Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-474/2024 18.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi Vəliyev Rövşən Rafail oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş 13 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə məcburi auditi aparılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, Şəxs MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq hər il üzrə müvafiq auditor rəyi alınmışdır. Lakin Vöen nömrəsində bir rəqəm səhvliyə yol verildiyindən barələrində müvafiq protokol tərtib edilmişdir. Qeyd olunan sənədləri məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(045)-474/2024 nömrəli bildirişinə əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan və ona əlavə edilmiş rəydən görünür ki, Şəxs MMC-nin 2022-ci il üzrı maliyyə hesabatlarına 29 avqust 2023-cü il tarixində auditor rəyi (Müstəqil auditorun hesabatını) verilmiş və həmin rəy Maliyyə Nazirliyinə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin dispozisiyasından və sadalanan qanunvericilik aktlarından aydın olduğu kimi, məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il məcburi olaraq müstəqil auditor cəlb etməlidir (kənar audit). Bu tələbin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasına, yəni inzibati məsuliyyətə səbəb olur. Lakin iş materiallarında olan Şəxs MMC-nin auditor rəyindən görünür ki, Şəxs MMC 2022-ci il üzrə maliyyə hesabatlarına dair müvafiq rəy almışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubundan görünür ki, Şəxs MMC-nin 2022-ci il üzrı maliyyə hesabatlarına 29 avqust 2023-cü il tarixində auditor rəyi (Müstəqil auditorun hesabatını) verilmiş və həmin rəy Maliyyə Nazirliyinə təqdim edilmişdir. Bu isə öz növbəsində Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tərkibinin olmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli 13 iyun 2024cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş 13 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İXM-in 129cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-474/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-474/2024
18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver