Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-641/2023 16.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Goranboy rayonu, Alpout kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Goranboy rayonu, Alpout kəndində qeydiyyatda olan və həmin üvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X2 02 avqust 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞnin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5 tərəfindən MN seriyalı ******* nömrəli, 16 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:40 radələrində Goranboy rayonu, Alpout kəndində həmkəndlisi Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5 izahatında göstərdi ki, Goranboy rayon Alpout kənd sakini Zərərçəkmiş şəxs Goranboy RPŞ-nə yazmış olduğu ərizəsi və DİN-nin 102 xidmətinə müraciətləri əsasında toplanmış, törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 1353 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin material üzrə X3 barəsində İXM-in 157-ci maddəsi ilə, tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, 16 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 11:40 radələrində o, anası X4 ilə birlikdə Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzindən sənəd almaq üçün yaşadıqları kəndin mərkəzində olan avtobus dayanacağına getmişdir. Onlar ora çatdıqda Zərərçəkmiş şəxs da həmin yerdə olmuşdur. Onlar ora çatıb Jalədən təxminən 1-2 metr aralıda dayanmışlar. Avtobus dayanacağında anası Təzəgüllə söhbət edərkən Jalə anası Təzəgülə demişdir ki, “qızının əxlaqsızlığından danış sən niyə başqalarından nəsə danışırsan”. Bu vaxtı o, Jaləyə “mənəmi deyirsən” demiş, Jalə isə “hə sənə deyirəm” demişdir. O, bundan sonra Jaləyə yaxınlaşmış və niyə ona elə deməsinin izahını verməli olduğunu dedikdə Jalə əlindəki çantanı ona tərəf atmış o da özünü müdafiə etmək üçün onun koftasının qarşısından tutmuş bu vaxtı Jalənin koftasının qarşısı ortadan cırılmışdır. Onlar bir-birlərinə əl hərəkətləri etdikdə anası Təzəgül onları ayırmış, Jalə oradan çıxıb getmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023cü il tarixdə saat 11.40 radələrində o, Gəncə şəhərinə getmək üçün yaşadığı Alpout kəndinin mərkəzində avtobus dayanacağına gedərək orada Gəncə şəhərinə getmək üçün Gəncə-Alpout marşurutunu gözləyərkən həmkəndliləri Təzəgül və Mələk həmin avtobus dayanacağına gəlmiş və ondan təxminən 1 metr məsafədə dayanmışlar. Əvvəlcə Təzəgül daha sonra isə qızı Mələk dayısı Seymur barəsində artıq əskik sözlər deməyə başlamış o da sonuncuların cavabını vermişdir. O, Təzəgül və Mələyə cavab verən kimi anidən Mələk ona hücum edərək saçından tutub dartmış, əyninə geyindiyi ağ rəngli koftasının sinə nahiyəsindən tutub dartaraq cırmış və sinə nahiyəsini sağ əli vuraraq cızmışdır. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmə iclasında iştirak edən şahid X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 11:40 radələrində o, qızı Mələk Vəliyevə ilə birlikdə Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzindən sənəd almaq üçün yaşadıqları kəndin mərkəzində olan avtobus dayanacağına getmişlər. Onlar ora çatdıqda Zərərçəkmiş şəxs da həmin yerdə olmuşdur. Onlar ora çatıb Jalədən təxminən 1-2 metr aralıda dayanmışlar. Avtobus dayanacağında dayandıqda Jalə ona demişdir ki, “sən niyə başqa adamdan danışırsan sənin qızın özü əxlaqsızdır”. Bu vaxtı qızı Mələk Jaləyə yaxınlaşarq “sən mənə dediyin sözün izahını verəcəksən” demiş və aralarında mübahisə olmuşdur. Mələk Jalənin koftasının qarşısından tutduqda Jalənin koftasının qarşısı cırılmış bir-birlərinə əl-qol hərəkətləri etmişlər. O, qızı Mələklə Jalənin dalaşdığını görüb onları ayırmış Jalə oradan çıxıb getmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf etməsi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X2 02 avqust 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X6 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 438 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin ön səthinin, sol bazunun sıyrıqları KÜT əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni, xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən əllə vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.2-ci maddəsinə əsasən himayəsində on dörd yaşınadək uşağı olan qadınlar barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli üzrə özünü təqsirli bilməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatın inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilməsi qənaətinə gəlir. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən Şəxs qadın və himayəsində iki 14 yaşına çatmayan uşaqlarının olmasını (əsas: elektron məhkəmə informasiya sistemindən çıxarış) onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, İXM-in 33-cü maddəsinə əsasən Şəxs inzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən etmədi. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-641/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-641/2023
16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver