Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-747/2025 10.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X2” MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, “X2” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “X2” MMC barəsində İXM-in 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə “X2” MMC 58119.00 (əlli səkkiz min yüz on doqquz) ABŞ dolları məbləğində olan vəsaiti bank vasitəsilə 15 mart 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürmüş və 2 il müddət keçsə də, 58119.00 (əlli səkkiz min yüz on doqquz) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 16 mart 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən “X2” MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, “Kumtepe DİS TİC.SAN.A.S” şirkəti arasında bağlanmış 2/21-xx-xx- 2023 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 57950 ABŞ dolları xx.xx.2023-cü il tarixdə adı çəkilən şirkətin hesabına köçürülmüşdür. Bu köçürmə müqabilində alınan mallar ölkəyə idxal olunmuşdur. Köçürülən vəsait xx.xx.2025-ci il tarixdə şirkətin "xxxx" ASC-də olan hesabına geri qaytarılmışdır. Lakin, geri qaytarma təyinatında müqavilə məlumatı qeyd olunmadığı üçün avans ödənişi bağlanmamışdır. Bu səbəbdən də daxilolma müqaviləsinə müvafiq düzəliş edilməsi ilə bağlı müvafiq orqana müraciət olunmuşdur. Yaxın günlər ərzində müqaviləyə müvafiq düzəlişin olunması gözlənilir. "xxxx" ASC-nin 04 iyun 2025-ci il tarixli, 18751 nömrəli məktubunu məhkəməyə təqdim edərək göstərilən halların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: "xxxx" ASC tərəfindən verilmiş OX5 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı”ndan görünür ki, “X2” MMC tərəfindən 58119 ABŞ dolları məbləğində pul vəsaiti “Kumtepe DİS TİC.SAN.A.S” şirkətinin hesabına (xx.xx.2021-ci il tarixli, “2/21” nömrəli müqavilə) köçürülmüşdür; "xxxx" ASC tərəfindən verilmiş 04 iyun 2025-ci il tarixli, 18751 nömrəli məktubdan görünür ki, TURK YAPİ SANAYE" MMC (VÕEN: **********) tərəfindən "KUMTEPE DİS TİC.SAN.A.S" şirkətinin xeyrinə xx.xx.2023-cü il tarixində 2/21-xx-xx-2023 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 57950 USD (əlli yeddi min doqquz yüz əlli) ABŞ dolları əvvəlcədən ödəniş olunmuşdur. xx.xx.2025-ci il tarixində "xxxx" MMC-nin hesabına "KUMTEPE DİS TİC SAN.A.S" şirkətini tərəfindən "DD:xx.xx.2023 REFUND" təyinatı ilə 57850 USD (əlli yeddi min səkkiz yüz əlli) ABŞ dolları vəsait (SWİFT üzrə göndərilən məbləğ 57950 USD) daxil olmuşdur. Daxilolmanın təyinatında müqavilə məlumatları qeyd olunmadığı üçün avans ödənişi bağlanmamışdır. Daxil olan vəsaitin təyinatına SWİFT düzəlişi MT199 təqdim olunduqdan sonra avans ödənişi bağlana bilər; "xxxx" ASC tərəfindən verilmiş 03 iyun 2025-ci il tarixli qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə “Kumtepe DİS TİC.SAN.A.S” şirkəti tərəfindən “X2” MMC-nin hesabına 57850,00 ABŞ dolları köçürülmüşdür. Beləliklə, müəyyən edilir ki, “X2” MMC-nin 58119.00 (əlli səkkiz min yüz on doqquz) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 15 mart 2023-cü il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və 58119.00 (əlli səkkiz min yüz on doqquz) ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə, “X2” MMC tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin 04 iyun 2025-ci il tarixli, 18751 nömrəli məktubuna dair qeyd edir ki, “X2” MMC 58119.00 (əlli səkkiz min yüz on doqquz) ABŞ dolları məbləğində olan vəsaiti bank vasitəsilə 15 mart 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürmüşdür. Ödənişin aparıldığı gün, yəni köçürülmüş vəsaitin ölkəyə geri qaytarılmasını “X2” MMC 16 mart 2025-ci il tarixədək icra etməli olduğu halda, icra etməmişdir. Göründüyü kimi ölkə ərazisinə köçrülümüş vəsait xx.xx.2025-ci il tarixdə “X2” MMC-nin hesabına geri qaytarılmışdır. (əsas: "xxxx" ASC-nin 04 iyun 2025-ci il tarixli, 18751 nömrəli məktubu). Bu da “X2” MMC-in əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətlərinin olduğuna dəlalət edir. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2016-cı il tarixli, 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, «X2» MMC tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında «X2» MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə «X2» MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən İXM-in 40, 43, 114-115 və128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X2” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 58119,00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında 11623,8 ABŞ dolları, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları - 1,7 manat) 19760,46 (on doqquz min yeddi yüz altmış manat, qırx altı qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-747/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-747/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver