Məhkəmə qərarları › İş №3(045)-5/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-5/2024

25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-5/2024 25.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Goranboy rayonunun Boluslu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi Şəxs barəsində İXM-in 428.7.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli, 18 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Məmmədov X2 rayonu, Goran qəsəbəsi, Bakı-Qazax avtomobil yolunda 18 dekabr 2023-cü il tarixdə saat 15:50-də açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində yerləşən “Telefon aksesuarları” mağazasının sahibkarıdır. Onun barəsində İXM-in 428.7.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, o, reklam yerləşdirmək üçün müqavilə bağlamış və ödəniş etmişdir. Sonuncu dəfə 2023-cü ilin dekabr ayında Reklam Agentliyinin nümayəndələri onun mağazasına gələrək reklam müqaviləsinə əsasən onun borcu olduğu bildirmiş, o da borcunun olduğunu bildiyini və 1 ay müddətində ödəyəcəyini demiş, bundan sonra isə Reklam Agentliyinin nümayəndələri getmişlər. Barəsində protokol tərtib olunan günədək ona Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən hər hansı yazılı göstəriş və ya bildiriş təqdim edilməmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən ona hər hansı yazılı göstəriş rəsmi qaydada verilməmişdir. Belə ki, onun tərəfindən reklam yerləşdirilməsi üçün ödənişin olunması tələb olunan kimi o, bütün ödənişləri etmişdir. Buna dair müvafiq qəbzləri də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X4 izahatında göstərdi ki, Şəxs tərəfindən açıq məkanda reklam yerləşdirilməsi qaydaları pozulmuşdur. Yəni, Şəxs tərəfindən ona məxsus “Telefon aksesuarları” obyekti üzərində reklam yerləşdirilmişdir. Bununla bağlı Şəxs Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən yazılı göstəriş göndərilmişdir. Lakin, buna baxmayaraq Şəxs tərəfindən həmin yazılı göstərişə riayət olunmamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, həqiqətən də Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə reklam yerləşdirilməsi üçün icazənin verilməsi ilə bağlı ödənişlər edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi haqqında çıxarışından görünür ki, Şəxs (VÖEN **********) vergi orqanında uçota alınmışdır; Fotoşəkillərdən görünür ki, Şəxs “Telefon Aksesuarları” mağazalarında açıq məkanda reklam yerləşdirmişdir; “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə” 2020-2022-ci illəri əhatə edən ərizələrdən görünür ki, Bakı-Qazax avtomobil yolunun, Goran qəsəbəsində yerləşən “Telefon aksesuarları” mağazalarının sahibkarı Şəxs tərəfindən açıq hava məkanında reklamın yerləşdirilməsi barədə icazənin verilməsi üçün müraciət edilmişdir; Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, 04 noyabr 2023-cü il tarixli icrası məcburi olan yazılı göstəriş 13 noyabr 2023-cü il tarixdə təyinatı üzrə deyil, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvəzinə Polad Məmmədova çatdırılmışdır; xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən 33.19 manat Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin hesabına ödənilmişdir; xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən 199.67 manat Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin hesabına ödənilmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın: 3.2-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir; 3.3-cü bəndinə reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıbqaldırılmadığını yoxlayır. İXM-in 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin tələbindən göründüyü kimi reklam yayıcısına təqdim edilmiş müvafiq qurumun yazılı göstərişinin vaxtında və tam yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə məhkəmə nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yazılı göstərişin rəsmi qaydada verilməsi öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən göründüyü kimi 04 noyabr 2023-cü il tarixli icrası məcburi olan yazılı göstəriş 13 noyabr 2023-cü il tarixdə təyinatı üzrə deyil, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvəzinə Polad Məmmədova çatdırılmışdır. Sözügedən hal isə Şəxs əməlində İXM-in 428.7.3-cü maddəsinin tərkib əlamətinin olmasını istisna edir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 428.7.3-cü maddəsinin tərkibi olmadığından onun barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin tərkibi olmadığından onun barəsində başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar