Məhkəmə qərarları › İş №3(045)-523/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-523/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-523/2025 17.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Kəlbəcər rayonu Keşdək kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Kəlbəcər rayonu Keşdək kəndində qeydiyyatda olan və Goranboy rayonu Qaraçinar kəndində yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* №-li, 15 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, ona məxsus VAZ 21011 markalı, **-BO- *** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı idarə edərkən sürücülük vəsiqəsi olmadığı üçün YPX əməkdaşları maşını saxlayıb Goranboy RPŞ-yə aparımışlar, o da Goranboy RPŞ-nin əməkdaşı Qurban Qurbanovla mobil telefonla danışaraq onun maşınını niyə saxlayıb duracağa aparmaları ilə bağlı irad bidirmiş, Qurban Qurbanov da qardaşı ilə yanaşı ona da cərimə yazılacağını bildirdiyi zaman o, Qurban Qurbanova qarşı nalayiq ifadələr işlətmiş, sonra Goranboy RPŞ-yə gəlmiş, orada da Qurban Qurbanovla aralarında mübahisə olmuşdur. Hazırda etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 bildirmişdir ki, Goranboy RPŞ-nin DYPB-nin operatoru, polis serjantı X3 RPŞ-nin rəhbərliyə ünvanladığı raport əsasında tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nin operatoru, polis serjantı X4 bildirdi ki, xx.xx.2025-ci ildə onun mobil telefonuna Azər adlı şəxs zəng edərək, özünə məxsus VAZ 21011 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı idarə edərkən sürücülük vəsiqəsi olmadığı üçün YPX əməkdaşları maşını saxlayıb Goranboy RPŞ-yə apardıqlarını bildirmişdir. Onun maşınını niyə saxlayıb duracağa aparmaqları ilə bağlı narazı olduğunu demişdir. O isə Azərə və onun qardaşına cərimə yazılacağını bildirdiyi zaman Azər adlı şəxs ona qarşı nalayiq ifadələr işlətmiş, sonra Goranboy RPŞ-yə gəlmiş, orada da aralarında mübahisə olmuş, o, Azəri nizamintizama dəvət etsə də, Azər ona məhəl qoymayaraq yenə də söyüş söyməyə davam etmişdir. Bundan sonra Şəxs saxlayaraq barəsində qanuni tədbir görülməsi üçün Goranboy RPŞ-yə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, xx.xx.2025-ci il tarixdə RPŞ-nin DYP bölməsinə gəlmişdir ki, cərimələri barədə məlumat alsın. Orada sonradan adının Azər olduğunu bildiyi tanımadığı bir şəxsin polis əməkdaşına qarşı nalayiq ifadələr işlətdiyini eşitmişdir. Polislər həmin şəxsi nizam-intizama dəvət etsələr də, o, buna məhəl qoymamışdır. Bundan sonra polis əməkdaşları həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün Goranboy RPŞ-yə gətirib növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan Goranboy RPŞ-nin DYPB-nin operatoru, polis serjantı Qurban Qurbanov tərəfindən rəhbərliyə ünvanlanmış 15 mart 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci ildə onun mobil telefonuna Azər adlı şəxs ona zəng edərək, özünə məxsus VAZ 21011 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı idarə edərkən sürücülük vəsiqəsi olmadığı üçün YPX əməkdaşları maşını saxlayıb Goranboy RPŞ-yə apardıqlarını bildirmişdir. Onun maşınını niyə saxlayıb duracağa aparmaqları ilə bağlı narazı olduğunu demiş, o da Azərə cərimə yazılacağını bildirdiyi zaman Azər adlı şəxs ona qarşı nalayiq ifadələr işlətmiş, sonra RPŞ-yə gəlmiş, orada da aralarında mübahisə olmuşdur, Azər vətəndaşların yanında nizam-intizama dəvət edilsə də, o, buna məhəl qoymayaraq söyüş söyməyə davam etmişdir. Bundan sonra Şəxs barəsində qanuni tədbir görülməsi üçün Goranboy RPŞ-yə gətirilib növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 15 mart 2025ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Goranboy RPŞ-nin inzibati binasında və binanın ətrafında ictimai qaydanı pozmaqla yanaşı, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 mart 2025-ci il tarixdə, saat 17:05-də inzibati qaydada tutulmuşdur; Məhkəmə MN seriyalı, ******* №-li, 15 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində iş üzrə icraat aparılan Şəxs izahatını, şahid ifadələrini dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclası zamanı tam sübuta yetirilmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayış üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alınır. Məhkəmə, Şəxs etdiyi əməli etiraf edib peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən onun inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində İXM-in 33-cü maddəsinə əsasən onun inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünun tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Habelə Şəxs məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati həbs tənbeh növü aşağı həddə tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və barəsində həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 15 mart 2025-ci il tarixdən saat 17:05-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar