Məhkəmə qərarları › İş №3(045)-65/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-65/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-65/2023 24.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Behbudzadə Rauf Elman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Goranboy rayonunun Ağamalıoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Goranboy rayonunun Ağamalıoğlu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 Rayon Məhkəməsinin 2(045)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 23 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, borclu Cəfərov X6 Rayon Məhkəməsi tərəfindən verilmiş 2(045)- 750/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 9850 manat borcunu ödəməkdən qərəzli olaraq yayınır. Nəticədə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Goranboy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(045)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 9850 manat borc tutulub X4 verilməlidir. Goranboy rayon İcra və Probasiya Şöbəsində xx.xx.2022-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Bundan başqa dəfələrlə borcluya tələbi təmin etməsi üçün xəbərdarlıq verilmiş, lakin borclu öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcu təmin etməmişdir. “Elektronicra” informasiya sistemindən çıxarışa əsasən borclunun adına heç bir gəlir aşkar edilməmiş, Şəxs adına Goranboy rayonu, Düzqışlaq kəndində yerləşən 0.08 ha torpaq sahəsi aşkar edilmişdir. Goranboy Rayon Məhkəməsinin qərardadına əsasən Goranboy rayonu, Düzqışlaq kəndində yerləşən 0.08 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Belə ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş 277 nömrəli, xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Goranboy rayonu, Düzqışlaq kəndində yerləşən 0.08 ha torpaq sahəsi 4000 manat dəyərində qiymətləndirilmişdir. Torpaq sahəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinə əsasən iki dəfə tələbkara təklif edilmiş, tələbkar tərəfindən qəbul edilməmişdir. Hərracın keçirilməsi barədə sifariş verilməsinə baxmayaraq alıcı müraciəti olmadığından hərrac baş tutmamışdır. İcraat zamanı Şəxs dəfələrlə xəbərdar edilməsinə, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, 9850 manat tələbi hər ay 80 manat ödəməyə çalışmaqla qərəzlilik yaratmışdır. Göstərilənlərə əsasən borclu Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, hal-hazırda borclu 9850 manat borcundan 1000 manat ödəniş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, borcunu ödəməkdən yayınmır. Bugünkü tarixdə borcundan 1000 manat ödəniş etmişdir və mütəmadi olaraq yenidən hissə-hissə ödənişlər edəcəkdir. Əlavə olaraq bildirir ki, üzərinə həbs qoyularaq hərraca çıxarılmış Goranboy rayonu, Düzqışlaq kəndində yerləşən 0.08 ha torpaq sahəsi satıldığı təqdirdə borcunu tam şəkildə ödəyəcəkdir. Yekunda barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X7 izahatında göstərdi ki, borclu Şəxs ona olan 9850 manat borcundan hal-hazırda 1000 manat ödəniş etmişdir. Borclu yaxın zamanda qalan borcundan ödənişlər edəcəyini bildirmişdir. Hal-hazırda borclu Şəxs inzibati qaydada həbs olunmağını istəmir. Lakin, borcluya açıq şəkildə bildirmişdir ki, borcunu tam olaraq 2 ay ərzində ödəsin. Göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy Rayon Məhkəməsinin 2(045)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 9850 manat borc tutulub X4 verilməlidir; Goranboy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli tarixli “İcraata başlamaq haqqında” qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında 3008/2022 nömrəli bildirişinin surətindən görünür ki, borclu Cəfərov X6 Rayon Məhkəməsinin 2(045)-750/2020 saylı, xx.xx.2020ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; xx.xx.2023-cü il tarixli "xxxx" ASC-nin ödəniş qəbzindən görünür ki, borclu Şəxs borcundan hal-hazırda 1000 manat ödəniş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Şəxs icra sənədi üzrə borcundan 1000 manat ödəmiş, son ödəniş 24 yanvar 2023-cü il tarixdə həyata keçirilmişdir. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. Bundan başqa icra sənədinin icrası ilə bağlı borcluya məxsus torpaq sahəsinin üzərinə həbsin qoyulması və həmin əmlakın hərraca çıxarılması da borclunun İXM-in 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini istisna edir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında borclu Şəxs tərəfindən Goranboy Rayon Məhkəməsinin 2(045)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Bu isə onun tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tördilməsini istisna edir. Buna görə də məhkəmə borclu barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 53, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar