Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-759/2024 27.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, xx xxxxxx 1993-cü ildə Şamaxı rayonunun Sabirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “HAYAT MMC-nin direktor vəzifəsində işləyən, Şamaxı rayonu, Nüydü kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Goranboy rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy rayon prokurorluğundan Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında” 12 avqust 2024-cü il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərardan görünür ki, vəzifəli şəxs Şəxs tərəfindən qanuni təmsilçisi olduğu "HAYAT MMC"-nin "xxxx" MMC ilə bağlanmış 01,12.2023-cü il tarixli. 01/12-23 nömrəli Xidmət müqaviləsinə əsasən Goranboy şəhəri, C.Cabbarlı küçəsində yerləşən 4 mərtəbəli binanın tikilməsi zamanı texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması nəticəsində xx.xx.2024-cü il tarixdə ehtiyatsızlıqdan X1 az ağır zərər vurulmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, hər hansı şəxsin əməlində cinayət tərkibi əlamətlərinin olması müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, "xxxx" MMC-nin rəhbərliyinin əməlində İXM-in 198.3-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır; “İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında” 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, vəzifəli şəxs Şəxs barəsində İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 22 may 2024-cü il tarixli, 389 nömrəli ekspert rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) – sol topuq nahiyəsinin distal qamış incik sümüyünün aralanması bərk KÜT əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2024-cü il tarixdə boyu hündürlüyü məsafədən yıxılma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/5000 nömrəli rəyindən görünür ki, Goranboy rayonu, C.Cabbarlı küçəsində "xxxx" şirkəti tərəfindən tikintisi aparılan 4 mərtəbəli yaşayış binasında təmir-tamamlama işlərinə əməyin mühafizəsi üzrə müvafiq qaydalara uyğun şəkildə təlim və təlimatlandırma keçməmiş və xüsusi komissiya tərəfindən bilikləri yoxlanılmamış işçilər cəlb edilməklə sərbəst işləməyə buraxıldıqlarına, həmçinin təhlükəsız iş şəraitinin təmin edilməsi üçün görülmədiyinə görə baş vermiş hadisə ilə əlaqədar İİİ-4-80* “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 1.2, 1.3, 1.4, 1.19, 1.20, 1.30 bəndlərinin tələbləri pozulmuşdur. Qeyd edilən normativ tələblərin pozulması hadisələrin baş verməsinin təşkilati və texniki səbəbi olmuşdur. Peşə hazırlığı və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçməmiş, bilik səviyyələri yoxlanılmamış işçilər tikinti işlərinə cəlb edildiklərinə görə İİİ-4-80* “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 1.19. 1.20 bəndlərinin tələbləri "xxxx" MMC-nin rəhbərliyi tərəfindən pozulmuşdur. Tikinti işlərini həyata keçirən "xxxx" şirkətinin rəhbərliyi norma və qaydaların tələblərinin öz işçiləri və digər şəxslərin tikintiyə cəlb etdiyi işçilər tərəfindən yerinə yetirilməsini, təhlükəsiz iş şəraitini təmin edən tədbirlər planının hazırlanmasını, təmir-tikinti işlərinin aparılmasında istifadə edilən avadanlıq, texnoloji ləvazimat, fərdi mühafizə vasitlərinin öz xarakteristikalarına görə işlərin təhlükəsiz icrasına uyğun olmasını təmin etmədiyinə görə İİİ-4-80* «Tikintidə təhlükəsizlik texnikası>> Tikinti Norma və Qaydalarının 1.2, 1.3, 1.4, 1.30 bəndlərinin tələbləri "xxxx" şirkətinin rəhbərliyi tərəfindən pozulmuşdur. Təmir-tamamlama işlərinə cəlb edilmiş işçilərlə təhlükəsizlik texnikası və peşə hazırlığı üzrə təlim və təlimatlar keçirilmədiyinə və təhlükəsiz iş şərati təmin edilmədiyinə görə zərərçəkmişin özü tərəfindən təhlükəsizlik texnikası qaydalarının pozulması halı müəyyən edilməmişdir Aparılmış tədqiqatın dəyəri 102 (bir yüz iki) manatdır; Sifarişçı "xxxx" MMC və podratçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 01/12-23 nömrəli Xidmət müqaviləsindən görünür ki, müqavilənin 2.2.5 və 5.5-ci maddələrinə əsasən podratçı texniki təhlükəsizlik və əməyin mühafizəsi, hündürlükdə iş görmə, partlayış və yanğın təhlükəsizliyi qayda və normativlərinə ciddi riayət etməli, işçilərini qeyd olunanlar üzrə təlimatlandırmalı və müvafiq təlimlər keçməli, bilik və bacarıqlarını yoxlamalı, baş verə bilmə ehtimalı olan bədbəxt hadisə və digər problemlərlə bağlı vəziyyəti öyrənməli, araşdırmalı, önləmək üçün tədbirlər görməlidir və bu tələblərin pozulması nəticəsində bütün növ məsuliyyət yalnız podratçıya aiddir. Müqavilənin 8-ci maddəsindən görünür ki, işlərin təhlükəsizliyi ilə bağlı podratçı məsuliyyət daşıyır; xx.xx.2024-cü il tarixli, 193 nömrəli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Baxış keçirilən yer Goranboy rayonunda yerləşən "Samovar" kafesi ilə üzbəüz yerləşən "xxxx" MMC tərəfindən tikilmiş binanın həyətidir. Bina 4 mərtəbədən ibarət olub, ağ üzlüklə örtülüdür. Bina ön tərəfdən mişar daşı ilə hörülmüş hasarla örtülmüşdür. Binanın sol tərəfində qırmızı kərpic və taxta töküntuləri müşahidə edilir. Binanın sol arxa küncündə X3 yıxılaraq xəsarət aldığı yeri göstərir. Nicat Qasımovun yıxıldığı yerdə taxta parçaları müşahidə olunur. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün Nicat Qasımovun yıxılaraq xəsarət aldığı dəmir ayaqaltı quraşdırıldığı yerdə müşahidə olunmamışdır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "internet vergi idarəsi"ndən əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** VÖEN ilə 4 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmışdır. Hüquqi ünvanı Şamaxı ayonu, Nüydü kəndidir. Qanuni təmsilçi Şəxsdur. Məhkəmə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 10-cu bəndinə əsasən əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicəprofilaktika tədbirləri, normaları və standartları sistemidir; 54-cü maddəsinin 1-ci bəndinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir; 207-ci maddəsinə əsasən işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir; 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini, binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini təmin etməlidirlər; 238-ci maddəsinə əsasən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. İXM-in: 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İş üzrə müəyyən olunmuşdur ki, Şəxs "xxxx" MMC-nin qanuni təmsilçisidir. Şəxs tərəfindən Goranboy şəhəri, C. Cabbarlı küçəsində yerləşən 4 mərtəbəli binanın tikilməsi zamanı Goranboy rayonu, Balakürd kənd sakini X3 ayağının dəmirin arasında qalaraq əzilməsi nəticəsində xx.xx.2024-cü il tarixdə ehtiyatsızlıqdan az ağır xəsarət almışdır. "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət etməmiş və bunun nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 55.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla iş üzrə məsrəf - ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 (bir yüz iki) manat dövlət hesabına ödənilməlidir. Beləliklə, məhkəmə xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cəzrimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz ) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 (bir yüz iki) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-759/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-759/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver