Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-584/2024 16.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Goranboy rayonunun Şəfəq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Goranboy rayonunun Şəfəq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 17 iyul 2024-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Rəhman Həsənovun 15 iyul 2024-cü il tarixli qərarı və rədd materialına əsasən tərtib edilmiş 16 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Aslanov X3 rayonunun Şəfəq kəndində, həmin kənddə yaşayan Zərərçəkmiş şəxs məxsus 64 metr, dəyəri 256 (iki yüz əlli altı) manat olan dəmir borunu oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Şəfəq kəndində yaşayan Quliyev X4 rayon Polis Şöbəsinə ərizəsi təhqiqatçı Rəhman Həsənovun icraatına daxil olmuşdur. Material üzrə araşdırma aparılmış və müəyyən edilmişdir ki, Goranboy rayonunun Şəfəq kəndində, həmin kənddə yaşayan Zərərçəkmiş şəxs məxsus 64 metr, dəyəri 256 (iki yüz əlli altı) manat olan dəmir borunu oğurlamışdır. Araşdırmanın nəticəsi olaraq 15 iyul 2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd olunmuşdur. Həmin qərar əsasında tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayon Şəfəq kənd sakini Zərərçəkmiş şəxs onun barəsində etmiş olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Barəsində tərtib olunan inzibati xəta haqqında materialdan narazıdır. Belə ki, o, Zərərçəkmiş şəxs tanıyır, onunla hər hansı ədavəti və düşmənçiliyi yoxdur. O, təxminən 2 ay əvvəl özünə məxsus olan evin mətbəxinin altında yerləşən dəmir borunu və armaturları sökərək Goranboy rayon Qaraçinar kənd sakini Baloğlan adlı şəxsə kiloqramını 35 qəpikdən satmış, ona dəmirləri müxtəlif vaxtlarda və müxtəlif saylarda satmış, ondan 5 manat, 8 manat olmaqla pul almışdır. Lakin Zərərçəkmiş şəxs fermasının ətrafından dəmirləri oğurlamamış, yalnız özünə məxsus olan dəmirləri satmışdır. Yekunda məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Goranboy rayonunun Şəfəq kəndi ərazisində onun özünə məxsus olan ferma yerləşir. O, fermanın ətrafına dəmir dirəklər basdırmış və tikanlı məftil çəkmişdir. Fermanın ətrafı boyunca təxminən 300 ədəd, 2 metr uzunluğunda dirəklərin basırılmışdı. Təxminən bir neçə ay əvvəl fermanın kənarına basdırmış olduğu dirəklərin sayında azalma olduğunu və bir neçə ədədinin oğurlandığını görmü, lakin bu barədə polisə məlumat verməmişdir. Həmin dirəklərin kim tərəfindən oğurlanmasını bilməmişdir. O, xx.xx.2024-cü il tarixdə Goranboy rayon Şəfəq kəndi ərazisində yerləşən fermada olan zaman bir nəfər şəxsin əlində 2 ədəd dirəklə getməsini görmüş, ona tərəf getdikdə həmin şəxsin Goranboy rayon Şəfəq kənd sakini Şəxs olduğunu görmüş, lakin Şəxs onu gördükdən sonra qaçaraq oradan uzaqlaşmışdır. O, Şəhruzun arxasınca getsədə sonuncu qaçaraq məhlələrin arasında gözdən itmişdir. Şəxs oğurladığı dəmirləri kimlərə satmasını maraqlanmış və onun oğurladığı dəmirləri Goranboy rayon Qaraçinar kənd sakini Baloğlan adlı şəxsə satmasını bilmiş və bundan sonra Baloğlanın ev ünvanına getmişdir. O, Baloğlanın evinin qarşısında ona məxsus fermanın ətrafından oğurlanan 2 ədəd dəmir dirəyi orada görmüş və polisə müraciət etmək qərarına gəlmişdir. Ona vurulmuş ziyan 250 manat təşkil edir və ödənilməmişdir. Hazırda Şəxs qarşı şikayətçidir. Onun barəsində ciddi tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış, törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 1436 nömrə ilə qeydə alınaraq araşdırılmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs məxsus dəyəri 256 ( iki yüz əlli altı ) manat olan 64 metr dəmir borunu oğurlamış Goranboy rayon Şəfəq kənd sakini Şəxs barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır; "İnzibati qaydada tutma haqqında” 15 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 07:50-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakını talayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin "Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin "Qeyd” hissəsinin 1 -ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1 -ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 15 iyul 2024-cü il, saat 07:50-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-584/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-584/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver