Məhkəmə qərarları › İş №3(045)-827/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-827/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-827/2025 18.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsindən Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı materiallar 18 iyun 2025-ci il tarixdə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. 17 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 17 iyun 2025-ci il tarixdə, saat 17 radələrində Goranboy şəhəri, S. Civəzadə küçəsində ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Goranboy RPŞ-nin İTB-nin polis nəfəri Cəlil Xəlilov xidmətdən qayıtdığı zaman Goranboy şəhər S.Civəzadə küçəsində yerləşən Goranboy RPŞ-nin inzibati binasının qarşısında küçədə bir nəfər şəxsin ucadan qışqıraraq nalayiq ifadələr işlətdiyinin şahidi olmuşdur. Həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və ictimai yerdə nalayiq ifadələr işlətməməsini bildirmişdir. Lakin həmin şəxs öz hərəkətlərini davam etdirdi. Bu zaman PPXB-nin polis nəfəri polis serjantı Ceyhun Yusibov onlara yaxınlaşmışdır. Onlar həmin şəxsi nizamintizama dəvət etsələr də adı onlara sonradan məlum olan Şəxs onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərini davam etdirdi. Sonradan Şəxs RPŞ-yə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların tərkibi olduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə sosial şəbəkə platformasında paylaşımla əlaqədar Goranboy RPŞ-yə dəvət edilmişdir. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində Goranboy RPŞ-yə getmiş və binanın qarşısında uca səslə səs-küy salmağa, paylaşım edənin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona ictimai yerdə səs-küy salmamasını bildirmişlər. Bundan sonra polis əməkdaşları onun izahatının alınması üçün şöbəyə dəvət etmişlər. O, isə əsəbi olduğunu bildirərək şöbənin inzibati binasına daxil olmuşdur. Hazırda etdiyi əməldən peşmandır. Yekunda məhkəmədən onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin polis nəfəri X6 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 17:00 radələrində Goranboy şəhər S. Civəzadə küçəsində yerləşən Goranboy Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında küçədə bir nəfər şəxsin uca səslə nalayiq ifadələr işlətdiyini və RPŞ-nin PPXB-nin polis nəfəri Ceyhun Yusibovun həmin şəxsi nizam-intizama dəvət etdiyini görmüşdür. O, da həmin yerə yaxınlaşıb özünü təqdim edərək ictimai yerdə nalayiq ifadələr işlətməməsini bildirsə də, adı sonradan onlara məlum olan Şəxs uca səslə paylaşım edənin ünvanına nalayiq ifadələr işlətdiyini davam etmişdir. Bundan sonra Şəxs sakitləşməsini bildirərək, izahatının alınması üçün şöbəyə dəvət etmişlər. Daha sonra Şəxs şöbənin inzibati binasına daxil olaraq növbətçi hissəyə təhvil verilmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs heç bir zor tətbiq etmədən onlarla birlikdə şöbəyə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri X5 iş üzrə digər şahid X4 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Goranboy RPŞ-nin İTB-nin sahənin polis nəfəri Cəlil Xəlilov və Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri Ceyhun Yusibov tərəfindən rəhbərliyə ünvanlanmış 17 iyun 2025-ci tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində xidmətdən qayıtdığı zaman Goranboy şəhər S.Civəzadə küçəsində yerləşən Goranboy RPŞ-nin inzibati binasının qarşısında küçədə bir nəfər şəxsin ucadan qışqıraraq nalayiq ifadələr işlətdiyinin şahidi olmuşdur. O həmin şəxsə yaxınlaşıb özünü təqdim edərək ictimai yerdə nalayiq ifadələr işlətməməsini bildirmişdir. Lakin, həmin şəxs öz hərəkətlərini davam etdirdi. Bu zaman PPXB-nin polis nəfəri polis serjantı Ceyhun Yusibov onlara yaxınlaşmış, onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də sonuncu onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərini davam etdirdi. Sonradan adı onlara məlum olan Şəxs RPŞ-yə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Odur ki, Şəxs barəsində aidiyyəti üzrə tətbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir; “İnzibati qaydada tutma haqqında” 17 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:15-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahidin izahatı, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510-cu maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilmişdir. İzah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 17 iyun 2025-ci tarixdə, Goranboy RPŞ-nin inzibati binasının qarşısında ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək uca səslə danışmış, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs polisin hansı qanuni tələbini pozmasını, yəni onun tərəfindən qəsdən tabe olmamanın hansı hərəkətlərində özünü göstərməsi müəyyən olunmur. Yəni, məhkəməyə onun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmədiyindən və məhkəməyə Şəxs tərəfindən hadisə vaxtı polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırkı protokol əsasında Şəxs İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz (İXM-in 8-ci maddəsi). Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, hadisə vaxtı Şəxs 17 iyun 2025-ci tarixdə Goranboy RPŞ-nin inzibati binasının qarşısında polisin qanuni tələbinə tabe olmaması sübuta yetirilmir. Odur ki, Şəxs hərəkətlərində polisin qanuni tələbinə tabe olmamasına dair inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş 17 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata İXM-in 535.1-ci maddəsinə münasibətdə xitam verilməlidir. Eyni zamanda məhkəmə onu da nəzərə alır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8.3-cü maddəsi). İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5 (beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Əməlində İXM-in 535.1-ci maddəsinin inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş 17 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun İXM-in 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraatına xitam verilsin. Həbsetmənin əvvəli 17 iyun 2025-ci il tarixdən, saat 18:15-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. X3 tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 2 (iki) iş saatı üçün cəmi 22 (iyirmi iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar