Məhkəmə qərarları › İş №3(045)-787/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-787/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-787/2025 02.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Kəlbəcər rayonu, Cəmilli kəndində qeydiyyatda olan və Goranboy rayonu, Qaraçinar kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 31 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 31 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 31 may 2025-ci il tarixdə, saat təxminən 15:30-da Goranboy rayon Mərkəzi Xəstəxanada yüksək səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsnən tabə olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 15:30 radələrində Goranboy rayon Mərkəzi Xəstaxanasında polis kapitanları Rəcəb Cəbrayılov, Vahid Əhmədov, polis baş serjantı Səlman Nərimanlı və polis baş leytenantı Vüqar Kərimli xidmətdə olan zaman adları sonradan onlara məlum olan Şəxs və X1 xəstəxanada uca səslə qışqıraraq, ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduqlarını görmüşlər. Onlar həmin şəxsləri nizam-intizama dəvət etmələrinə baxmayaraq Şəxs və X3 qəsdən polisin qanuni tələbinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdilər. Daha sonra onlar həmin şəxsləri Goranboy RPŞ-nin növbətçi hissəsinə gətirərək təhvil vermişlər. Bununla da Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, onun iribuynuzlu heyvanları vardır. xx.xx.2025-ci il tarixdə o heyvanları otlamaları üçün Qaraçinar kəndində sahəliyə otluğa buraxmışdır. Lakin, onun heyvanları itmişdir və iki gün idi ki, o heyvanlarını axtarmışdır. xx.xx.2025-ci il tarixdə o heyvanları axtarmaq üçün hər yeri gəzmiş və sonunda işğaldan azad olunmuş Barambard meşəliyinə getmişdir. Meşədə olan zaman həmkəndlisi olan Qalib Abbasov minaya düşdü və ayaqlarından xəsarət aldı. Onlar Qalibi maşına qoyub Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Həmin hadisənin həyəcanı və qorxusundan onlar xəstəxanada səs-küy salmağa, yüksək səslə həkimlərə qışqırmağa və onların xidməti fəaliyyətinə maneçilik törtəməyə başladılar. Bu zaman xəstəxanada olan polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və onu nizam-intizama dəvət etdilər. Lakin, o həmkləndisi Qaslib Abbasovu yaralı vəziyyətdə gördüyü üçün polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. Əməlindən çox peşmandır, odur ki, barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X7 bildirdi ki, xx.xx.2025-ci il tarixdə şöbənin əməliyyat-istintaq qrupunun üzvü idi. Xidmətdə olan zaman Goranboy Rayon Mərkəzi Xəstəxanasında öz hərəkətləri ilə ictimai qaydanı pozan iki nəfər şəxsin olması barədə məlumat daxil olmuşdur. Əməliyyat-istintaq qrupunun digər üzvləri ilə birlikdə xəstəxanaya getmiş və orada adları onlara sonradan məlum olan iki nəfər şəxsin yüksək səslə qışqıraraq, ünvanlı-ünvansız nalayiq ifadələr işlətməsini görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və sonuncuları nizam-intizama dəvət etsələr də, onlar polisin qanuni tələbinə qsədən məhəl qoymadan öz hərəkətlərinə davam etdilər. Onlar da həmin şəxsləri Goranboy RPŞ-yə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin YYÇPİTQ-nin inspektoru X8, Goranboy RPŞ-nin NH-nin sürücüsü X6 iş üzrə digər şahid X4 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin YYÇPİTQ-nin inspektoru Vüqar Kərimli, Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Vahid Əhmədov, Goranboy RPŞ-nin İB-nin müstəntiqi Rəcəb Cəbrayılov və Goranboy RPŞ-nin NH-nin sürücüsü Salman Nərimanlı tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 15:30 radələrində Goranboy rayon Mərkəzi xəstaxanasında polis kapitanı Rəcəb Cəbrayılov, polis kapitanı Vahid Əhmədov və polis baş serjantı Səlman Nərimanlı ilə birlikdə xidmətdə olan zaman adları sonradan onlara məlum olan Şəxs və X1 xəstəxanada uca səslə qışqıraraq, ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduqlarını görmüşlər. Onlar həmin şəxsləri nizam-intizama dəvət etmələrinə baxmayaraq Şəxs və X3 qəsdən polisin qanuni tələbinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdilər. Daha sonra onlar həmin şəxsləri Goranboy RPŞ-nin növbətçi hissəsinə gətirərək təhvil vermişlər. Odur ki, X3 və Şəxs barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahid izahatı, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 31 may 2025-ci tarixdə Goranboy Rayon Mərkəzi Xəstəxanasında uca səslə kobud ifadələr işlədərək, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 31 may 2025-ci tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını və vətən müharibəsinin iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran halı müəyyən etmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin, həmçinin İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 150 (bir yüz əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar