Məhkəmə qərarları › İş №3(045)-607/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-607/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-607/2025 21.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs QSC barəsində İXM-in 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs QSC 65280,00 (altmış beş min iki yüz səksən) ABŞ dolları məbləğində olan vəsaiti bank vasitəsilə 20 fevral 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürmüş və 2 il müddət keçsə də, 43712,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 21 fevral 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs QSC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, “X1 LLC” şirkəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə uyğun olaraq nümayəndəlik tərəfindən 65280,00 ABŞ dolları məbləğində olan vəsait xx.xx.2023-cü il tarixdə adı çəkilən şirkətin hesabına köçürülmüşdür. Bu köçürmə müqabilində alınan mallar ölkəyə idxal olunsa da, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 44-cü qrafasında bəyannamənin nömrəsi “33” kodla göstərilmişdir, əslində isə bu “34” nömrə olmalıdır. Bu səbəbdən də gömrük bəyannaməsinə müvafiq düzəliş edilməsi ilə bağlı gömrük orqanına müraciət olunmuşdur. Yaxın aylar ərzində gömrük bəyannaməsində müvafiq düzəlişin olunması gözlənilir. xx.xx.2023-cü il tarixli, **********7203 sorğu nömrəli gömrük bəyannaməsini məhkəməyə təqdim edərək göstərilən halların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: "xxxx" ASC tərəfindən verilmiş OX5 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı”ndan görünür ki, Şəxs QSC tərəfindən 65280.00 ABŞ dolları məbləğində pul vəsaiti “X1 LLC” şirkətinin hesabına (xx.xx.2023-cü il tarixli, “34” nömrəli müqavilə) köçürülmüşdür; Şəxs QSC-nin direktoru A.S Şahnəzərov tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 08- 02 nömrəli, 20 fevral 2023-cü il tarixli məktubdan görünür ki, mövcud sanksiyalarla bağlı xx.xx.2023-cü il tarixli, 34 sylı müqaviləyə əsasən olunan ödənişlərdə yaranacaq bütün problemləri öz üzərinə götürdüyünü bildirmişdir; xx.xx.2023-cu il tarixli, **********7203 sorğu nömrəli gömrük bəyannaməsinin 44-cü qrafasından görünür ki, müqavilənin nömrəsi “33” kodu ilə göstərilmişdir. Beləliklə, müəyyən edilir ki, Şəxs QSC-nin 65280.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 20 fevral 2023-cü il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və 43712,00 ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə, Şəxs QSC tərəfindən təqdim edilmiş xx.xx.2023-cu il tarixli, **********7203 sorğu nömrəli gömrük bəyannaməsinə dair qeyd edir ki, həmin bəyannamənin 44-cü bəndinə əsasən müqavilənin nömrəsi “33”, tarix isə “xx.xx.2023” olaraq göstərilmişdir, bu isə iş materialında olan müqavilə məlumatı ilə uyğunluq təşkil etmir. Göründüyü kimi Şəxs QSC inzibati məsuliyyətdən yayınmaq məqsədli ilə hazırkı köçürmə ilə əlaqəsi olmayan gömrük bəyannaməsini məhkəməyə təqdim etmişdir. Bundan başqa Şəxs QSC-nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında mübahisələndirildiyi dəlil formal mülahizə və subyektiv fərziyyədən ibarət olduğuna görə qeyd edilən dəlillərin, yəni gömrük bəyannəməsində səhvlik olmasını əsassız hesab edir və bu hal iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli, 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs QSC tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs QSC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 114-115,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 43712,00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında 8742,4 ABŞ dolları, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları - 1,7 manat) 14862,08 (on dörd min səkkiz yüz altmış iki manat, sıfır səkkiz qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar