Məhkəmə qərarları › İş №3(045)-744/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-744/2023

02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-744/2023 02.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Goranboy rayonu Qırıqlı bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 549.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, 08 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qırıqlı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 06 saylı qərarı inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim edilməmişdir. Bununla da Goranboy rayonu Qırıqlı bələdiyyəsinin sədri Şəxs barəsində İXM-in 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, 2022-ci ilin oktyabr ayından etibarən Goranboy rayonu Qırıqlı bələdiyyəsinin sədri vəzifəsində işləyir. Həqiqətən də Goranboy rayonu Qırıqlı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 06 saylı qərarını inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim etməmişdir. Yəni, sözügedən qərarı xx.xx.2023-cü il tarixdə inzibati nəzarəti həyata keçirən orqana təqdim etmişdir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon Qırıqlı bələdiyyəsinin sədri Şəxs məktubundan görünür ki, o, xx.xx.2023-cü il tarixli, 06 saylı iclas qərarının surətini xx.xx.2023-cü il tarixdə inzibati nəzarəti həyata keçirən orqana təqdim etmişdir. Hüquqi əsaslandırma: İXM-in 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) həyata keçirir; 5-ci maddəsinə əsasən inzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır: - bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda (5.0.1); - hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti daxil olduqda (5.0.2). 6.1-ci maddəsinə əsasən bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər; 12-ci maddəsinə əsasən bu Qanunun tələblərini pozan şəxslər qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Göründüyü kimi, Qanunla bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların bir surətininin həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməsi vəzifəsi müəyyən olunmuş və bu tələbin pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixdə Goranboy rayonu Qırıqlı bələdiyyəsinin mülkiyyətində olan əmlakla bağlı müvafiq qərar qəbul olunmasına baxmayaraq sözügedən sənəd “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin tələblərinə zidd olaraq xx.xx.2023-cü il tarixdə inzibati nəzarəti həyata keçirən orqana təqdim olunmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar