Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-500/2024 11.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, xx.xx.1980-ci il tarixdə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy rayonunun Qızılhacılı qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material 26 iyun 2024-cü il tarixdə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. 11 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini Şəxs yaşadığı fərdi yaşayış evində saxlanma qaydası pozularaq saxladığı heç bir sənədi olmayan bir ədəd İJ markalı, təklüləli, yivsiz, 20 çaplı, 38993 nömrəli ov tüfəngi aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Rəşad Əliyevin raportu əsasında toplanmış və törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 945 nömrə ilə qeydə alınaraq araşdırılmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan istifadə etdiyi mülki tüfəngin saxlanılması qaydalarını pozduğuna görə onun əməlində Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tərkibi olduğu üçün barəsində həmin maddə ilə tədbir görülməsindən ötrü qərarın surəti RPŞ-nin İTB-yə göndərilmiş, Şəxs yaşadığı fərdi yaşayış evindən qanunsuz olaraq saxladığı və mülki tüfəngin saxlanılması qaydalarını pozduğuna görə götürülmüş heç bir sənədi olmayan bir ədəd İJ markalı, təklüləli, yivsiz, 20 çaplı, 38993 nömrəli ov tüfəngi DİN-in Krimnalistik Tədqiqatlar İdarəsindən Goranboy RPŞ-yə qaytarılan zaman saxlanılması məqsədilə RPŞ-nin İTB-yə verilməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/1044 nömrəli ekspert rəyindən və ekspert rəyinə əlavə edilmiş fotocədvəldən görünür ki, Tədqiqata təqdim edilmiş 01 ədəd 38993 №-li silah keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1934-cü ildə istehsal olunmuş, 20 kalibrli İJ-5 modelli, çaxmaqlı, tək hamar lüləli ov tüfəngidir, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan kustar üsulu ilə təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən xidməti və mülki silahın dövriyyəsi bu Qanuna müvafiq olaraq həyata keçirilir. Xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır; “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin İİ hissəsinə əsasən mülki silahı əldə etmək istəyən vətəndaş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (bu halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) ərizə ilə müraciət etməlidir; “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin İV hissəsinə əsasən odlu silahın və döyüş sursatının Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan başqa şəxslərə verilməsi qadağandır; “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın 3-cü bəndinə əsasən xidməti və mülki silahın və onun döyüş sursatının saxlanılması qanunvericiliklə müəyyən edilmiş qaydada verilən mülki silahın əldə edilməsi üçün verilən xüsusi icazə və odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə əsasında əsasında həyata keçirilir (vətəndaşlar üçün). “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarının: 1-ci bəndinə əsasən təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yüvsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir; 6-cı bəndinə əsasən mülki dövriyyədən çıxarılmayan yivsiz lüləli ov tüfənginin qanunsuz hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrinin tərkibini yaratmır. Lakin qadağan edilmiş, uzunluğu 800 mm-dən az olan, habelə konstruksiyası onu qatlamaq, sökmək və ya yığmaq imkanı verən və bu zaman atəş imkanının aradan qaldırmayan odlu ov silahının qanunsuz dövriyyəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tərkibini yaradır. Bununla belə ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xüsusi icazə almadan odlu yivsiz, hissə-mexanizmləri üzərində kustar üsulla sonradan heç bir əlavə və dəyişiklik edilməmiş mülki silahın əldə edilməsi, saxlanılması, daşınması qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, inzibati xətanın xarakterini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində silah (Goranboy RPŞ-də saxlanılan 01 ədəd 38993 №-li silah keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1934-cü ildə istehsal olunmuş, 20 kalibrli İJ-5 modelli, çaxmaqlı, tək hamar lüləli ov tüfəngi) müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Goranboy RPŞ-də saxlanılan 01 ədəd 38993 №-li silah keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1934-cü ildə istehsal olunmuş, 20 kalibrli İJ-5 modelli, çaxmaqlı, tək hamar lüləli ov tüfəngi müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-500/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-500/2024
11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver