Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-805/2024 26.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, X6 katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Kəlbəcər rayonunun Həsənlər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Kəlbəcər rayonunun Həsənlər kəndində qeydiyyatda olan və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 23 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində keçmiş Xocalı RPŞ-nin inzibati binasının qarşısında ünvanlı-ünvansız nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi ərazisində nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində keçmiş Xocalı RPŞ-nin inzibati binasının qarşısında aqressivləşmiş və nalayiq ifadələr işlətmişdir. Etdiyi əməldən peşmandır. Gələcəkdə bu cür hallara yol verməyəcəkdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Goranboy RPŞ-nin PPXBnin polis nəfəri Seymur Haqverdiyev tərəfindən Goranboy RPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 19:00 radələrində adı sonradan mənə məlum olan Kəlbəcər rayon Həsənlər kəndində anadan olmuş və orada qeydiyyatda olmaqla Goranboy rayon, Qaraçinar kəndində yaşayan Salmanov X2 rayonu, Ağcakənd qəsəbəsində yerləşən polis bölməsinin inzibati binasının qarşısına yaxınlaşaraq sərxoş vəziyyətdə Goranboy rayon, Gülüstan kəndində 1992-ci ildən qalmış su borularının ondan icazəsiz olaraq polislər tərəfindən aparılmasını bildirərək uca səslə səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək çıxıb getmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 22 avqust 2024-cü Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində səs-küy salmış, nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinin tələblərini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-805/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-805/2024
26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver