Məhkəmə qərarları › İş №3(045)-717/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-717/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-717/2023 07.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Kəlbəcər rayonunun Zəylik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Goranboy rayonunun Zəylik kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Nizami rayonu. Gülüstan qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X7 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 06 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:30 radələrində Goranboy rayonunun Nizami kəndində ictimai qaydanı pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 20:30 radələrində X6 ekipaj yoldaşı Elvin İsmayılovla BDYPİ-nin YPXA-nın 723 saylı stasionar postunda xidmətdə olan zaman “Niva” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomaşın “Azpetrol”a məxsus YDM-dən çıxarkən nişanlanma xətlərinin tələbini pozduğu üçün polis əməkdaşları tərəfindən həmin avtomaşına saxla işarəsi verilmişdir. X1 yaxınlaşıb özünü təqdim edərək nişanlanma xəttinin tələblərini pozduğu üçün saxlanıldığını və bu barədə inzibati protokol tərtib olunacağını izah etmişdir. Bu zaman X6 həmin sürücünü dəfələrlə nizam-intizama dəvət etsə də, sürücü öz intizamsız hərəkətlərinə davam etmiş və nalayiq ifadələr işlətmişdir. Daha sonra Mehdiyev X2 RPŞ-yə gətirilmişdir. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 20:30 radələrində özünə məxsus “Niva” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərindən Goranboy istiqamətində gələn zaman DYP-nin stasionar postunda yol polisi onu saxlamışdır. Ona törətdiyi inzibati xətanın mahiyyəti izah edilmiş və barəsində inzibati xəta haqqında protocol tərtib ediləcəyi bildirilmişdir. O, polis əməkdaşlarına ailə üzvləri ilə birlikdə yas yerinə gedəcəyini bildirmişdir. Bu zaman polis əməkdaşı inzibati xəta haqqında protocol tərtib etməyə başlamış və bundan sonra yoluna davam edə biləcəyini ona demişdir. Əsəbi olduğu üçün polisin ünvanına etik olmayan ifadələr işlətmişdir. Hazırda etdiyi əməldən peşmandır. Belə ki, polis əməkdaşının onunla nəzakətli davranmasına baxmayaraq onların ünvanına etik olmayan ifadələr işlətməsini düzgün hesab etmir. Hesab edir ki, bu hadisə olmamalı idi. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə bilavəsitə tabe olan Yol Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru X6 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 20:30 radələrində ekipaj yoldaşı Elvin İsmayılovla BDYPİ-nin YPXA-nın 723 saylı stasionar postunda xidmətdə olan zaman “Niva” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomaşın “Azpetrol”a məxsus YDM-dən çıxarkən nişanlanma xətlərinin tələbini pozduğu üçün tərəfindən həmin avtomaşına saxla işarəsi verilmişdir. O, sürücüyə yaxınlaşıb özünü təqdim edərək nişanlanma xəttinin tələblərini pozduğu üçün saxlanıldığını və bu barədə inzibati protokol tərtib olunacağını izah etmişdir. Bu zaman həmin sürücü aqressiv şəkildə səs-küy salmış və nalayiq ifadlər işlətməyə başlamışdır. O, sürücünü dəfələrlə nizam intizama dəvət etsə də, sürücü öz intizamsız hərəkətlərini davam etdirmişdir. Həmin vaxt sürücünün maşınında ailə üzvləri də olmuşdur. Bu səbəbdən o, sürücünü dəfələrlə nizam-intizama dəvət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə bilavəsitə tabe olan Yol Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru X4 iş üzrə digər şahid X3 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: BDYPİ-nin YPXA-nın YPX inspektoru Ayxan Həsənov tərəfindən Goranboy RPŞ-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 20:30 radələrində ekipaj yoldaşı Elvin İsmayılovla BDYPİ-nin YPXA-nın 723 saylı stasionar postunda xidmətdə olan zaman “Niva” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomaşın “Azpetrol”a məxsus YDM-dən çıxarkən nişanlanma xətlərinin tələbini pozduğu üçün tərəfindən həmin avtomaşına saxla işarəsi verilmişdir. O, sürücüyə yaxınlaşıb özünü təqdim edərək nişanlanma xəttinin tələblərini pozduğu üçün saxlanıldığını və bu barədə inzibati protokol tərtib olunacağını izah etmişdir. Bu zaman həmin sürücünü dəfələrlə nizam-intizama dəvət etsələr də, sürücü öz intizamsız hərəkətlərinə davam etmişdir. Odur ki, vətəndaş Şəxs barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir; xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs həmin tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur; xx.xx.2023-cü il tarixli, İN 642610 nömrəli alkotesterin nəticəsindən görünür ki, Şəxs həmin tarixdə ayıq olmuşdur; CD diskdən görünür ki, “Niva” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomaşın yol patrul xidmətinin əməkdaşları tərəfindən stasionar postda saxlanılır, həmin avtomobilin sürücüsünə qayda pozuntusunun mahiyyəti izah olunur və barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilir. Bu zaman sürücü Şəxs aqressiv şəkildə polis əməkdaşının ünvanına etik olmayan ifadələr işlədir. Həmin vaxt sürücü dəfələrlə nizam intizama dəvət olunsa da, öz hərəkətlərini davam etdirir. Bu zaman ətrafda bir neçə şəxs də olur. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahidlərin izahatları, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə ictimai yerdə nalayiq ifadələr işlətməklə, səs-küy salmaqla ictimai qaydanı pozaraq İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 06 sentyabr 2023-cü tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən etmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbini nəzərə alaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 06 sentyabr 2023-cü il tarixdən, saat 22:00-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar