Məhkəmə qərarları › İş №3(045)-524/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-524/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-524/2024 08.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1963-cü il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN seriyalı, ******* saylı, 07 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, ünvan 3 ünvanında müvəqqəti yaşayır. Goranboy rayonunun Göybulaq adlanan ərazisində qardaşına məxsus “Qarabağ” adlı restoran vardır. Həmin restoran onun istifadəsindədir. Belə ki, 06 iyul 2024-cü il tarixdə restoranda olan zaman oraya biri mülki və ikisi polis geyimli üç nəfər şəxs gəlmişlər. O, gələn şəxslərə hansı məqsədlə gəldiyini soruşmuş və həmin şəxslər polis əməkdaşları olduğunu, mülki geyimli şəxsin isə bölmə rəisi Natiq Paşayev olduğunu, tanış olmaq üçün gəldiklərini bildirmişlər. O, polis əməkdaşlarına yer göstərmiş və işçilərə həmin yerə çay gətirmələrini demişdir. Polis əməkdaşları ona “niyə gəlib bizlə tanış olmursan” demişlər. O isə cavabında tanış olma səbəbi olmadığı üçün gəlmədiyini qeyd etmişdir. O, daha sonra bölmə rəisi Natiq müəllimlə söhbət edən zaman adını sonradan bildiyi polis serjantı Nuru onların danışığına mane olduğu üçün sonuncuya stoldan dur demişdir. O bu sözü dedikdən sonra hər üç polis əməkdaşı ona zor tətbiq etmiş və qolunu buraraq polis avtomobilinə mindirmişlər. O, Goranboy RPŞ-yə gətirlərkən yolboyu, daha sonra isə polis şöbəsində bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüşlər. O nə polis şöbəsində, nə də restoranda söhbət zamanı polisin qanuni tələbinə qəsdən tabe olmamaq kimi hərəkətlərə yol vermişdir. Odur ki, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, o söhbət zamanı nə mətbəxə, nə də başqa yerə qaçmışdır. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində yerləşən “Qarabağ” adlı kafedə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı X7 bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə təxminən saat 22:30 radələrində Goranboy rayon Ağcakənd qəsəbəsində post yoldaşı PPXB-nin polis nəfəri, polis baş serjantı Süleyman Həsənovla xidmətdə olarkən oğurluq hadisələrinin qarşısının alınması məqsədilə ərazidə yerləşən “Qarabağ" kafesinin mühafizə olunma vəziyyətini öyrənmək üçün həmin kafeyə yaxınlaşmışlar. Orada adı onlara sonradan məlum olan Şəxs şəxsiyyətini müəyyən etmək üçün ona yaxınlaşıb sual verən zaman Şəxs onlarla qeyri-etik şəkildə danışmağa başlamışdır. Onlar Şəxs dəfələrlə hərəkətinə son qoymağa dəvət etsələr də, sonuncu öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs onları kafeyə stol arxasına dəvət etmişdir. Bu zaman bölmə rəsinə qarşı aqressiv cavab verərkən onu intizama dəvət etmiş, bu zaman Şəxs ona dur rədd ol burdan demişdir. Onu intizamlı olmağa dəvət etdikdə o tabe olmamış, səs-küy salmış, qəfil olaraq mətbəxə qaçmış, müdaxilə edilərək onun qarşısı alınmışdır. Dəfələrlə intizamlı olmağa dəvət etsələr də tabe olmadığından onun barəsində qanuni tədbir görülməsi üçün Şəxs gətirərək RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis baş serjantı X3 bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə təxminən saat 22:30 radələrində Goranboy rayon Ağcakənd qəsəbəsində post yoldaşı PPXB-nin polis nəfəri, polis baş serjantı Süleyman Həsənovla xidmətdə olarkən oğurluq hadisələrinin qarşısının alınması məqsədilə ərazidə yerləşən “Qarabağ" kafesinin mühafizə olunma vəziyyətini öyrənmək üçün həmin kafeyə yaxınlaşmışlar. Orada adı onlara sonradan məlum olan Şəxs şəxsiyyətini müəyyən etmək üçün ona yaxınlaşıb sual verən zaman Şəxs onlarla qeyri-etik şəkildə danışmağa başlamışdır. Onlar Şəxs dəfələrlə hərəkətinə son qoymağa dəvət etsələr də, sonuncu öz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. O polis əməkdaşlarına qarşı təhqiramiz ifadələr işlətmiş, Onu intizamlı olmağa dəvət etdikdə o tabe olmamış, səs-küy salmış, qəfil olaraq mətbəxə qaçmış, müdaxilə edilərək onun qarşısı alınmışdır. Onlar daha sonra barəsində qanuni tədbir görülməsi üçün Şəxs gətirərək RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. İş materiallarında olan Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı Nuru Əliyev və Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis baş serjantı Süleyman Həsənov tərəfindən rəhbərliyə ünvanlanmış 06 iyul 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 22:30 radələrində xidmətdə olarkən oğurluq hadisələrinin qarşısının alınması məqsədilə ərazidə yerləşən “Qarabağ" kafesinin mühafizə olunma vəziyyətini öyrənmək üçün həmin kafeyə yaxınlaşmışlar. Orada adı onlara sonradan məlum olan Şəxs şəxsiyyətini müəyyən etmək üçün ona yaxınlaşıb sual verən zaman Şəxs onlarla qeyri-etik şəkildə danışmağa başlamışdır. Onlar Şəxs dəfələrlə hərəkətinə son qoymağa dəvət etsələr də, sonuncu öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbimizə qəsdən tabe olmamışdır. Onlar daha sonra barəsində qanuni tədbir görülməsi üçün Şəxs gətirərək RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 07 iyul 2024cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində yerləşən “Qarabağ” adlı kafedə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan 07 iyul 2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 07 iyul 2024-cü il tarixdə, saat 01:25-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayış üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünun aşağı həddə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və o, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 07 iyul 2024-cü il tarixdən saat 01:25-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar