Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-772/2025 27.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xocalı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Xocalı şəhərində qeydiyyatda olmaqla, Goranboy rayonunun, Aşağı Ağcakənd qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xocalı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-137/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 20 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, borclu Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 137/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək 1780 manat aliment borcu yaranmış və borcunu ödəməkdən yayınmışdır. Nəticədə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xocalı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 izahatında göstərdi ki, icraatında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-137/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 17 sentyabr 2024-cü il tarixdən başlayaraq 15 avqust 2020-ci il təvəllüdlu X1 üçün borclu Şəxs X2nın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində sabit pul məbləgində aliment tutulması qət edilmişdir. İcra sənədi 31 yanvar 2025-ci il tarixdə icraatına daxil olmuşdur. Tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunmuş və bildirişlə birlikdə borclunun yaşadığı ünvana göndərilmişdir. Borclunun 1930 manat aliment borcu yığılmışdır. Borclu ilə mobil telefon vasitəsilə dəfələrlə aliment borcunu ödəməsi üçün danışsa da aliment borcundan bu günə kimi yalnız 150 manat pul tələbkara ödəmişdir. Hazırda borclunun 1780 manat aliment borcu vardır. X2 22 aprel 2025-ci il tarixli ərizə ilə müraciət edərək icra sənədi üzrə məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Yenidən borclu ilə telefon danışığı aparılmış icra şöbəsinə yaxınlaşmağı tələb etsə də imkanı olmadığı üçün gələ bilməyəcəyini, hazırda Bakı şəhərində oldugunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə borclu barəsində axtarış qərarı qəbul edilmiş icrası üçün Xocalı RPŞ-nə göndərilmişdir. Polis əməkdaşların köməkliyi nəticəsində borclu şöbəyə gəlmişdir. Borclunun izahatı alınmışdır. Borclu borcunu tam şəkildə ödəyə bilməyəcəyini bildirmişdir. Borclunun barəsində İXM-nin 528.1-ci madddəsi ilə protokol tərtib olunmuşdur. Hazırda borclu Şəxs aliment borcundan 23 may 2025-ci il tarixdə 500 manat ödəniş etmişdir. Yekunda Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, icra sənədi üzrə üzərinə düşən məsuliyyəti anlayır və aliment borcunu ödəməkdən imtina etmir. Maddi vəziyyəti yaranmış borcu birdəfəlik ödəməyə imkan vermir. Bütün bunlara baxmayaraq, aliment borcundan bugün 500 manat ödəniş etmişdir. İcra sənədinin icrasından yayınmır, icra məmurunun tələblərini də yerinə yetirməyə çalışır. Onun hazırda heç bir gəliri yoxdur, ona görə də aliment borcunun ödənilməsində çətinlik çəkir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-137/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 17 sentyabr 2024-cü il tarixdən başlayaraq 15 avqust 2020-ci il təvəllüdlu X1 üçün borclu Şəxs X2nın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində sabit pul məbləgində aliment tutulması qət edilmişdir. Xocalı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında e16644/2025-80-5 nömrəli bildirişinin surətindən görünür ki, borclu Şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-137/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Xocalı Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş “borclunun axtarışı haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli **********4 nömrəli qəbzdən görünür ki, X4 hesabına 500 manat vəsait köçürülmüşdür; Tələbkar Zərərçəkmiş şəxs Xocalı Rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 26 may 2025-ci il tarixli ərizədən görünür ki, borclu Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə 500 manat ödəniş edilmiş və alimentin ödənilməsinə dair aralarında razılıq əldə edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, icra sənədi üzrə borclu üzərinə düşən öhdəliyini ödəyir. Belə ki, icra məmurunun izahatından göründüyü kimi borclu bugün icra sənədi üzrə 500 manat ödəniş etmişdir. Yəni, Şəxs müəyyən olunmuş borclarının ödənilməsi üçün səy göstərir. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında borclu Şəxs tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-137/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Bu isə onun tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tördilməsini istisna edir. Buna görə də məhkəmə borclu barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 137/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-772/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-772/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver