Məhkəmə qərarları › İş №3(045)-830/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-830/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-830/2025 04.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, şikayət vermiş şəxs X1, qərarından şikayət verilən Goranboy RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X2 iştirakı ilə, X1 Goranboy rayon X8 Bölməsinin yol patrul xidmətinin inspektoru X5 tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN-nin Goranboy rayon X8 Bölməsinin yol patrul xidmətinin inspektoru X5 tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, heç bir yol hərəkətləri qaydasını pozmamışdır. O, xx.xx.2025-ci il tarixində ailə üzvləri ilə birlikdə Goranboy rayonu Börü kəndinə yas yerinə ona məxsus “QAZ-31” markalı fərdi minik maşını ilə getmişdir. Goranboy rayonu Rəhimli kəndinin girəcəyində olan Səfıkürd yol ayrıcında “Stop” yol işarəsi olan yerdə dayanmış və ətrafa nəzər salıb maneə olub-olmadığını yoxladıqdan sonra hərəkətə davam etmiş, qarşıda Yol Patrul Xidməti əməkdaşları dayanmışdılar. Onlardan biri əl edib onu dayandırdı. Patrul xidməti əməkdaşı özünü təqdim edərək sənədlərini tələb etmişdir. O, lazım olan bütün sənədləri Patrul xidməti polis serjantı X3 vermiş və ona yol hərəkət qaydalarını pozduğunu bildirdi. O, isə cavab verdi ki, heç bir yol hərəkəti qaydalarını pozmamışdır. Buna baxmayaraq polis serjantı protokol yazacağını bildirmişdir. O, heç bir yol hərəkəti qaydalarını pozmamış, nəyə əsasən ona cərimə protokolu tərtib edilməsini soruşmuş, lakin polis serjantı ona heç bir sübut göstərmədən vərimə protokolu tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 məhkəmədə şikayətin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, 11 iyun 2025-ci il tarixdə özünə məxsus “QAZ-31” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə ailə üzvləri ilə birlikdə Goranboy rayonu Borsunlu kəndində rayonun Börü kəndinə yas mərasiminə getmişdir. Goranboy rayonu Rəhimli-Səfikürd kəndi istiqamətində hərəkətdə olan zaman yol ayrıcında “Stop” yol işarəsi olan yerdə dayanmış və ətrafa nəzər salıb maneə olub-olmadığını yoxladıqdan sonra hərəkətə davam etmişdir. Həmin vaxt YPX-nin inspektoru onun idarə etdiyi avtomobilə saxla işarəsi vermişdir. Daha sonra isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozduğunu bildirərək onun barəsində protokol tərtib edilmişdir. Etiraz etməsinə baxmayaraq YPX-nin inspektoru Mehman Nağıyev tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, heç bir qayda pozuntusu etməmişdir. Bunu müəyyən etmək üçün həmin ərazidə olan müşahidə kameraları və ya həmin əməkdaşın üzərində xidməti zamanı yazısını qeydə alan mikrofon vasitəsi ilə araşdırma aparmaq mümkündür. Yekunda məhkəmədən vermiş olduğu şikayət ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən Goranboy RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X5 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Goranboy rayonu Səfikürd kəndində xidmətdə olan zaman “QAZ-31” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-hərəkəti haqqında qanunun tələblərini pozduğu üçün tərəfindən həmin atomobilə saxla işarəsi verilmişdir. Belə ki, sürücü Rəhimli-Səfikürd kəndin kəsişməsində hərəkət edərkən “STOP” 2.5-“dayanmadan keçmək qadağandır” yol nişanının təsir dairəsində nizamlanmayan yolayırıcında avtomobilini saxlamadan hərəkətini davam etdirmişdir. Buna görə də sürücü Sarı Musayevə tərəfindən protokol tərtib edilmişdir. Sürücü tərəfindən törədilmiş qayda pozuntusu kamera vasitəsi ilə qeydə alınmışdır. Həmin görüntünü CD diskdə təqdim edərək verilmiş şikayətin əsassız olması səbəbindən təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 11 iyun 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədtiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; CD-diskdən görünür ki, “QAZ-31” minik markalı avtomobil “STOP” 2.5- “dayanmadan keçmək qadağandır” yol nişanının təsir dairəsində nizamlanmayan yolayırıcında avtomobilini saxlamadan hərəkətinə davam etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Goranboy rayon X8 Bölməsinin yol patrul xidmətinin inspektoru X5 tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir; Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə saat 09:31-də Goranboy rayonu Səfikürd kəndində “QAZ-31” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, qeyd edilən qayda pozuntusu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər” kameraları vasitəsilə qeydə alınmış görüntülər əsasında öz təsdiqini tapmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 60-cı maddəsinin İ hissəsinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir; 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Məhkəmə, həmçinin təqdim edilmiş videodiskdə olan görüntünü tədqiq edərək qeyd edir ki, “QAZ-31” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 yolun kəsişməsinə çatarkən STOP 2.5-“dayanmadan keçmək qadağandır” yol nişanının təsir dairəsində nizamlanmayan yolayırıcında avtomobilini saxlamayaraq hərəkət etməsi onun əməlində qeyd olunan maddənin tərkibinin olması qənaətinə gəlir. Eyni zamanda videogörüntüyə məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin iştirakı ilə keçirilən baxış zamanı da inzibati xətanın törədilməsi və bu xətanın törədilməsində X1 təqsirli olması təkzibolunmaz qaydada sübuta yetirilmişdir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət vermiş X1 şikayətinin əsasını təşkil edən hallar onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati tənbeh verilməsinə mane olan, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X4 İXM-in 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün həmin Məcəllənin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən X1 Goranboy rayon X8 Bölməsinin yol patrul xidmətinin inspektoru X5 tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən İXM-in 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Goranboy rayon X8 Bölməsinin yol patrul xidmətinin inspektoru X5 tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar