Məhkəmə qərarları › İş №3(045)-593/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-593/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-593/2024 12.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 24 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 24 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qərəzli şəkildə barəsində MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, həmin qərara əsasən Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə olunmuşdur. Qeyd edir ki, ona istinad olunan inzibati xətanı törətməmişdir. Qərarda göstərilmişdir ki, guya Goranboy rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarına əsasən ona məxsus Goranboy şəhəri, H. Əliyev prospektində yerləşən “Fohow biomasaj” adlı mərkəzdə lisenziya olmadan özəl tibb fəaliyyəti göstərilməsi faktı aşkar edilmişdir. Lakin, qeyd etmək istəyir ki, masaj aparatlarını aldığı "xxxx" MMC tərəfindən bildirilmişdir ki, həmin masaj aparatlarından istifadə edərək masaj xidmətinin göstərilməsinə görə lisenziya tələb olunmur. Masaj xidmətinin göstərilməsi özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə aid deyildir. Belə ki, masaj xidməti göstərilməsi üçün lisenziya alınması tələb olunmur. Bundan əlavə bildirir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2024cü il tarixdə qərar qəbul edilsə də, qeyd edilən qərarı 10 iyul 2024-cü il tarixdə əldə etmişdir. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsininin tələblərini pozmamış və barəsində tərtib edilmiş qərar qanunsuzdur. Goranboy rayon prokurorluğunun əməkdaşı qanunsuz və əsassız olaraq barəsində xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərar tərtib etmişdir. Hesab edir ki, barəsində obyektiv qərar verilməli və MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin dəlillərinə uyğun izahat verərək bildirdi ki, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, Goranboy şəhəri H. Əliyev küçəsində yerləşən obyekti icarəyə götürmüş və “Fohow biomasaj” adlı aparat vasitəsi ilə həkim resepti əsasında onurğa əyrilikləri kimi xəstəlikləri müalicə edir. Lakin həmin masaj aparatını aldığı "xxxx" MMC tərəfindən ona bildirilmişdir ki, həmin masaj aparatlarından istifadə edərək masaj xidmətinin göstərilməsinə görə lisenziya tələb olunmur. Odur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 24 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy rayon Prokurorluğunun “İnzibati xəta haqqında iş üzrə icraatında baçlanması haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X2 barəsində Azərbaycan Respublikası İXM-in 210-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və vəzifəli şəxsin intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilmişdir; 24 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədtiyinə görə, barəsində 5000 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyində vermis olduğu izahatından görünür ki, lisenziya əsasında fəaliyyət göstərməli olduğu halda bu tələbə riayət etməmiş, buna səbəb şirkət tərəfindən onun kurslara göndərilməyi, sertifikat əldə etməyi olmuşdur. Lisenziya tələbinin olmasından xəbərsiz olmuş və bu ona şirkət tərəfindən ona izah edilməmişdir; Pekin ənənəvi X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli təhsil haqqında sertifikatın surətindən görünür ki, X2 əsas nəzəri kurs keçmiş və evdə fizioterapiya aparatını idarə etmək üzrə praktiki bacarıqlar əldə etmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. İXM-in 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə- fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə, digər sənədlərlə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Nəzərə alınmalıdır ki, fizioterapiya - insan bədəninin hərəkət qabiliyyətini və funksionallığını yaxşılaşdırmaq üçün müxtəlif üsullardan istifadə, bu üsullara məşqlər, manual terapiya (əllərlə müalicə), isti-soyuq müalicələr və elektroterapiya kimi üsulların daxil olmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısı”na əsasən fizioterapiya fəaliyyəti, özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən iş hesab olunur və bu fəaliyyətin həyata keçirilməsi üçün lisenziya tələb olunur. İnzibati orqanın (burada, Səhiyyə Nazirliyinin) mövqeyinə görə, Nazirlər Kabinetinin istinad olunan həmin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı” nda “fizioterapiya” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunmuşdur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-fizioterapevt üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər. Məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İXM-in həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o, həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 24 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan, həmçinin inzibati işin materiallarında olan sübutlardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulan xəta X2 tərəfindən törədilmişdir. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin, həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də, inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Qeyd olunanlara əsasən və İXM-in 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 24 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar