Məhkəmə qərarları › İş №3(045)-774/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-774/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-774/2025 21.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakİ ilə, xx.xx.1986-cı il tarixdə Goranboy rayonu Cinliboluslu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonu Cinliboluslu kəndində qeydiyyatda olan və Goranboy rayonu, Safikürd kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 21 may 2025-ci il tarixdə Goranboy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 21 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Vəliyev X1 Rayon Məhkəməsinin 2(045)-412/2013 saylı, xx.xx.2013-cü tarixli icra sənədinə əsasən yaranmış 14700 manat aliment borcunu ödəməkdən qəsdən yayınır və icra məmurunun qanuni tələbini yerinə yetirmir. Beləliklə, İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-412/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Borclu Şəxs icra sənədində göstərilən borcun ödənilməsi üçün bildiriş verilmiş və borcu ödəməyi tələb edilmişdir. Lakin, borclu Şəxs aliment borcunu ödəmədiyi üçün borcluya xəbərdarlıq göndərilməsinə baxmayaraq, aliment ödənilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən aliment öhdəliyini tam icra etməmiş, bu səbəbdən borclunu xx.xx.2025-ci il tarixdə AR İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə çıxarılmış və barəsində 8 gün inzibati həbs tənbeh tədbiri verilmişdir. Daha sonra borclu təkrarən Goranboy Rayon İcra və Probasiya Şöbəsinə çağırılmış və aliment borcunu ödəməyi tələb edilmiş, xəbərdarlıq verilmişdir. Lakin, borclu tələbi təmin etməmişdir. Hazırda icra sənədi üzrə cəmi borcu 14700 manat təşkil edir. “Elektron İcra” İnformasiya sistemindən görünür ki, borclu Şəxs adına heç bir əmlak və gəlir yoxdur. Bugünkü tarixdə borclu Vəliyev X1 Rayon İcra və Probasiya Şöbəsinə polis əməkdaşları tərəfindən gətirilmiş və iş üzrə izahatı alınmışdır. O, izahatında məhkəmə qərarından xəbərdar olduğunu, maddi imkanının olmadığını, əlbəəl ödənişlər etdiyini, lakin qəbzi təqdim edə bilmədiyini, adına əmlak və gəlir olmadığını, bugün borcundan heç nə ödəniş edə bilmədiyini qeyd etmişdir. Göstərilənlərə əsasən borclu Şəxs təkrar olaraq aliment pulunu ödəməmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs İXM-in 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, icra sənədi üzrə üzərinə düşən məsuliyyəti anlayır və aliment borcunu ödəməkdən imtina etmir. Hazırda həmin məbləği tam şəkildə tələbkara ödəməyə imkanı yoxdur. Bugünədək icra sənədi üzrə yaranmış borcunun tam şəkildə ödəməməyin səbəbi maddi imkanının olmamasıdır. Bundan başqa yenidən ailə qurmuş və həmin nikahdan bir övladı dünyaya gəlmişdir. Əməlindən peşmandır. Maddi vəziyyəti düzələn kimi, yəni işlədiyi halda borcunu ödəyəcəyini bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy Rayon Məhkəməsinin 2(045)-412/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkarın xeyrinə tutulması müəyyən edilmişdir; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin 25 aprel 2013-cü il tarixli “İcraata başlamaq haqqında” qərarının surətindən və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Vəliyev X1 Rayon Məhkəməsinin 2(045)-412/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Goranboy rayon Məhkəməsinin 8(045)-330/2017 nömrəli, 15 dekabr 2017-ci il tarixli qərardadından görünür ki, Şəxs Zülfüqar oğlunun ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş aliment borcunu ödəyənədək məhdudlaşdırılmışdır; Goranboy rayon Məhkəməsinin 3(045)-389/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Vəliyev X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, borclu Vəliyev X3 barəsində axtarış elan edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qərəzli olaraq icra sənədlərini icra etməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi özünün izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, İXM-in 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmir. İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə- fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli edib peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, zərərçəkmişin mənafeyini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən İXM-in 40.0.1, 43, 114-115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəliyev X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 21 may 2025-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar