Məhkəmə qərarları › İş №3(045)-790/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-790/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-790/2025 04.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, müdafiəçi Goranboy Rayon Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Goranboy rayonu, Veyisli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kəlbəcər rayonu, Bağırlı kəndində qeydiyyatda olan və Goranboy rayonu Veyisli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində İXM-in 510cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 02 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci tarixdə Goranboy şəhəri Yeni binaların qarşısında ictimai yerdə səs-küy salaraq ictimai qayda pozuntusu etmişdir. Bununla da, xırda xuliqanlıq əməli törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Goranboy şəhər sakinləri X10 və X7 RPŞnin rəhbərliyinə və Azərbaycan Respublikası DlN-nin “102” çağrı mərkəzinə müraciət edərək vətəndaş Şəxs uca səslə nalayiq ifadələr işlətdiyini bildirmişlər. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şəxs Goranboy rayonu Xocalılar binasının qarşısında, ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Yekunda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, barəsində şikayət edən X7 onun həyat yoldaşıdır. Həyat yoldaşı Ayşə İbrahimova ilə aralarında baş vermiş narazılığa görə sonuncu anası evinə getmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə uzun müddətdir uşaqlarını görmədiyi üçün və həyat yoldaşı xəstə olduğu üçün meyvə-tərəvəz alaraq onlara getmişdir. Orada olan zaman uşağı ilə görüşmüş və ikinci övladını da görmək istədiyini bildirmişdir. Həmin vaxt həyat yoldaşı Ayşə İbrahimova uşağın evdə olmadığını və ümumiyyətlə göstərməyəcəyini bildirərək evdən getməsini istəmişdir. O isə uşağını görməkdə israrlı olduğu üçün heç bir yerə getmədiyini bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbi olduğu və həyat yoldaşının qohumları müdaxilə etdiyi üçün uca səslə səs-küy salaraq onların ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra barəsində şikayət edildiyinə görə hadisə yerinə polis əməkdaşları gəlmişlər və izahatının aslınması üçün şöbəyə aparmışlar. Əməlindən peşmandır və göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X5 çıxış edərək Şəxs barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun həyat yoldaşıdır. Şəxs ilə birgə nikahdan iki övladı vardır. Həyat yoldaşı ilə arasında narazılıq olduğu üçün uşaqları ilə birlikdə atası evinə getmişdir. xx.xx.2025-ci il tarixdə həyat yoldaşı atası evinə gələrək binanın qarşısında səs-küy salmağa başlamış və sonra mənzilin qapısını döyərək uşaqlarını görmək istədiyini bildirmişdir. Buna görə də, o, qapını açmış və Səxavət uşağı görmüşdür. Daha sonra evin içərisinə daxil olaraq onun ailə üzvlərini gözləyəcəyini bildirmişdir. O isə buna etiraz etmiş və həyat yoldaşına evdən getməsini bildirmişdir. Bu zaman Şəxs uca səslə səs-küy salaraq heç bir yerə getməyəcəyini bildirmişdir. Daha sonra o, ailə üzvlərinə zəng edərək bu barədə məlumat vermişdir. Hadisə yerinə gələn dayısı, anası və xalası Səxavətə sakitləşməsini və evdən çıxmasını xahiş etmişlər. Lakin, Səxavət məhəl qoymaraq uca səslə onların ünvanına nalayiq ifadələr işlətməyə və dayısına yumruqla xəsarət yetirməyə başlamışdır. Ona görə də, o, bu barədə RPŞ-yə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhərində bacısı gilə qonaq getmişdir. Orada olan zaman bacısının nəvəsi Ayşə İbrahimova ona zəng edərək həyat yoldaşı Şəxs evə gələrək onu öldürməklə hədələdiyini və səs-küy saldığını bildirmişdir. O, dərhal Mingəçevir şəhərindən Goranboy rayonuna getmiş və orada Şəxs binanın qarşısında uca səslə səs-küy saldığını görmüşdür. Həmin vaxt Şəxs sakitləşməsini bildirmiş, lakin buna baxmayaraq, sonuncu onun, Ayşənin və bacısının ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Buna görə o da Şəxs DİN-in 102 çağrı mərkəzinə şikayət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin NH-nin məsul növbətçisi Elşad Məmmədov tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:34 dəqiqədə RPŞ-nin növbətçi hissəsinə Azərbaycan Respublikası DlN-nin 102 xidmətindən daxil olmuş (**********) (Münaqişə) məlumatda göstərilmişdir ki, vətəndaş X10 ***-***-**-** nömrəli telefonla zəng vuraraq, ünvan 2 ünvanında münaqişə olduğunu bidirib Polisin təcili yaxınlaşmasını istədiyini bildirmişdir.Odur ki, aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; X7 tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində həyat yoldaşı Şəxs yaşadığı ünvana gələrək uca səslə nalayiq ifadələr işlətdiyini bildirmişdir. Odur ki, tədbir görülməsini xahiş etmişdir; “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xx.xx.2025-ci tarixdə saat 23 radələrində Goranboy şəhəri, Yeni Binaların qarşısında nalayiq ifadələr işlətməsi məhkəmə iclasında araşdırılan sübutlarla təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci tarixdə Goranboy rayonu, Yeni Binaların qarşısında ictimai yerdə arvadı X3 və ətrafadkı şəxslərə qarşı nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Qeyd olunanlara əsasən İXM-in 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəm QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 02 iyun 2025-ci il tarixdən, saat 23:50-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. X5 tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 2 (iki) iş saatı üçün cəmi 22 (iyirmi iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar