Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-880/2023 03.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X14 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxs X10 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Goranboy rayonunun Baxçakürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Baxçakürd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X3 05 sentyabr 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən MN seriyalı ******* nömrəli, 03 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 19:50 radələrində Goranboy rayonunun Baxçakürd kəndində Şəxs həmkəndlisi X8 yumruq və təpik zərbələri ilə döyməklə sonuncuya fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında Goranboy rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Goranboy rayonunun Baxçakürd kəndində yaşayan X10 və X1 RPŞ-yə qarşılıqlı ərizə ilə müraciət etmişlər. Belə ki, xx.xx.2023-cü il tarixdə Şəxs Xəyal Həsənov tərəfindən, X10 isə Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, 03 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə Goranboy RPŞnə onun özü ərizə ilə müraciəti etmişdir. X10 həmkəndlisidir, əvvəllər münasibətləri yaxşı olmuş, düşmənçilik və ədavətləri olmamışdır. O, 2023-cü ilin mart ayında Xəyala 170 yonca kipi almaq üçün 500 manat pul vermiş, birinci üz yonca biçilən vaxt onun yonca kiplərini verməli imiş, ancaq birinci üzdə demişdir ki, borcu var gələn üz verər o, da razılaşmış, ikinci üz biçiləndə o, yonca kiplərini istəyəndə 200 manatını qaytarmış və ona demişdir ki, 3-cü üzdə yonca biçiləndə 100 dənə verəcəkdir. O da razılaşmışdır. 17-18 avqust 2023-cü il tarixdə Xəyal yoncasını biçdirmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Xəyal ona zəng etmiş ki, “gəl yonca kiplərini sahədən apar”, o, sahəyə getmiş, Xəyal ona demişdir ki, yoncanı 5 manatdan verəcək, 150 manat da əlavə versin və ot kipini aparsın. O, da Xəyala “5 aydır pulum səndədir, birinci üz biçiləndə yonca kiplərimi verərdin” demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, o, Xəyalı sol əli ilə itələmiş, o, da biraz arxaya getmiş, Xəyal əlindəki ağacla onun qoluna vurmuş, sonra isə əlindəki ağacla öz burun nahiyyəsinə vurmuş, burnundan qan açılmış, daha sonra isə ordan uzaqlaşmış, o da 100 ədəd ot kiplərini yığıb qapısına gətirmişdir. O, Xəyalı vurmamışdır. Göstərilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə müraciəti o, etmiş, həmçinin Şəxs barəsində Goranboy RPŞ-nə yazdığı ərizə ilə tanış olmuşdur. 2023-cü ilin aprel ayında Röşən ona 300 manat pul vermişdir ki, 1-ci üz yonca biçiləndə hamısı onundur. Sonra razılaşmamışdır ki, yonca yaxşı deyil, 2-ci üz yonca biçiləndə o, Röşənin 300 manatını qaytarmışdır ki, “sən bizi aldadırsan”. xx.xx.2023-cü il tarixdə Röşən zəng edib ona demişdir ki, yaxın sahədən gəlib aparacaq, o, da demişdir “gəlib özüm verəcəm, mənsiz sahəyə girmə”, ancaq 16 radələrində o, evə gedəndə həyat yoldaşı ona demişdir ki, Röşən sahədən yonca kipini gətirmiş, o da sahəyə velosipedlə gedərkən kəndin içində olan mağazanın yanında Röşən avtomobilini onun yanında dayandırmışdır. O, Röşənə demişdir ki, “yonca kipini məndən xəbərsiz aparıbsan, pulunu ver”, Röşən isə ona demişdir ki, “sənə 5 ay pul vermişdim, qalan pul sələmi olsun bu səbəbdən aralarında mübahisə olmuşdur. Röşən ona demişdir ki, “gedək sahəyə söhbət edək”, onlar sahəyə getmiş, maşından dümüşlər, düşən kimi Röşən onun sağ əlinə təpiklə vurmuş, telefon əlindən düşmüş sol ayağı ilə tutmaq istəyəndə onu itələmiş, ancaq Röşən yenidən ayağından tutub onu havaya qaldırmış, onu maşının qabaq hissəsinə vurmuş, başının arxası maşının şüşəsinə dəymiş, Röşən də sifətinə bir neçə yumruq zərbəsi vurmuş, burnu və üst dodağı qanamışdır. Hal-hazırda da bornu sağalmamış, Şəxs həkimə çəkilən xərcləri də ödəməkdən imtina etmişdir. Yekunda məhkəmədən onun barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X7 Publik Hüquqi şəxsin 578 nömrəli, 22 avqust 2023-cü il tarixli rəydən görünür ki, X5 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət- burun yəhərinin və alt dodağın yaraları küt əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma zamanı əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Goranboy RPŞ-nin TBnin baş təhqiqatçısı X3 05 sentyabr 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi barədə izahatını inzibati məsuliyyətdən yayınmaq üçün verilən və özünümüdafiəsinə yönələn izahat kimi qiymətləndirir. Məhkəmə, iş üzrə toplanmış sübutlara, zərəçəkmişin ifadəsinə, məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 03 oktyabr 2023-cü il tarixdən, saat 15:10-dan hesablansın. Qərarın icrası Goranboy rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-880/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-880/2023
03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver