdə olan X2 idarə etdiyi Mercedes Benz E220 markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ kənarından ortaya doğru məsafədə toqquşmuş, nəticədə İslam Tağıyevin sağlamlığına yüngül zərər vuran xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Törətdiyi əməldən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat idarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polismayoru X1 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri mövcud olduğuna görə barəsində həmin maddə ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti BDYPİ-nin YPX Alayına göndərilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Gəncə RQİ və TBŞ-nin 3-13-16-3/2- 2869/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Şəxs AE 118406 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2016-ci il tarixdən xx.xx.2026-ci il tarixədək verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 26 mart 2024-cü il tarixli, 263 nömrəli rəyindən görünür ki, vətəndaş X2 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət –burun sümüyünün küt travması, qançırı, burun sümüyünün yerini dəyişməyən sınığı, sol böyrəkdə yayılmış hemotoma əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinə qərarının təsviri hisəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2024cü il tarixinə gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs oğlu tərəfindən törədilməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyləri, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri aşağı həddə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar