Məhkəmə qərarları › İş №3(045)-748/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-748/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-748/2025 08.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) X1 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X3” MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, “X3” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “X3” MMC barəsində İXM-in 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə “X3” MMC 57950.00 (əlli yeddi min doqquz yüz əlli) ABŞ dolları məbləğində olan vəsaiti bank vasitəsilə 15 mart 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürmüş və 2 il müddət keçsə də, 57950.00 (əlli yeddi min doqquz yüz əlli) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 16 mart 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən “X3” MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, “Kumtepe DİS TİC.SAN.A.S” şirkəti arasında bağlanmış 2/21-xx-xx- 2023 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 57950 ABŞ dolları xx.xx.2023-cü il tarixdə adı çəkilən şirkətin hesabına köçürülmüşdür. Bu köçürmə müqabilində alınan mallar ölkəyə idxal olunmasında problemlər yaranmış, buna görə də məhsulun ölkəyə idaxlında yubanma baş vermişdir. Qanunvericilikdə nəzərdə tutulan vaxtda məhsulların idxalı təmin edilmədiyindən, şirkət tərəfindən köçürülən vəsait geri istənilmiş, lakin pul ölkə xarici hesaba köçürüldüyündən onun geri qaytarılması proseduru onlardan asılı olmayan səbəblərə görə uzun müddət çəkmiş, ölkə xaricindəki şirkət pulun geri qaytarmasını gecikdirmişdir. Buna baxmayaraq köçürülən vəsait xx.xx.2025-ci il tarixdə şirkətin "xxxx" ASC-də olan hesabına geri qaytarılması şirkət tərəfindən təmin edilmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, ödəniş tapşırığını məhkəməyə təqdim edərək göstərilən halların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi Nümayəndə2 “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə göndərərək, təyin edilmiş məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, ölkə xaricinə köçürülmüş vəsaitin geri qaytarıldığını və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC tərəfindən verilmiş OX2 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı”ndan görünür ki, “X3” MMC tərəfindən 57950 ABŞ dolları məbləğində pul vəsaiti “Kumtepe DİS TİC.SAN.A.S” şirkətinin hesabına (xx.xx.2021-ci il tarixli, “2/21” nömrəli müqavilə) köçürülmüşdür; "xxxx" ASC tərəfindən verilmiş 13 iyun 2025-ci il tarixli, 18854 nömrəli məktubdan görünür ki, "X4" MMC (VÕEN: **********) tərəfindən xx.xx.2023-cü il tarixində "KUMTEPE DİS TİC.SAN.A.S" şirkətinin xeyrinə aparılmış 57950 USD (əlli yeddi min doqquz yüz əlli) ABŞ dolları avans ödənişi xx.xx.2025-ci il tarixində AZ86AİİB******************** saylı hesaba daxil olan 57850 USD (əlli yeddi min səkkiz yüz əlli) ABŞ dolları vəsaitlə (SWİFT üzrə göndərilən məbləğ 57950 USD) qismən bağlanılmışdır. Avans üzrə qalıq 100 USD (bir yüz) ABŞ dolları təşkil edir; "xxxx" ASC tərəfindən verilmiş 000lCZV25149001E nömrəli, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığı”ndan görünür ki, “Kumtepe DİS TİCARET SANAYİ ANO tərəfindən 57850 ABŞ dollar məbləğində pul vəsaiti “X3” MMC-nin hesabına köçürülmüşdür. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, “X3” MMC-nin hərəkətlərində İXM-in 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın mahiyyəti ondan ibarətdir ki, rezident və ya qeyri-rezident şəxslər arasında aparılan maliyyə əməliyyatları nəticəsində alınan malın Azərbaycan Respublikasına daxil olması barədə gömrük bəyannaməsi vaxtında təqdim edilsin, 2 ildən artıq olmamaqla ölkədən köçürülən xarici valyuta ya geri qaytarılsın ya da həmin valyutada alınan mal ölkəyə idxal edilsin. Lakin, eyni zamanda həmin maddədə göstərilən maliyyə xarakterli pozuntulara hüquqi şəxslər tərəfindən yol verilməsində qəsdin olub-olmaması da aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında göstərilmişdir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Hazırkı işin hallarından görünür ki, “X3” MMC 57950.00 (əlli yeddi min doqquz yüz əlli) ABŞ dolları məbləğində olan vəsaiti bank vasitəsilə 15 mart 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürmüş və 2 il müddət keçsə də, 57950.00 (əlli yeddi min doqquz yüz əlli) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə qeyd edir ki, 57950.00 (əlli yeddi min doqquz yüz əlli) ABŞ dolları məbləğində pul vəsaitinin ölkəyə 2 il ərzində geri qaytarılmaması faktı mövcud olmuşdur və bu hal “X3” MMC-in nümayəndəsi tərəfindən də mübahisələndirilmir. Lakin qeyd olunan pul vəsaitinin gecikdirilməsində “X3” MMC-in qəsdinin, təqsirinin olub-olmaması isə işin mübahisəli halıdır. Hazırkı vəziyyətdə şəxsin təqsirli olmasına dair inzibati xəta haqqında qərar qəbul edən orqan sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 fevral 2020-ci il tarixli “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 2 plenum qərarında qeyd edilir ki, Konstitusiyanın 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Konstitusiyanın 79-cu maddəsinə əsasən, heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz. Konstitusiyanın 59-cu maddəsi hər bir fərdin sahibkarlıq fəaliyyətini onun şəxsi azadlığının iqtisadi sahədə təzahürü kimi qəbul edir və iqtisadi fəaliyyət azadlığı prinsipini inkişaf etdirir. Azad sahibkarlıq fəaliyyətinin təminatı olaraq Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs ona məxsus daşınar və daşınmaz əmlakı, o cümlədən milli valyutanı, xarici valyuta sərvətlərini və s. sahibkarlıq fəaliyyəti və qanunvericliklə qadağan edilməyən digər iqtisadi fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilər. Lakin digər Konstitusiya hüquqları kimi azad sahibkarlıq hüququ da mütləq hüquq deyil. Dövlətin və cəmiyyətin ümumi maraqlarına müvafiq olaraq qanunvericilik normaları əsasında vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək və s. üçün azad sahibkarlıq hüququnun məhdudlaşdırılmasına yol verilir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun sahibkarlıq hüdudlarının nizamlanması əsaslarını müəyyən edən 5-ci maddəsinə əsasən yalnız qanunla nəzərdə tutulmuş hallarda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yol verilir. Dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarına mülkiyyət və təşkilati-hüquqi formasından asılı olaraq bu və ya digər sahibkarlıq növünə imtiyazlar verən qərarlar çıxarmaq qadağan olunur. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulanhallar istisna edilməklə dövlət orqanlarının, həmkarlar təşkilatlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır. Qaydaların 4.3.1.3-cü yarımbəndi və İnzibati Xətalar Məcəlləsinin müvafiq valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyəti müəyyən edən 430.4-cü maddəsi sahibkarlıq fəaliyyəti ilə bağlı müəyyən edilmiş məhdudiyyətlərdəndir. Yuxarıda qeyd edilən plenum qərarlarından da göründüyü kimi şəxsin barəsində İXM-nin 430.4-cü maddəsi ilə məsuliyyət müəyyən edərkən ilk növbədə şəxsin inzibati xətanın törədilməsində təqsiri müəyyən edilməlidir. İşin həqiqi halları ilə müəyyən edilir ki, “X3” MMC-in inzibati xəta üzrə məsuliyyəti istisna edilir. Eyni zamanda məhkəmə onu da vurğulayır ki, qeyd olunan pul vəsaiti gecikmə ilə olsa da ölkəyə geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, pul vəsaitinin ölkəyə gec qaytarılması faktında hər nə qədər “X3” MMC-nin təqsiri olmasa da, sonradan həmin pul vəsaitinin geri qaytarılması təqdirə layiq haldır və bu halın özü sahibkarlıq fəaliyyətini həyata keçirərək, vətəndaşları işlə təmin edən, dövlətə vergi ödəyən “X3” MMC-nin inzibati məsuliyyətə cəlb edilərək əlavə xərcə məruz qoyulması üçün əsasların olmadığını göstərir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırki iş üzrə ödənilmiş valyuta vəsaitinin müqabilində malların ölkəyə idxal edilməməsi və pulun gec qaytarılması "KUMTEPE DİS TİC.SAN.A.S" şirkəti tərəfindən baş vermişdir ki, “X3” MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “X3” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanmış iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinin tələbinə əsasən xitam verilməlidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, “X3”MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X3” MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar