Məhkəmə qərarları › İş №3(045)-793/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-793/2024

30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-793/2024 30.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Şikayət vemiş şəxs X2 iştirakı ilə, X3 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı 21355756 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı 21355756 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Goranboy Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 3(045)-316/2024 nömrəli qərarı ilə onun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Həmin qərardan apeliyasiya şikayəti vermiş və verdiyi apellyasiya şikayəti təmin olunaraq Gəncə Apeliyasiya Məhkəməsinin 27 may 2024-cü il tarixli, 3(104)-285/2024 nömrəli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Sözügedən iş üzrə apeliyasiya şikayətinə baxılan müddətdə, xx.xx.2024-cü il tarixdə yol hərəkəti qaydasını (müyyən edilmiş sürət həddini aşma) pozduğu üçün o, 50 manat “SmsRadar” tətbiqi vasitəsilə cərimə olunduğunu görmüşdür. Həmin cərimə ilə razılaşmış. Hətta iyul ayında da 50 manat olunmağı ilə bağlı EQ 21355756 nömrəli qərar yaşadığı ünvana gəlmişdir. Bu gün, yəni xx.xx.2024-cü il tarixdə elektron qaydada cəriməni yoxlayan zaman həmin 50 manat cərimənin 300 manat olduğunu görmüşdür. O, həmin cərimə ilə razılaşmır. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan sürücülük hüququ olduğu halda yol hərəkəti qaydasını pozmağı səbəbindən ona 50 manat yazılmalı olan cərimə 300 manat olmuşdur. Bu səbəbdən barəsində İXM-nin 328-ci maddəsi ilə təqsirli bilindiyi qərarla razı deyildir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 22 fevral 2024-cü il tarixdə Mingəçevir şəhərində DYPB-nin YPX-nin inspektoru tərəfindən saxlanılmış və barəsində İXM-in 333.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bundan sonra həmin protokol baxılması üçün Goranboy rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin qərarı ilə onun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. O, həmin qərardan apeliyasiya şikayəti vermiş və verdiyi apellyasiya şikayəti təmin olunaraq iş üzrə icraata xitam verilmişdir. Sözügedən iş üzrə apeliyasiya şikayətinə baxılan müddətdə, xx.xx.2024-cü il tarixdə yol hərəkəti qaydasını pozduğu üçün o, 50 manat cərimə olunmuşdur. O, cəriməni yoxlayan zaman həmin cərimənin 50 manat yox, 300 manat olduğunu görmüşdür. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı 21355756 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 21355756 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “VAZ 21154” minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə, saat 01:13-də Qəbələ ray., Böyük Pirəli kənd orta məktəbin yanı Ağdaş istiqamətində yolda müəyyən edilmiş hərəkət sürəti 30 km/saat həddində aşılmışdır. X1 İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-285/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X2 Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Goranboy rayon Məhkəməsinin 19aprel 2024-cü il tarixli 3(045)-316/2024 nömrəli qərarı ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. Hüquqi əsaslandırma: İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 6-cı maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir (Qanunçuluq prinsipi); 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 135.1 və 135.1.5-ci maddələrinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə edilir; 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi hazırkı halda X3 barəsində xx.xx.2024-cü il tarixli, EQ seriyalı 21355756 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə inzibati məsuliyyətin əsaslarını pozmuşdur. Belə ki, ilk növbədə inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Lakin, iş üzrə müəyyən olunduğu kimi X2 hərəkətlərində İXM-in 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyil. Həmçinin, X3 həmin inzibati xətanın subyekti olmamışdır. Bundan başqa inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan tərəfindən İXM-in qanunçuluq prinsipinin tələbləri də pozulmuşdur. Həmin prinsipin məzmununa uyğun olaraq inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilməlidir. Lakin, göründüyü kimi inzibati orqan inzibati tənbehi İXM-in tələblərinə uyğun tətbiq etməmişdir. Belə ki, X3 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 21355756 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-in 328.2-ci maddəsi ilə təqsirli bilinsə də onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməmişdir. Belə ki, həmin qərardan göründüyü kimi onun barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin, nəzərə alınmalıdır ki, sözügedən maddənin sanksiyasında həmin məbləğdə inzibati cərimə nəzərdə tutulmamışdır. Ümumiyyətlə, xx.xx.2024-cü il tarixli, EQ seriyalı 21355756 nömrəli inzibati tənbeh vermə haqqında qərarda X2 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs olaraq nəqliyyat vasitəsini idarə etməsinə görə məsuliyyətə cəlb olunduğuna dair qeyd yoxdur. Beləliklə, X3 barəsində inzibati xətaya görə tənbeh İXM-ə uyğun tətbiq edilməmişdir. Bu halda nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarına əsasən cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Məhkəmə şikayət vermiş şəxsin digər tələbinə, yəni iş üzrə icraata xitam verilməsinə dair qeyd etməyi zəruri hesab edir ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi “VAZ 21154” minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə, saat 01:13-də Qəbələ ray., Böyük Pirəli kənd orta məktəbin yanı Ağdaş istiqamətində yolda müəyyən edilmiş hərəkət sürəti 30 km/saat həddində aşılmışdır. Bu hal məhkəmə iclasında tədqiq edilmiş X2 izahatı ilə də öz təsdiqini tapmışdır. Yəni, toplanmış ilkin sübutlarla İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi aşkardır. Bu səbəbdən də şikayətin iş üzrə icraata xitam verilməsi hissəsində məhkəmə şikayəti əsassız hesab edir. Məhkəmə qeyd edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmalı olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı 21355756 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İXM-in: 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı 21355756 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar