Məhkəmə qərarları › İş №3(045)-51/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-51/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-51/2023 26.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi, Behbudzadə Rauf Elman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1979-cu il tarixdə Goranboy rayonunun Azad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonunun Azad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Goranboy rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 590.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsindən Şəxs İXM-in 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material 13 yanvar 2023-cü il tarixdə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. 09 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat yaşadığı Goranboy rayonu Azad kəndində ov silahının saxlanması qaydasını pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 590.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, “İJ” markalı, 16 çaplı, Г 54970 nömrəli tək lülə ov silahı xx.xx.2010-cu il tarixdən ona məxsusdur. xx.xx.2023-cü il tarixində polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş və ondan mülki ov silahının saxlanması üçün dəmir seyfin olub-olmamasını soruşmuşlar. O, polis əməkdaşlarına dəmir seyfinin olmadığını bildirmişdır. Əməlindən peşimandır, barəsində yüngül tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi Vahid Əhmədovun 09 yanvar 2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə Goranboy rayonu Azad kənd sakini Şəxs istifadəsində olan 16 çaplı, Г 54970 nömrəli, “İJ” markalı tək lülə ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi və saxlanılması tərəfindən yoxlanılmışdır. Yoxlama zamanı Şəxs istifadəsində olan 16 çaplı, Г 54970 nömrəli, “İJ” markalı tək lülə ov silahının dəmir seyfdə saxlanmalı olduğu halda döyüşə hazır vəziyyətdə yaşadığı evin otağında taxta şkafda saxlandığı aşkar olunmuşdur. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli şahadətnamənin surətindən görünür ki, “İJ” markalı, 16 çaplı, Г 54970 nömrəli tək lülə ov silahı saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Şəxs verilmişdir; Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi Nahib Məsimov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tairxli aktdan görünür ki, Şəxs adına qeydiyyatda olan “İJ” markalı, 16 çaplı, Г 54970 nömrəli tək lülə ov silahı barəsində İXM-in 590.1-ci maddəsilə tərtib edilmiş inzibati protokola Goranboy Rayon Məhkəməsində baxılıb müvafiq qərar qəbul edilənədək nasaz vəziyyətdə tərəfindən təhvil alınmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsinin 3- 13-75/2-1893/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Goranboy rayonu, Azad kənd sakini Şəxs götürülmüş və onun adına Goranboy RPŞ-də qeydiyyatda olan “İJ” markalı, 16 çaplı, Г 54970 nömrəli tək lülə ov silahı hal-hazırda Goranboy RPŞdə maddi sübutlar otağında dəmir seyfdə saxlanılır. Hüquqi əsaslandırma: “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinin X hissəsinə əsasən vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi ona həmin silah üçün döyüş sursatı əldə etməyə, saxlamağa və təyinatı üzrə istifadə etməyə hüquq verir; 15-ci maddəsinə əsasən silah onun mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onun ələ keçirilməsini istisna edən şəraitdə saxlanılmalıdır. Odlu silahın və döyüş sursatının Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) xüsusi icazəsi olmadan başqa şəxslərə verilməsi qadağandır; 21-ci maddəsinə əsasən silahın və ya döyüş sursatının başqa şəxsin ələ keçirməsini və yaxud onlardan istifadə etməsini istisna edən şəraitdə saxlanılmasını təmin etmək mülki silah sahibinin vəzifəsidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın: 3.2-ci bəndinə əsasən vətəndaşlar silahları və onların döyüş sursatlarını onların mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçirilməsini istisna edən şəraitdə saxlamalıdır. Odlu silahın və onun döyüş sursatının DİN-in xüsusi icazəsi olmadan başqa şəxslərə verilməsi qadağandır; 3.3-cü bəndinə əsasən saxlanılan silahların və ya onun döyüş sursatlarının itirildiyi, oğurlandığı və ya başqa səbəblərdən qanuni istifadədən və ya mülkiyyətdən çıxdığı hallarda həmin silah və onun döyüş sursatlarının sahibləri bu barədə dərhal daxili işlər orqanlarına məlumat verməlidirlər; 3.13-cü bəndinə əsasən vətəndaşlar əldə etdikləri mülki silahı və onun döyüş sursatını özlərinin yaşayış yerlərində həmin silah və sursatın mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçməsini istisna edən, etibarlı şəkildə bağlı olan yerlərdə saxlamalıdırlar; 4.4-cü bəndinə əsasən vətəndaşlar özləri ilə onlara məxsus olan özünümüdafiə silahını hər zaman, odlu ov və idman silahını isə müvafiq olaraq ovla məşğul olduqları zaman və ya idman yarışlarının, yaxud təlim-atəş məşqlərinin keçirilməsi zamanı gəzdirə bilərlər. İXM-in 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs sahibliyinə və istifadəsinə verilmiş silahın saxlanılması və daşınması qaydalarını pozmuşdur. Belə ki, Şəxs ovla məşğul olmadığı halda (buna müvafiq icazə olmadığından) xüsusi mühafizə olunan təbiət ərazisində - dövlət təbiət yasaqlığının ərazisində mülki silahın saxlanılması və daşınması qaydalarını pozmuşdur. Nəzərə alınmalıdır ki, İXM-in 590.1-ci maddəsinin sanksiyasında həmçinin, silah və döyüş sursatının müsadirə edilməsi və ya edilməməsi nəzərdə tutulmuşdur. Şəxs məxsus silahın müsadirə edilib-edilməməsi məsələsinə məhkəmə münasibət bildirərkən qeyd etməyi zəruri hesab edir ki, onun tərəfindən törədilmiş inzibati xəta öz ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. Yəni, Şəxs tərəfindən ona məxsus silahın saxlanılma qaydalarının pozulması daha ağır nəticələrə səbəb ola bilərdi. Həmçinin, ona tətbiq ediləcək tənbeh tədbiri həm də inzibati xəta törətmiş şəxs tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşımalıdır (İXM-in 21-ci maddəsi). Bundan başqa məhkəmə, inzibati xəta törədən şəxs Şəxs şəxsiyyətini də nəzərə alır. Eyni zamanda nəzərə alınmalıdır ki, qanunvericilik də odlu silahın və ya döyüş sursatının saxlanılması qaydalarının pozulmasına görə inzibati tənbeh tədbiri tətbiq edilmiş vətəndaş tərəfindən silahın əldə edilməsini qadağan etmişdir (“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İV hissəsinin 4-cü bəndi) Bütün göstərilən xüsusatları nəzərə alaraq məhkəmə qeyd edir ki, Şəxs məxsus silah müsadirə edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, həmçinin Şəxs məxsus olan, Goranboy RPŞ-nin maddi sübutlar otağında dəmir seyfdə saxlanılan “İJ” markalı, 16 çaplı, Г 54970 nömrəli tək lülə ov silahı müsadirə edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 70 (yetmiş) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məxsus olan, Goranboy RPŞ-nin maddi sübutlar otağında dəmir seyfdə saxlanılan “İJ” markalı, 16 çaplı, Г 54970 nömrəli tək lülə ov silahı müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar