Məhkəmə qərarları › İş №3(045)-540/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-540/2024

17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-540/2024 17.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Goranboy rayon, Ağamalıoğlu kəndində anadan olmuş, AzərbaycanRespublikasının vətəndaşı, evli, Goranboy rayon, Ağamalıoğlu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(045)-2204/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 10 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, borclu Nağıyev X3 Rayon Məhkəməsinin 2(045)-2204/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 2040 manat məbləğində aliment borcunu ödəməkədn qəsdən yayınmışdır. Nəticədə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 izahatında göstərdi ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-2204/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat aliment pulu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədində göstərilən aliment borcunun ödənilməsi üçün bildiriş verilmiş və borcu ödəməyi tələb edilmişdir. Lakin borclu məhkəmə qətnaməsində göstərilən qalıq 2040 manat aliment borcunun ödəmədiyi üçün borclu Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq, o, yenə də, qərəzli olaraq aliment borcunu ödəməmişdir. Bugünkü tarixdə borclu Şəxs şöbəyə dəvət edilmiş və iş üzrə izahatı alınmışdır. O, məhkəmə qərarları üzrə olan 2040 manat aliment borcundan bugünə heç bir ödəniş edə bilmədiyini və etmək fikrinin olmadığını bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, hər ay aliment borcundan ödənişlər etmişdir. Lakin son vaxtlar borcundan ödəniş edə bilməmişdir. Bunun səbəbi isə daimi iş yerinin olmamasıdır. Bildirir ki, icra sənədi üzrə üzərinə düşən məsuliyyəti anlayır və uşaqlarını saxlamaqdan imtina etmir. Maddi vəziyyəti aliment üzrə yaranmış borcu birdəfəlik ödəməyə imkan vermir. Bütün bunlara baxmayaraq 2040 manat aliment borcundan 1000 manat ödəniş etmişdir. İcra sənədinin icrasından yayınmır, icra məmurunun tələblərini də yerinə yetirməyə çalışır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs ona olan 2040 (iki min qırx) manat aliment borcundan hal-hazırda 1000 manat ödəniş etmişdir. Borclu hər ay aliment borcundan ödənişlərini vaxtlı-vaxtında ödənişlər edəcəyini söz vermişdir və onlar razılaşmışlar. Hal-hazırda borclu Şəxs şikayətçi deyil. Odur ki, borclu Şəxs barəsində olan inzibati xəta haqqında materiala xitam verilməsini xahiş etdi və bu barədə müvafiq ərizəni məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy Rayon Məhkəməsinin 2(045)-2204/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay bir uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir; “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın və həmin tarixli, 314210\2019 nömrəli tələbin dərhal icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Goranboy Rayon Məhkəməsinin 2(045)-2204/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; xx.xx.2024-cü il tarixli, **********8 nömrəli ödəniş qəbzindən görünür ki, borclu Şəxs 2040 manat aliment borcundan hal-hazırda 1000 (bir min) manat ödəniş etmişdir; Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır. Şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Şəxs icra sənədi üzrə qalıq borcundan 1000 (bir min) manat ödəmiş və zərərçəkmiş şəxslə razılığa gəlmişdir. Bütün qeyd edilənlər isə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Goranboy Rayon Məhkəməsinin 2(045)-2204/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Bu isə onun tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tördilməsini istisna edir. Buna görə də məhkəmə borclu barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-2204/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar