Məhkəmə qərarları › İş №3(045)-78/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-78/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-78/2025 06.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 03 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola görə Şəxs tərəfindən Goranboy rayonu Bakı-Qazax avtomobil yolunda xx.xx.2024-cü il tarixdə, saat 11:10-da açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(045)-982/2024 nömrəli Qərarı ilə Şəxsnun barəsində İXM-in 428.7.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(104)-722/2024 nömrəli qərarı ilə Şəxs barəsində İXM-in 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Goranboy Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qərarından Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Goranboy Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 3(045)-982/2024 saylı qərarı ləğv edilərək, iş yenidən araşdırılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X2 izahatında göstərdi ki, Şəxs tərəfindən açıq məkanda reklam yerləşdirilməsi qaydaları pozulmuşdur. Yəni, Şəxs tərəfindən ona məxsus "Nur Mebel" obyekti üzərində icazəsiz reklam yerləşdirilmişdir. Bununla bağlı Şəxs Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən yazılı göstəriş göndərilmiş və həmin göstəriş Şəxs anası Telan Alzamanova tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Lakin buna baxmayaraq, Şəxs tərəfindən həmin yazılı göstərişə riayət olunmamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, Goranboy rayonu Bakı-Qazax avtomobil yolunda yerləşən "Nur Mebel" adlı obyektin sahibidir. Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən yazılı göstərişin göndərilmiş, həmin göstəriş xx.xx.2025-ci ill tarixdə Telan Alzamanova tərəfindən qəbul edilərək ona verilmişdir. Hazırda tələb olunan rüsum reklam agentliyinə ödənilmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Resoublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin 12 saylı ərazi vergilər baş idarəsi tərfindən verilmiş şəhadətnamədən görünür ki, Şəxs (VÖEN **********) vergi orqanında uçota alınmışdır; Fotoşəkillərdən görünür ki, Şəxs “Nur Mebel” adlı obyektdə açıq məkanda reklam yerləşdirmişdir; “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə” xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Goranboy rayonu Bakı-Qazax avtomobil yolunda yerləşən “Nur Mebel” adlı obyektin sahibkarı Şəxs tərəfindən açıq hava məkanında reklamın yerləşdirilməsi barədə icazənin verilməsi üçün müraciət edilmişdir; 12 iyul 2024-cü il tarixli 2080 nömrəli “açıq məkanda qanunvericilik aktının tələbləri pozulmaqla yayımlanan reklamların təsvir olunması barədə” aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs məxsus Goranboy rayonu Bakı-Qazax avtomobil yolunda yerləşən “Nur Mebel” adlı obyektin fasadında 18,46 m2 ölçüdə reklamlarının yayılması aşkar edilmişdir; 12 iyul 2024-cü il tarixli “açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldlrılması barədə” yazılı göstərişdən görünür ki, Goranboy rayonu Bakı-Qazax avtomobil yolunda “Nur Mebel” adlı obyekdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icazə sənədlərinin alınması və icazə müqaviləsinin bağlanması üçün idarəyə müraciət etməsi tələb olunmuş, əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndəriləcəyi bildirilmişdir; “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, 12 iyul 2024-cü il tarixli icrası məcburi olan yazılı göstəriş xx.xx.2024-cü il tarixdə Şəxs göndərilmiş və anası Telan Alzamanova tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edildiyi müəyyən edilmişdir. İXM-in 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Qanununun qeyd olunan normasına əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xəta (hazırkı işə münasibətdə) yazılı göstərişin vaxtında və tam yerinə yetirilməməsi anından törədilmiş hesab olunur. "Reklam haqqında" Azərbaycan Respublikasinin Qanununun 2.0.1-ci maddəsində qeyd edilmişdir ki, reklam-reklam istehlakçısının (hamınızın bildiyi kimi, istehlakçı dedikdə, iqtisadi əmtəə və xidmətləri satın alaraq stifadə edən şəxs nəzərdə tutulur - konkret halda bu alıcıdır) diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışım stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. "Reklam haqqında" Azərbaycan Respublikasinin Qanununun 26.8-ci maddəsinə əsasən, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), reklam hesab edilmir. “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın 3.2-ci maddəsinə əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. Həmin qanunun dispozisiyasından da görünür ki, yoxlama zamanı aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq qurum reklam yayıcısına icrası məcburi olan göstərişi verdikdən 5 gün sonra qanunda nəzərdə tutulmuş digər tədbirləri görə bilər. İXM-in: 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İşin hallarından göründüyü kimi Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən Şəxs açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində yazılı göstəriş verilmiş və həmin yazılı göstəriş Telan Alzamanova (Şəxs anası) tərəfindən qəbul edilərək Şəxs xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, həmin yazılı göstərişi sonuncu 10 avqust 2024-cü il saat 23:59-dək tam icra etməli olduğu halda icra etməmiş, nəticədə o, İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı xx.xx.2025-ci il tarixdə törətmişdir. Lakin inzibati xətanın baş verdiyi tarixdən hazırkı tarixədək 4 (dörd) aydan çox müddət keçdiyi üçün inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 428.7.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53.1.6, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HakimTaleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar