Məhkəmə qərarları › İş №3(045)-634/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-634/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-634/2024 05.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Baş X5 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru X2 iştirakları ilə, xx.xx.2003-cü Belarusiya Respublikasının Minsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Goranboy rayonu, Dəyirmanlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 05 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsinin Yol-Patrul Xidməti Alayından Şəxs barəsində tərtib olunmuş 02 avqust 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. 02 avqust 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli “inzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 02 avqust 2024-cü il tarixdə saat 03:16 radələrində Bakı-Qazax avtomobil yolunun 344-cü kilometrliyində “VAZ 21074” minik markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhər istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxıb yolun soluna doğru istiqamətlənib arakəsməyə dəymiş, nəticədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan yolun beton baryerlərinə ziyan dəymişdir. Bununla da, onun barəsində İXM-in 332.1 və 332.4-cü maddələri ilə inzibati xətaları törətməsini nəzərdə tutan 02 avqust 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Baş X5 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X3 izahatında göstərdi ki, sürücü Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 02 avqust 2024-cü il tarixdə saat 03:16 radələrində Bakı-Qazax avtomobil yolunun 344-cü kilometrliyində “VAZ 21074” minik markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhər istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxıb yolun soluna doğru istiqamətlənib arakəsməyə dəymiş, nəticədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan yolun beton baryerlərinə ziyan vurmuşdur. Törətdiyi inzibati xətaya görə sürücü barəsində tərəfindən İXM-in 332.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs özünü İXM-in 332.1 və 332.4-cü maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, idarə etdiyi “VAZ 21074” minik markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobil onun sahibliyindədir. 02 avqust 2024-cü il tarixdə saat 03:16 Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindən keçən 344-cü kilometrliyindən keçən hissəsində onun idarə etdiyi “VAZ 21074” minik markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxıb arakəsməyə dəymiş və nəticədə olan yolun beton baryerlərinə ziyan vurmuşdur. Onun nəqliyyat vasitəsini idarə etmək hüququnun müddəti bitmişdir. Törətdiyi əməldən peşmandır və zərərçəkmiş şəxsə dəymiş ziyanı qarşılamışdır. Odur ki, məhkəmədən ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 02 avqust 2024-cü il tarixli, 3061/2024 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs həmin tarixdə həmin günü ayıq olmuşdur; Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “3 nömrəli X1” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cu il tarixdə, M-2 Bakı- Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhəddi avtomobil yolunun 342-ci km-də ** DM *** qeydiyyat nişanlı “VAZ 21074” markalı maşının iştirakı ilə törədilən yol nəqliyyat hadisəsi zamanı, balansda olan yolun beton baryerlərinə dəymiş ziyan Şəxs tərəfindən tam aradan qaldırılmışdır bu səbəbdən də gələcəkdə Şəxs heç bir iddia və tələbinin olmadığı müəyyən edilmişdir; Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 02 avqust 2024-cü il tarixdə saat 03:16 radələrində idarə etdiyi “VAZ 21074” minik markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərkən yol nəqliyyat hadisəsi törətməsi və yol nəqliyyat hadisəsinin iştirakçısı olan sərnişinə yüngül bəfən xəsarəti yetirməsi, bununla da İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin baxdığı işlərin dairəsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2 və 2.2-ci bəndlərinə əsasən İXM-in 332.1-ci maddsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş X5 İdarəsinin rəisi, onun müavinləri, Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X5 İdarəsinin rəisi, ərazi polis orqanlarının X5 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X5 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X5 qruplarının rəhbərləri baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 332.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsinin Yol-Patrul Xidməti Alayına göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar