Məhkəmə qərarları › İş №3(045)-690/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-690/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-690/2025 29.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin X4 Bölməsinin YPX-nin inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Kəlbəcər rayonu, Dəmirçidam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Kəlbəcər rayonu, Cəmilli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan MüŞəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.4 və 334-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Goranboy rayon Polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 29 aprel 2025-ci il tarixdə Goranboy rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:27-də idarə etdiyi “VAZ 2106” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy şəhəri, H. Əliyev prospektində birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdiyinə görə saxlanılmış və müəyyən olunmuşdur ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, Şəxs İXM-nin 327.4 və 334-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin X4 Bölməsinin YPX-nin inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, sürücü Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:27-də “VAZ 2106” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy şəhəri, H. Əliyev prospektində birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etdiyinə tərəfindən saxlanılmışdır. Həmin vaxt sürücü Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi aşkar edilmişdir. Törətdiyi inzibati xətaya görə sürücü barəsində tərəfindən İXM-in 327.4 və 334-1.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.4 və 334-1.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə dostu Ramiz Eyvazov sərxoş olduğu üçün onu yaşadığı evə aparmasını xahiş etmişdir. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat təxminən gecə 11 radələrində dostu Ramiz Eyvazova məxsus “VAZ 2106” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy şəhəri H. Əliyev prosepktində birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etdiyinə görə YPX-nin inspektoru tərəfindən saxlanılmışdır. YPX-nin inspektoru ona yaxınlaşaraq özünü təqdim etmiş və avtomobilə dair sənədlərin olub-olmamasını soruşmuşdur. Həmin vaxt o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığını bildirmişdir. Buna görə də polis əməkdaşı tərəfindən avtomobil duracağa yerləşdirilmiş və onun izahatının alınması üçün şöbəyə dəvət etmişdir. Şöbədə olan zaman onun narkotik vasitədən istifadə etməsi şübhəsi yarandığı üçün o, tibbi müayinədən keçmişdir. Müayinə zamanı onun narkotik vasitədən istifadə etdiyi aşkar edilmişdir. Həmin narkotik vasitəsini o, 10 gün bundan qabaq toy məclisində istifadə etmişdir. Əməlindən peşmandır və məhkəmədən ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 27 aprel 2025-ci il tarixli, 1325 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, müayinə zamanı Şəxs marixuanadan istifadə etməsi müəyyən olunmuşdur; “Elektron Məhkəmə sistemi”ndən çıxarışdan görünür ki, Şəxs sürücülük vəsiqəsi aşkar edilməmişdir. Məhkəmə iclası zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 27 aprel 2025-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi, bununla da İXM-in 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 334- 1.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə,pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, Şəxs İXM-in 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin baxdığı işlərin dairəsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 iyun tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2-ci bəndinə əsasən İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin səlahiyyətinə aiddir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 327.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Qeyd olunanlara əsasən İXM-in 40.0.1, 43, 114-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 29 aprel 2025-ci il tarixdən saat 17:40-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-in Goranboy Rayon Polis Şöbəsinin DYPB-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar