Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-535/2025 02.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Baş X7 İdarəsinə bilavasitə tabe olan YPX-nin Alayı yol-patrul xidməti inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx.xx.1987-ci ildə Göygöl rayonu Əzizbəyov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evil, Göygöl rayonu Hacıməlik kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.3 və 342.9-cu maddələri ilə Azərbaycan Respublikası DİN-in Baş X7 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-in Baş X7 İdarəsinin Yol-Patrul Xidməti Alayından Şəxs barəsində İXM-in 327.3 və 342.9-cu maddələri ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:22-də Bakı- Qazax yolunun 344-cü km/də “Volkswagen T6 Transporter” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin üzərindəki sayrışan işıq siqnallarından istifadə edilməsi hallarına yol vermişdir. Məhkəmə iclasında inzibati xətha haqqında protokolu tərtib etmiş Baş X7 İdarəsinə bilavasitə tabe olan YPX-nin Alayı yol-patrul xidməti inspektoru X3 izahatında göstərdi ki, sürücü Şəxs idarə etdiyi “Volkswagen T6 Transporter” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə, saat 17:22-də Bakı-Qazax yolunun 344-cü km/də hərəkətdə olan zaman həmin avtomobilə saxla işarəsi verilmiş, lakin sürücü saxla saxlamaq tələbinə məhəl qoymayaraq hərəkətinə davam etmişdir. Daha sonra həmin avtomobil xidmət etdiyi 723 saylı stasionar postda onun tərəfindən saxlanılmış və araşdırma nəticəsində "xxxx" ASC-yə məxsus avtomobilin üzərində olan sayrışan işıq siqnallarının müvafiq icra hakimiyyətinin icazəsi olmadan quraşdırıldığı müəyyən olunmuşdur. Buna görə də sürücü Şəxs barəsində İXM-in 327.3 və 342.9-cu maddələri ilə protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Yekunda məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 342.9-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, "xxxx" ASC-də xəzinədar vəzifəsində işləyir və idarə etdiyi “Volkswagen T6 Transporter” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-yə məxsusdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində nağd pul və qiymətli əşyaların təhlükəsiz daşınmasını təmin etmək məqsədilə "xxxx" ASC-nin Gəncə filialından Bakı-Qazax avtomobil yolunda hərəkətdə olan zaman YPX-nin inspektoru onun idarə etidiyi avtomobilə saxla işarəsi verilmiş, lakin onun idarə etdiyi avtomobildə qiymətli kağızlar olduğuna görə sayrışan işıq siqnallarından istifadə edərək avtomobili saxlamamış və yoluna davam etmişdir. Bundan təxminən 5 dəqiqə sonra Bakı-Qazax avtomobil yolunun 723 saylı stasionar postuna yaxınlaşan zaman YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanmasına səbəb isə idarə etdiyi avtomobilin üzərində quraşdırılmış sayrışan işıq siqnalının icazəsinin olmadığı bildirilmişdir. Qeyd edir ki, həmin avtomobil "xxxx" ASC-nin balansındadır və o, yol-vərəqəsi əsasında hərəkət etmişdir. Sözügedən avtomobil artıq 7 ilə yaxındır ki, onun tərəfindən bu qaydada idarə edilir və heç vaxt YPX-nin əməkdaşları tərəfindən avtomobilin üzərində quraşdırılmış sayrışan işıq cihazlarının qanunsuz olduğu bildirilməmişdir. Odur ki, məhkəmədən göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs Şəxs əməlində İXM-in 342.9-cu maddəsinin tərkib əlamətlərinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, “Volkswagen T6 Transporter” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-yə məxsus pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daxınması zirehli operativ nəqliyyat vasitəsidir. Qanunvericiliyin tələblərinə riayət edilməsi məqsədi ilə qiymətlilərin inkassasiyasını, o cümlədən ödəniş terminallarının nağd pulla yüklənməsi üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinin alınması "xxxx" ASC ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həyata keçirilmişdir. Müqavilənin ayrılmaz hissəsi olan əlavədə nəzərdə tutulan alınacaq avtomobillərin idarəetmə panelinin-sirenanın, tavanında sayrışan işıqlarının, tavanda işıqlı sirena sisteminin olması müəyyən edilmişdir. Eyni zamanda həmin nəqliyyat vasitəsi 2017-ci il tarixdə əldə edildikdən bu vaxta kimi qanunvericiliyin tələbinə uyğun olaraq texniki baxışlardan keçrilmiş və baxış zamanı hər hansı qanun pozunutusunun olduğu aşkar edilməmişdir. Ona görə də, məhkəmədən Şəxs barəsində İXM-nin 342.9-cu maddələrinin pozulmasına dair inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş AC seriyalı 982370 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen T6 Transporter” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı “Vaqon zirehli” nəqliyyat vasitəsinin sahibi "xxxx" ASC-dir; "xxxx" MMC (satıcı) ilə "xxxx" ASC (alıcı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli 016/A nömrəli alğı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) 15 (on beş) ədəd zirehli “Volkswagen T6 Transporter” markalı nəqliyyat vasitəsini müqavilənin ayrılmaz hissəsini təşkil edən “Əlavə N-1” və Əlavə N-2” də göstərilən sayda komplektlikdə və s. göstəricilərlə “İnkoterms-2000” beynəlxalq ticarət terminlərinin izahlı qaydalarına uyğun olaraq satmağı və texniki servis və zəmanət xidmətlərini həyata keçirməsini öz öhdəsinə götürmüşdür; "xxxx" MMC (satıcı) ilə "xxxx" ASC (alıcı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli 016/A nömrəli alqı-satqı müqaviləsinə 2 nömrəli əlavədən görünür ki, “Volkswagen T6 Transporter” markalı nəqliyyat vasitəsinin tavanında işıqlı sirena sistemi ilə təhciz olunması nəzərdə tutulmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-1612-84079/2025 nömrəli cavab məktubundan görünür ki, Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sistemində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “Volkswagen T6 Transporter” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı zirehli minik avtomobilin xüsusi işıq və ya səs siqnalları (qırmızı və ya göy) ilə təhciz edilməsinə müvafiq icazənin verilməsinə dair hər hansı məlumat mövcud deyildir; Fotoşəkillərdən “Volkswagen T6 Transporter” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində sayrışan (qırmızı və göy) işıq siqnallarının olduğu görünür. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən İXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinin: Vİ hissəsinə əsasən xüsusi səs və işıq siqnalları quraşdırılmış nəqliyyat vasitələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xüsusi qeydiyyatdan keçməlidirlər. Belə səs və işıq siqnallarının quraşdırılmasına bu Qanunda nəzərdə tutulmuş hallarda icazə verilir; Vİİ hissəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan, xüsusi çoxavazlı səs və sayrışan işıq siqnalları ilə və ya sürəti ölçməyə maneçilik törədən, yaxud ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrlə və yaxud operativ xidmətlərin nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri ilə təchiz olunmuş nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, aparılmış araşdırmalardan müəyyən olunur ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında “Volkswagen T6 Transporter” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin xüsusi işıq və ya səs siqnalları (qırmızı və ya göy) ilə təchiz edilməsinə müvafiq icazənin verilməsinə dair hər hansı məlumat mövcud deyildir (əsas: AR DİN BDYPİ-nin 3-13-1612-84079/2025 nömrəli cavab məktubu). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 16 may 2012- ci il tarixli, Q6-001-12 N-li qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X6 nəzarəti qaydaları barədə Təlimatın” 6.3.11-ci bəndində qeyd edilir ki, xüsusi təyinatlı və əməliyyat xidmətinin nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilərkən xüsusi işıq və səs siqnallarının mövcud olması, sazlığı və onların quraşdırılmasının qanuniliyi, həmçinin nəqliyyat vasitələrinin rəng qrafikasının dövlət standartının tələblərinə uyğun olması yoxlanılır. Təlimatın sadalanan tələblərindən də göründüyü kimi nəqliyyat vasitələrinə əlavə avadanlıqların konstruksiyalarının quraşdırılması qaydası müəyyən edilir, standartların tələbinə uyğun olmayan, layihə sənədləri düzgün hazırlanmayan və ya çatışmazlıqlar olan və yaxud Baş X7 İdarəsi ilə razılaşdırılmayan sənədlər əsasında hazırlanan nəqliyyat vasitələrinin istismarına icazə verilmir və qeydiyyata alınmır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1999-cu il 14 iyun tarixli, 190 nömrəli əmri ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə Təlimat”ın 2.15-ci bəndinə əsasən xarici ölkələrdən Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitələri gömrük nəzarətində olduqda, nəqliyyat vasitəsi sosial-təminat orqanları vasitəsilə alındıqda, dövlət standartlarına müvafiq olaraq xüsusi işıq və səs siqnalları quraşdırılmış və ya xüsusi rəng qrafikasına malik olan, yaxud reklam şəraitini məhdudlaşdıran şərtlər olduqda və qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda qeydiyyat şəhadətnaməsinin “Xüsusi qeydlər” qrafasında və nəqliyyat vasitəsinin uçot kartoçkasında müvafiq yazılar aparılır. Sadalananlardan göründüyü kimi “Volkswagen T6 Transporter” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin “Xüsusi qeydlər” qrafasında da müvafiq yazıların, yəni sayrışan işıq siqnalın quraşdırılmasına icazənin olması ilə bağlı hər hansı qeydiyyat hərəkətlərinin həyata keçirilməsi müəyyən edilməmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1 -ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əssən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411- 1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2 və 2.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından İXM-in 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) - Baş X7 İdarəsinin rəisi, onun müavinləri, Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X7 İdarəsinin rəisi, ərazi polis orqanlarının X7 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X7 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X7 qruplarının rəhbərləri baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 327.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və digər halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, eyni zamanda inzibati xətanın törədilməsində alət olmuş predmet müsadirə edilməlidir. Qeyd olunanlara əsasən İXM-in 40, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. “Volkswagen T6 Transporter” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının üzərinə quraşdırılmış sayrışan işıq siqnalı müsadirə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddələr ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsının X2 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-535/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-535/2025
02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver