Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-690/2023 12.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rəfail oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X1 iştirakları ilə xx.xx.1962-ci il tarixdə Kəlbəcər rayonunun Keştək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Kəlbəcər rayonunun Keştək kəndində qeydiyyatda olan və Goranboy rayonunun Yeni Veyisli qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iləbağlı material 29 avqust 2023-cü il tarixdə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. 29 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Kəlbəcər rayon sakini Məmmədov X2 rayonunun Goran qəsəbəsində müvafiq icra hakimiyyətindən icazə almamış özünə məxsus İJ markalı, tək lüləli, E 87854 №-li mülki ov silahının əldə edilməsi, saxlanması və daşınması qaydalarını pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Kəlbəcər rayon sakini Məmmədov X2 rayonunun Goran qəsəbəsində müvafiq icra hakimiyyətindən icazə almamış özünə məxsus İJ markalı, 28 çaplı, tək lüləli, E 87854 №-li mülki ov silahı aşkar edilmişdir. Beləliklə, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki ov silahının əldə edilməsi, saxlanması və daşınması qaydalarını pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə atasından qalma İJ markalı, 28 çaplı, tək lüləli, E 87854 №-li mülki ov silahı ilə pay torpağını sulamağa getmişdir. Həmin tarixdə, saat 17 radələrində Goranboy RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra isə onun əlində olan ov tüfənginin sənədinin olub-olmadığını soruşmuşlar. O, ov silahının atasından yadigar qaldığını və sənədinin olmadığını bildirmişdir. Etdiyi əməldən peşmandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 16 iyun 2023-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmiş, Şəxs aşkar edilərək götürülmüş müvafiq sənədi olmayan İJ markalı, 28 çaplı, 1962-ci il istehsallı, E-87854 nömrəli silah Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Silah anbarına təhvil verilməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/441R nömrəli ekspert rəyindən və ekspert rəyinə əlavə edilmiş fotocədvəldən görünür ki, tətqiqata təqdim edilmiş 01 ədəd patron yuvasının alt hissəsində E-87854 nömrəsi olan silah keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1962-ci ildə istehsal olunmuş, 28 kalibrli İJK modelli, çaxmaqlı, tək hamar lüləli ov tüfəngidir odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Sılahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən xidməti və mülki silahın dövriyyəsi bu Qanuna müvafiq olaraq həyata keçirilir. Xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır; “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin İİ hissəsinə əsasən mülki silahı əldə etmək istəyən vətəndaş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (bu halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) ərizə ilə müraciət etməlidir; “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin İV hissəsinə əsasən odlu silahın və döyüş sursatının Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan başqa şəxslərə verilməsi qadağandır; “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın 3-cü bəndinə əsasən xidməti və mülki silahın və onun döyüş sursatının saxlanılması qanunvericiliklə müəyyən edilmiş qaydada verilən mülki silahın əldə edilməsi üçün verilən xüsusi icazə və odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə əsasında əsasında həyata keçirilir (vətəndaşlar üçün). “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarının: 1-ci bəndinə əsasən təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yüvsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir; Həmin qərarın 6-cı bəndinə əsasən mülki dövriyyədən çıxarılmayan yivsiz lüləli ov tüfənginin qanunsuz hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrinin tərkibini yaratmır. Lakin qadağan edilmiş, uzunluğu 800 mm-dən az olan, habelə konstruksiyası onu qatlamaq, sökmək və ya yığmaq imkanı verən və bu zaman atəş imkanının aradan qaldırmayan odlu ov silahının qanunsuz dövriyyəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tərkibini yaradır. Bununla belə ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xüsusi icazə almadan odlu yivsiz, hissə-mexanizmləri üzərində kustar üsulla sonradan heç bir əlavə və dəyişiklik edilməmiş mülki silahın əldə edilməsi, saxlanılması, daşınması qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində silah (01 ədəd patron yuvasının alt hissəsində E-87854 nömrəsi olan silah keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1962-ci ildə istehsal olunmuş, 28 kalibrli İJK modelli, çaxmaqlı, tək hamar lüləli ov tüfəngi) müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 90 (doxsan) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. E-87854 nömrəsi olan silah, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1962ci ildə istehsal olunmuş, 28 kalibrli İJK modelli, çaxmaqlı, tək hamar lüləli ov tüfəngi müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-690/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-690/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver