Məhkəmə qərarları › İş №3(045)-804/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-804/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-804/2023 22.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müqavilə əsasında müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1961-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Goranboy rayonunun Nizami kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon prokurorluğundan daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X2 24 avqust 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X7 tərəfindən MN seriyalı ******* nömrəli, 22 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy rayonunun Aşağı Ballıqaya kəndində yaşayan Zərərçəkmiş şəxs itələməsi və yerə yıxaraq ona sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında Goranboy rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Goranboy rayonunun Nizami kəndində yaşayan Xəlilov X6 RPŞyə ərizə ilə müraciət etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Şəxs onu döydüyünü bildirmişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, 22 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, onun daimi iş yeri yoxdur, ona görədə yaşadığı kənddə təsərrüfatla məşğul olur. X8 yaşadığı kəndin ərazisində fəaliyyət göstərən "Cavadxan" sudan istifadə birliyinin direktorudur. Zərərçəkmiş şəxs onun oğludur. Onlar hər biri ilə münasibəti yaxşı olub, heç bir düşmənçiliyim və ədavətim olmayıb. xx.xx.2023cü il tarixdə saat 12 radələrində Gəncə şəhərinə azyaşlı nəvəsini həkimə apardığı zaman görmüşdür ki, traktor sürücü onun həyətinə gedən su arxını bağlayır, həmin vaxt onun yanında Zərərçəkmiş şəxs dayanmışdır və traktor sürücüsünə göstəriş verirdi. O həmin vaxt yaxınlaşmış və traktor sürücüsünə demişdir ki, “həmin arx mənim həyətimə gedir bağlama”, Cavid İsə həmin vaxt traktor sürücüsünə “mən deyirəm bağla” demişdir. Həmin vaxt aralarında narazılıq yaranmış və onlar Cavidlə sözlə mübahisə etmişlər, Cavid onun ünvanına söyüşlər söyərək əlinə dəmir lomu götürərək onu vurmaq üçün üzərinə gəlmiş, o da özünü müdafiə etmək üçün Cavidin yaxasından tutub itələmişdir. O Cavidə “sən kimsən, mən səni suya baxan kimi tanımıram, sən mənim nəvəm yerindəsən, sənə kim ixtiyar verib ki suyu bağlayırsan” demişdir. Bu vaxt Cahangir adlı qonşusu çölə çıxmış və onu sakitləşdirib həmin yerdən onu yola salmışdır. O da həmin yerdən getmiş, gələndə görmüşdür ki onun həyətinə gedən suyun önü bağlanıb. Mübahisə zamanı o Cavidi döyməmiş, yaxasından tutub itələmiş, Cavid yalan məlumat verib. Mübahisə zamanı o heç bir xəsarət almamış, ona gördə MTE-dan keçməkdən imtina edir. Cavid onu yalnız təhqir etmişdir və lomla üzərinə gəlmişdir, ancaq vura bilməmişdir. Göstərilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, X8 atasıdır. Atası Goranboy rayonu Nizami, Xoylu, Azad və Dəyirmanlar kəndləri ərazisində suvarma işləri ilə məşğul olur, “Cavadxan” sudan istifadə birliyinin icraaçı direktorudur. Həmin əraziyə verilən sulara cavabdeh şəxsdir. xx.xx.2023-cü il tarixdə Goranboy rayonu Nizami kənd icra nümayəndəsi Elvin Musayev atasına bildirmişdir ki, pambıq strateji məsul olduğuna görə arxların suyunu pambığa doğru açılsın. Atasının işi olduğuna görə ondan xahiş etmişdir ki, idarə tərəfindən verilən traktor sürücüsü ilə birlikdə suyun arxlarını pambığa doğru açsın. Çünki arxı atasından başqa o tanıyır. O, traktor sürücüsü Mobillə ilə birlikdə saat 13:00 radələrində suyu açdığı zaman Nizami kənd sakini Behbud adlı şəxs ona yaxınlaşaraq nə üçün arxı bağladıqlarını demiş, o isə demişdir ki icra nümayəndəsi göstəriş verib. Həmin vaxt Behbud əli ilə onun boynuna vurmuş və əlləri ilə onun boyun nahiyəsindən tutub onu təhqir etmişdir. Onlar mübahisə etdikləri zaman orda Mobil və Behbud olmuşdur. O isə Behbud yaşlı olduğuna görə Behbuda heç bir xəsarət yetirməmişdir. Hal-hazırda Şəxslə aralarında barışıq yoxdur və barışmaq fikrində də deyildir. Yekunda məhkəmədən onun barəsində tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, o JCB markalı traktor idarə edir. Həmin traktorla qazıntı işləri aparır. xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində “Cavadxan” sudan istifadə birliyinin direktoru Cabir Xəlilov ona zəng edərək bildirmişdir ki, Goranboy rayonu Nizami kəndində pambıq sahələrinə su açılmalıdır. Həmin vaxt Cabirin özünün iş olduğuna görə onun yanında oğlu Zərərçəkmiş şəxs getmişdir. Goranboy rayonu Nizami kəndində o arxların önünü qazaraq bağladığı zaman adını sonradan bildiyi Behbud adlı şəxs gəlmiş, nə üçün on arxının önünü bağlamağını demiş, o isə ona demişdir ki su pambığa gedir, həmin vaxt Behbud işi saxlamayacağı halda trakturun şüşəsini sındıracağını demiş, o işini saxlamış, bu zaman Cavidlə Behbud mübahisə etmişlər və Behbud Cavidin boğaz nahiyəsindən əli ilə tutub itələmiş, sonra onları aralamışlar. Behbud həmin yerdən gedəndən sonra o işini davam etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X4 Publik Hüquqi şəxsin 506 nömrəli, 02 avqust 2023-cü il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-boyunun sol yan səthinin və sağ yanaq nahiyəsinin qançırları bərk KÜT əşyanın o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən əllə, yumruqla vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğuna üçün dərəcəsi təyin edilmir; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Goranboy RPŞ-nin TBnin baş təhqiqatçısı X2 24 avqust 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞnin İTB-yə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Məhkəmə, iş üzrə toplanmış sübutlara, şahidin izahatına, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən müharibə veteranı olmasını (əsas: Vəsiqə № 020661) onun məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar