Məhkəmə qərarları › İş №3(045)-639/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-639/2023

16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-639/2023 16.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Goranboy rayon prokurorluğunun nümayəndəsi X1, zərərçəkmiş şəxs Yusifova Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Goranboy rayonunun Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Goranboy rayonlararası mühafizə bölməsinin manqa komandiri vəzifəsində işləyən, Goranboy rayonunun Şıxlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy rayon prokurorluğunun müstəntiqi Qorqud Abdinli tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında” 12 avqust 2023-cü il tarixli qərarla Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında məsələ qaldırılmışdır. Həmin qərar əsasında Goranboy rayon prokuroru Kamran Məmmədov tərəfindən “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 16 avqust 2023-cü il tarixli qərarla Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 16 avqust 2023-cü il tarixli qərardan görünür ki, Şəxs 19 may 2023-cü il tarixdə Goranboy rayon mərkəzi xəstəxanasının köhnə inzibati binasının yaxınlığında Yusifova Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun qollarından sıxaraq itələməklə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında Goranboy rayon prokurorluğunun nümayəndəsi X3 bildirdi ki, 22 may 2023-cü il tarixdə Yusifova Zərərçəkmiş şəxs rayon prokurorluğuna müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Goranboy rayonlararası mühafizə bölməsinin manqa komandiri Şəxs tərəfindən ona xəsarət yetirildiyini bildirmişdir. Məsələ ilə bağlı araşdırma aparılmış və nəticədə Goranboy rayon prokuroru tərəfindən “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 16 avqust 2023-cü il tarixli qərar qəbul edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs 19 may 2023-cü il tarixdə Goranboy rayon mərkəzi xəstəxanasının köhnə inzibati binasının yaxınlığında Yusifova Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun qollarından sıxaraq itələməklə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Goranboy rayonlararası mühafizə bölməsinin manqa komandiri vəzifəsində işləyir. Tural Şirinov əvvəllər mühafizə bölməsində polis nəfəri kimi işləmiş, daha sonra nöqsanlara yol verdiyinə görə xidmətdən xaric edilmişdir. Zərərçəkmiş şəxs Yusifova isə Turalla sevgi münasibətində olmuşdur. O, Zərərçəkmiş şəxs Turala görə tanımışdır. Zərərçəkmiş şəxs Goranboy rayon mərkəzi xəstəxanasında işləyir. Zərərçəkmiş şəxs ilə onun arasında hər hansı münasibət olmamışdır. Tural Şirinov xidmətdən xaric edildiyi üçün Zərərçəkmiş şəxs də ona qarşı qərəzli olmuş və hər iki şəxs ondan əsassız şikayətlər etmişdir. Ümumiyətlə, xx.xx.2023-cü il tarixdə onun Zərərçəkmiş şəxs ilə görüşü olmamışdır. Bu səbəbdən də Zərərçəkmiş şəxs xəsarət yetirməsi qeyri-mümkündür. Zərərçəkmiş şəxs xəsarət yetirməsi ilə bağlı sonuncunun dedikləri şər və böhtandır. Bundan başqa Zərərçəkmiş şəxs ilə onun arasında 12000 manat pul söhbəti də olmamışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, xx.xx.2023-cü il tarixdə o, işdə olmuş və Zərərçəkmiş şəxs görməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Yusifova Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Şəxs münasibəti olduğu Tural Şirinov vasitəsilə tanımışdır. Şəxs təmənnasız olaraq 3 gün müddətinə 12000 manat pul vermişdir. Lakin, Şəxs öz vədinə əməl etməyərək həmin pulu qaytarmamışdır. Bu səbəbdən Şəxsla görüşmək üçün xx.xx.2023-cü il tarixdə Goranboy rayon mərkəzi xəstəxanasının köhnə binasının yanına getmişdir. O, Şəxs pulu istəmiş, lakin, Vüsal verməyəcəyini bildirmişdir. Daha sonra Şəxs onun qollarından tutaraq sıxmış və onu itələmişdir. Nəticədə o, xəsarət almışdır. Hazırda Şəxsla barışmamışdır və ondan şikayətçidir. Məhkəmədən Şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətdiq edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxsla olan mübahisəni görən olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, Şəxs əvvəl onun komandiri olmuşdur. O, xidmətdən xaric olunduqdan sonra Vüsalla aralarında pul söhbəti olmuşdur. Vüsal ona faizə pul vermiş və bunun nəticəsində onun vəziyyəti çox ağır olmuşdur. Yusifova Zərərçəkmiş şəxs ilə onun arasında münasibət vardır. O, Zərərçəkmiş şəxs ilə Vüsalı da tanış etmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs Yusifovanı döyməsinin şahidi olmamış, həmin hadisəni görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, Tural Şirinov onun oğludur. Oğlu əvvəl Goranboy rayonlararası mühafizə bölməsində işləmiş, daha sonra işdən çıxarılmışdır. Şəxs oğluna faizə pul vermiş və bunun nəticəsində oğlunun maddi vəziyyəti pisləşmişdir. Oğlu ilə Zərərçəkmiş şəxs münasibəti var. Verilmiş suala cavab olaraq bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs Yusifovanı döyməsinin şahidi olmamış, həmin hadisəni görməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 334 nömrəli, 23 may 2023-cü il tarixli rəyindən görünür ki, vətəndaş Yusifova Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ və sol bazunun üm və arxa səthlərinin qançırları küt əşyanın(ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən əllə yetirilmə zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmə, işdə iştirak edən şəxslərin və şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs Yusifova Zərərçəkmiş şəxs döyməsi öz təsdiqini tapmamışdır. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 16 avqust 2023-cü il tarixli qərarda Şəxs 19 may 2023-cü il tarixdə Goranboy rayon mərkəzi xəstəxanasının köhnə inzibati binasının yaxınlığında Yusifova Zərərçəkmiş şəxs qollarından sıxaraq itələməklə ona xəsarət yetirməsi göstərilsə də, bu hal məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X4 və X2 izahatlarında xx.xx.2023-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs Yusifovanı döyməsinin şahidi olmaqdıqlarını, həmin hadisəni görmədiklərini bildirmişlər. Araşdırma aparmış orqan Şəxs Yusifova Zərərçəkmiş şəxs xəsarət yetirməsi, yəni İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsinə gələrkən yalnız zərərçəkmiş şəxs Yusifova Zərərçəkmiş şəxs izahatını əsas götürmüşdür. Bu hal isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı ilə tam təkzib olunur. Belə ki, Şəxs izahatında xx.xx.2023-cü il tarixdə ümumiyyətlə Yusifova Zərərçəkmiş şəxs ilə görüşmədiyini bildirmişdir. Məhkəmə bu hala dair qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır və həmin sübutların məcmusu şəxsin təqsirli olub-olmaması məsələsini həll etməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda sübut edilməli olan hallardan biri də məhz inzibati xəta törətməkdə şəxsin təqsiridir (İXM-in 75.0.3-cü maddəsi). Məhkəmə nəzərə alır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi - Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 334 nömrəli, 23 may 2023-cü il tarixli rəyinə də münasibət bildirməyi zəruri hesab edir. İlk növbədə məhkəmə nəzərə alır ki, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (İXM-in 84.2-ci maddəsi). Sözügedən rəydə Yusifova Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən əllə yetirilmə zamanı əmələ gələ bilməsi göstərilmişdir. Lakin, nəzərə alınmalıdır ki, həmin “kənar şəxs”in kimliyi məhz inzibati araşdırma orqanı tərəfindən müəyyən olunmalı və bir-biri tamamlayan sübutlarla təsdiq olunmalıdır. Məhz zərərçəkmiş şəxs Yusifova Zərərçəkmiş şəxs izahatı əsasında həmin “kənar şəxs”in Şəxs olması qənaətinə gəlmək isə əsassızdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarın əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İXM-in: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirliliyi sübuta yetirilmədiyindən “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 16 avqust 2023-cü il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi başlanmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar