Məhkəmə qərarları › İş №3(045)-83/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-83/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-83/2024 07.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, şikayət vermiş şəxs X4, Goranboy RPŞ-nin dövlət yol polisi bölməsinin yol-patrul xidmətinin inspektoru X3 iştirakı ilə, X4 Goranboy RPŞ-nin YPX-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 RPŞ-nin YPX-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Goranboy Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Goranboy rayonunun Əzizbəyov kəndində qeydiyyatdadır və orada yaşayır. Onun “Toyota Corolla” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı minik maşını vardır. Həmçinin, sürücülük hüququnu təsdiq edən sürücülük vəsiqəsi də vardır. Bir neçə gün bundan əvvəl öz maşını ilə Goranboy şəhərindən evə gedərkən onu Goranboy rayonunun Yeni Veyisli qəsəbəsi yaxınlığında yol polis əməkdaşı saxlamış və Goranboy rayonunun Rəhimli kəndində yerləşən qəbiristanlığın yanından keçərək yol hərəkəti qaydasını pozduğunu bildirmişdir. O isə etiraz edərək heç bir qayda pozuntusuna yol vermədiyini bildirmişdir. Həmin ərazidə nəzarət kamerası olduğu üçün həmin nəzarət kasmerasına baxmağı tələb etmişdir. Lakin, Goranboy rayon yol-patrul xidmətinin əməkdaşı onun barəsində İXP ******* nömrəli protokol yazaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.2-ci maddəsi ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydasını pozduğu üçün 80 manat cərimə təyin olunduğunu bildirmişdir. O, barəsində yazılmış protokola imza etməmişdir. Protokolun surətini alsa da qərar ona təqdim olunmamışdır. Qərarı xx.xx.2024-cü il tarixdə mütəxəssislərin köməyi ilə internetdən götürmüşdür. Goranboy rayonu yol-partul xidməti tərəfindən onun barəsində yazılmış protokol və qərarı qanunsuz, əsassız hesab etdiyi üçün bir neçə qaynar xəttə zəng edib şikayətini bildirmişdir. Buna baxmayaraq onun şikayətləri nəticəsiz qalmışdır. Hesab edir ki, barəsində yazılmış protokol və qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X8 şikayətin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun tərəfindən yol hərəkəti qaydaları pozulmamışdır. Hadisənin görüntüləri polis əməkdaşı tərəfindən təqdim edilmiş və həmin görüntülərə məhkəmə iclasında baxış keçirilmişdir. Həmin görüntülərdən də onun idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozması görünmür. Həmçinin, o, hadisə vaxtı da polis əməkdaşına yol hərəkəti qaydalarını pozmadığını bildirmiş və inzibati xəta haqqında protokolla razılaşmamışdır. Buna baxmayaraq inzibati xəta haqqında protokol Goranboy RPŞ-nin dövlət yol polisi bölməsinin yol-patrul xidmətinin inspektoru X6 tərəfindən tərtib edilmiş və həmin şəxs tərəfindən də onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, Goranboy RPŞ tərəfindən inzibati tənbeh vermə haqqında qərar onun iştirakı olmadan qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Goranboy RPŞ-nin dövlət yol polisi bölməsinin yolpatrul xidmətinin inspektoru X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə X8 idarə etdiyi minik avtomobili ilə yol hərəkəti qaydalarını pozmuş və bu səbəbdən də onun tərəfindən həmin nəqliyyat vasitəsi saxlanılmışdır. Belə ki, X8 əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı həyata keçirmişdir. Bu səbəbdən də X8 barəsində İXMin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında da xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar qanuni olduğundan X8 tərəfindən verilmiş şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, hadisədən bir neçə gün əvvəl qar yağdığından görüntü CD diskdə aydın əks olunmamışdır. X8 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır. X8 barəsində inzibati tənbeh vermə haqqında qərar onun tərəfindən qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin YPX-nin inspektoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 tərəfindən İXMin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir; Goranboy RPŞ-nin YPX-nin inspektoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 **-DP-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” minik markalı avtomobillə xx.xx.2024-cü il tarixdə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuş, bununla da İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X2 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; CD diskdə olan videogörüntüyə baxış keçirilərkən görüntünün aydın olmaması səbəbindən yolda hərəkətdə olan nəqliyyat vasitələrinin markası və dövlət qeydiyyat nişanları müəyyən olunmur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X4 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmasına dair Goranboy RPŞ-nin YPX-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, işə yenidən baxılması Goranboy RPŞ-nin YPX-yə həvalə olunmalıdır. Hüquqi əsaslandırma: 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qanunun tələbindən göründüyü kimi inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Bu halda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Lakin, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X8 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamış, buna baxmayaraq onun barəsində İXM-in 124-cü maddəsinin tələbləri pozulmaqla, yəni inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarına əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Beləliklə, müəyyən olunmuşdur ki, inzibati orqan gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın İXM-lə müəyyən edilmiş xüsusiyyətlərini pozmaqla X7 İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmalı olduğundan Goranboy RPŞ-nin YPX-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İXM-in: 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Goranboy RPŞ-nin YPX-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işə yenidən baxılması Goranboy RPŞ-nin YPX-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar