Məhkəmə qərarları › İş №3(045)-78/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-78/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-78/2024 15.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Göygöl rayon DYPB-nın polis mayoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 rayon DYPB-nın polis mayoru X6 inzibati tənbeh tətbiq edilməsi haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Polis Şöbəsinin (X12 Bölməsi) xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarına əsasən onun barəsində Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddələrinin sanksiyası çərçivəsində 400 manat inzibati cərimə tənbeh edilmişdir. O, həmin qərarla razı deyil və hesab edir ki, Göygöl Rayon Polis X11 Polisi Bölməsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarı qanunsuz və əsassızdır. Ona görə də ləğv edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Quşqara yolunda “VAZ 21099” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman polis əməkdaşları onu əsassız olaraq saxlamışlar, saxlama səbəbini dönmə işığını (işıq cihazlarından istifadə qaydalarını pozmağa görə). Bundan sonra polis əməkdaşları onu avtomobillərinə dəvət etmişlər, bildirmişlər ki, “sənin sərxoş olub-olmamağını yoxlamalıyıq”. Alkotester vasitəsilə onun sərxoş olub-olmadığı yoxladıqdan sonra bildirmişlər ki, “sən sərxoşsan”. O, polis əməkdaşlarına etiraz etmişdir ki, “mən sərxoş deyiləm”, buna baxmayaraq onu şöbəyə aparmışlar, nəticəsə 400 manat cərimə olunmuşdur. Onun özü xx.xx.2023-cü il tarixdə tibbi müayinədən keçmiş, 3838/2023 nömrəli, xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə tibbi müayinə haqqında protokola əsasən o hadisə günü ayıq olmuşdur. Sərxoşluğun müayinəsindən boyun qaçırma qadağandır. Lakin, o özü israr və təkid etməyinə baxmayaraq onun üzərində tibbi müayinə aparmamışlar. Göründüyü kimi, onun əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-cü maddəsində göstərilən məsuliyyətin yaranması üçün onun avtomaşını sərxoş vəziyyətdə idarə etməyi həlledici dispozitiv şərtdir. 3838/2023 nömrəli, xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə tibbi müayinə haqqında protokola əsasən o hadisə günü ayıq olmuşdur. Yəni onun xx.xx.2023-cü il tarixdə sərxoşluq vəziyyətinə dair fərqli nəticələr müəyyən edən alkotester cihazı ilə müayinə olunmağa dair protokol və həkim müayinəsi aktı kimi sübutlar mövcuddur ki, bu da öz növbəsində onun hadisə günü sərxoş olmağı faktını şübhə altında qoyur. Mənim xx.xx.2023-cü il tarixdə sərxoş olmağım barədə heç bir dəlil və sübut olmadan haqsız 400 manat cərimə edilmişdir. Onun inzibati xətanı törətməyi yalnız inzibati tənbeh vermə qərarda öz əksini tapmışdır. Səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında protokolu tələb edib onun qanuna uyğunluğunu tədqiq etməli olduğu halda bunu etməmişdir. Bundan başqa, yol hərəkəti qaydalarının onun tərəfindən pozulmasının xüsusi texniki vasitələrlə qeydiyyata alınıb-alınmadığı araşdırılmamış, bu məqsədlə video görüntülər və ya fotoşəkillər təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 izahatında göstərdi ki, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, hadisə günü içkili olmamış, polis əməkdaşları içkili olması barədə inzibati xəta haqqında protokola onun tərəfindən qeyd yazılmasını tələb etmişlər. Həmin gün o, özü tibbi müayinəyə getmiş və ayıq olması barədə sənəd əldə etmişdir. Həmin sənədin surətini məhkəməyə təqdim etmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, polis əməkdaşları onun barəsində protokolu 10:46-da tərtib etmişlər. Onun içkili olub-olmamadığı yoxlanarkən alkotestr qəbzində 0,00 faiz promil olduğunu görmüşdür. Həmin vaxt polis əməkdaşları tərəfindən heç bir əlavə subut, yəni video və ya audio yazı aparılmamışdır. Təxminən 5-6 saat sonra o, Gəncə şəhərində yerləşən tibb müəsisəsindən sərxoşluğun müəyyən edilməsi məqsədilə müayinədən keçmiş və sərxoş olmadığı müəyyən edilmişdir. O, polis əməkdaşlarına ümumi olaraq 3 gün öncə içki qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, inzibati xəta haqqında iş üzrə icraat materialına onun iştirakı olmadan baxılması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tərəfindən verilmiş şikayətin əsassız olduğundan şikyətin təmin edilməməsi və inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 24 dekabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 22 dekabr 2023-cü il tarixdə saat 10:46-da “VAZ 21099” minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini işıq cihazlarından istifadə qaydalarını pozduğu və sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur; xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədtiyinə görə, barəsində 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; xx.xx.2023-cü il tarixli, İN 642013 nömrəli alkotester rəyindən görünür ki, X5 həmin tarixdə saat 10:38-də sərxoş (0,343%) olmuşdur; xx.xx.2023-cü il tarixli, 3838/2023 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, X1 16:30-da sərxoş olmadığı aşkar edilmişdir; xx.xx.2023-cü il tarixli “avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” aktından görünür ki, X3 idarə etdiyi ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil duracağa yerləşdirilmiş və xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinin saxlanılmasına səbəbi aradan qaldırıldığından duracaqdan buraxılmışdır. Həmçinin, X5 həmin aktda spirtli içki qəbul etdiyini etiraf etmişdir; Məhkəmə iclasında baxış keçirilmiş “CD” diskdən görünür ki, X5 1 gün öncə iki bakal çaxır içdiyini etiraf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.2-cü bəndində əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. İXM-in: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə iclasında müəyyən edildi ki, X5 xx.xx.2023-cü il tarixdə, saat 10:46-da “VAZ 21099” minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə saxlanılmış, yoxlama zamanı sürücü X3 nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi məlum olmuş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Onun sərxoşluq vəziyyəti xüsusi texniki vasitənin köməyi ilə yoxlanılmış və bu barədə 24 dekabr 2023-cü il tarixli protokol tərtib olunmuşdur. Sürücü protokola imza etmiş və protokolun surətini almışdır. Həmçinin, avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktında spirtli içki qəbul etdiyini etiraf etmişdir. X4 alkoqolun miqdarı 0,343 faiz, yəni qanunvericiliyin müəyyən etdiyi sərxoş vəziyyətdə olması hesab edilməsinə əsas verən ölçüdən artıq olmuşdur. Məhkəmə, X3 təqdim etdiyi 3838/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolunun surətinə münasibətdə qeyd edir ki, həmin sənəd onun 22 dekabr 2023-cü il tarixdə saat 16:30-da ayıq olmasını təsdiq etsə də, mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, X5 onun sərxoşluq vəziyyətinin xüsusi texniki vasitə ilə yoxlanılmasına etiraz etməmiş və protokola spirtli içki qəbul etməsi ilə bağlı aktda qeyd etmişdir. Odur ki, onun təqribən 06 saat sonra tibbi müayinə olunaraq ayıq olması barədə sənəd əldə etməsi onun 22 dekabr 2023-cü il tarixdə saat 10:46-da sərxoş olması faktını təkzib edə bilməz. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir; 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinin pozulması və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli şəxsin əldə etdiyi sübutlar X3 hadisə günü, yəni 22 dekabr 2023-cü il tarixdə saat 10:46-da sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsini təsdiq edir. Bu səbəbdən X3 Göygöl rayon DYPB-nın polis mayoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. İXM-in 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-in 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Göygöl rayon DYPB-nın polis mayoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar