Məhkəmə qərarları › İş №3(045)-631/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-631/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-631/2023 14.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonunun Xanqərvənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy RPŞ-dən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X1 12 iyul 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən MN seriyalı ******* nömrəli, 14 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində Goranboy rayon Xanqərvənd kəndində Zərərçəkmiş şəxs yaşadığı evdə qardaşı Şəxs tərəfindən döyülmüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Goranboy rayonunun Xanqərvənd kəndində yaşayan Zərərçəkmiş şəxs DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminə müraciət edərək qardaşı Şəxs onu döyməsini bildirmişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı, ******* nömrəli, 14 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. xx.xx.2023-cü il tarixdə anaları vəfat etmiş və o, anasının və bacısı Lətafətin yaşadığı mənzilə getmişdir. Bu zaman bacısı Lətafət onu içəri buraxmamışdır. Həmin vaxt onlar arasında sözlə mübahisə yaranmışdır. Mübahisə təxminən 1-2 dəqiqə davam etmiş və daha sonra o, çıxıb getmişdir. O, Lətafəti vurmamış və onun saçından tutmamışdır. O, aprel döyüşlərində, daha dəqiq Tapqaraqoyunlu-Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun doğma qardaşıdır. Uzun illərdir onunla Rəşid arasında əmlak mübahisəsi vardır. xx.xx.2023-cü il tarixdə qardaşı Rəşid onun yaşadığı mənzilə gəlmiş və analarının yas mərasimində iştirak edəcəyini bildirmişdir. Bu zaman o, Rəşidi öz mənzilinə buraxmayacağını demişdir. Bundan sonra onunla Rəşid arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Rəşid onun gözünün altından yumruqla vurmuş və onun saçından tutaraq dartmişdir. Nəticədə o, xəsarət almışdır. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmədən Şəxs barəsində ən ağır tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özü etiraf etməsə də, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X1 12 iyul 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X3 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 406 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ göz ətrafının qançırı küt əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma zamanı gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi, yəni Zərərçəkmiş şəxs vurmaması ilə bağlı izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü həmin hissədə təqsirli bilməməsi ilə bağlı dəlilləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla təkzib olunur. Belə ki: - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 406 nömrəli rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs sağ göz ətrafının qançırı küt əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma zamanı əmələ gələ bilər; - iş üzrə digər Zərərçəkmiş şəxs oğlu izahatında Şəxs xx.xx.2023-cü il tarixdə onu gözünün altından vurduğunu və saçından tutaraq dartdığını göstərmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-in 32 və 33-cü maddələrinə əsasən məhkəmə iclasında Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar