Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-883/2023 04.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X10, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxs X11, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Goranboy şəhəri, Zakir İsmayılov küçəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy RPŞ-dən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X2 21 sentyabr 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTByə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X12 tərəfindən MN seriyalı ******* nömrəli, 04 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində Goranboy rayon Qızılhacılı qəsəbəsində Zərərçəkmiş şəxs və X13 dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞnin İTB-nin polis sahə rəisi X12 izahatında göstərdi ki, 04 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Goranboy RPŞ-yə müraciət edərək Şəxs tərəfindən ona xəsarət yetirildiyini bildirmişdir. Həmçinin, həmin tarixdə X1 RPŞ-yə müraciət edərək Şəxs tərəfindən ona xəsarət yetirildiyini bildirmişdir. Məsələ ilə bağlı araşdırma aparılmış və nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı, ******* nömrəli, 04 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş qayınanası, X19 isə onun keçmiş arvadı X3 babasıdır. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onunla X7 arasında bağlanmış nikah pozulmuşdur. Həmçinin, həmin qətnamə ilə onların birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X8 onun, xx.xx.2020-ci il təvəllüdlü X4 isə anası X3 yanında saxlanılması qət edilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində o, qızı Elvinəni görmək üçün keçmiş arvadı X3 yaşadığı, Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən evinə getmişdir. Həmin vaxt Elnurə onu qarşılamış və uşağı ona göstərməyəcəyini bildirmişdir. Həmçinin, Elnurə qızı Bənövşənin də evdə olmadığını ona bildirmişdir. Bu zaman Elnurə səs-küy salmış və həmin səsə İsa həyətə çıxmışdır. İsa əlindəki əsanı ona tərəf atmışdır. Həmin vaxt İsanın əli qapı tutacağına dəymişdir. O, Elnurə və İsanı vurmamış, onlara xəsarət yetirməmişdir. Həmçinin, o, İİ Qarabağ müharibəsində iştirak etmişdir. O, “Vətən müharibəsi iştirakçısı”, “Laçının azad olunmasına görə” medallarla təltif olunmuşdur. Həmin sənədləri məhkəməyə təqdim etdi. Yekunda təqsiri olmadığı üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun keçmiş kürəkənidir. xx.xx.2023-cü il tarixdə Şəxs onun yaşadığı evə gələrək qızı Elvinə ilə görüşmək istədiyini bildirmişdir. Bu zaman onun qızı Bənövşə evdə olmadığından o, buna razı olmamışdır. Daha sonra Şəxs səs-küy salmış və onun üzərinə tərəf gəlmişdir. Həmin vaxt Şəxs ağac parçası ilə onun topuğundan vurmuşdur. Həmçinin, Şəxs onun boğazından da vurmuşdur. Bundan sonra X9 eşidərək çölə çıxmışdır. Həmin vaxt Şəxs ilə X19 arasında da mübahisə olmuşdur. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmədən Şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətdiq edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, Şəxs onun topuğundan təpiklə yox, ağac parçası ilə vurmuşdur. Həmçinin, Şəxs onun boğazına da xəsarət yetirmişdir. Hadisəni birbaşa görən şahid olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X19 izahatında göstərdi ki, o, Şəxs keçmiş arvadı X3 babasıdır. xx.xx.2023-cü il tarixdə Qızılhacılı qəsəbəsində evdə olan zaman həyətdə səs-küy eşitmiş və bu səbəbdən çölə çıxmışdır. Həmin vaxt Şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisənin olduğunu görmüşdür. Bu zaman o, sakitləşdirmək məqsədi ilə Şəxs yaxınlaşmışdır. Həmin vaxt Şəxs onu itələmiş və onun əli qapının tutacağına dəymişdir. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmədən Şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətdiq edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, hadisəni birbaşa görən şahid olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 608 nömrəli, 04 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət (lər) - sağ topuq nahiyəsinin sıyrığı küt əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən təpiklə vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 607 nömrəli, 04 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, vətəndaş X11 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət (lər) - sağ əlin arxa səthinin sıyrılmış yarası küt əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə yıxılma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs Zərərçəkmiş şəxs və X14 döyməsi öz təsdiqini tapmamışdır. İnzibati xəta haqqında protokolda xx.xx.2023-cü il tarixdə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində Şəxs Zərərçəkmiş şəxs və X13 xəsarət yetirməsi göstərilsə də, bu hal məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır. Belə ki: - Zərərçəkmiş şəxs izahatında Şəxs ağac parçası ilə onun topuğundan vurduğunu göstərsə də iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 608 nömrəli, 04 sentyabr 2023-cü il tarixli rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs sağ topuq nahiyəsinin sıyrığı kənar şəxs tərəfindən təpiklə vurulma zamanı əmələ gələ bilərdi. Həmçinin, adı çəkilən rəyə əsasən Zərərçəkmiş şəxs boğaz nahiyəsində xəsarət aşkar edilməmişdir. Halbuki, Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında Şəxs onun boğazına da xəsarət yetirdiyini göstərmiş və Şəxs onu təpiklə vurmadığını bildirmişdir; - zərərçəkmiş şəxs X19 izahatında Şəxs onu itələdiyini və əlinin qapının tutacağına dəydiyini göstərsə də iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 607 nömrəli, 04 sentyabr 2023-cü il tarixli rəyindən göründüyü kimi X6 əlinin arxa səthinin sıyrılmış yarası yıxılma zamanı əmələ gələ bilərdi. Araşdırma aparmış orqan Şəxs Zərərçəkmiş şəxs və X13 xəsarət yetirməsi, yəni İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsinə gələrkən yalnız zərərçəkmiş şəxslərin izahatlarını əsas götürmüşdür. Lakin, zərərçəkmiş şəxslər məhkəmə iclasında iş üzrə digər sübutlara (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin müvafiq rəylərin) zidd izahat vermişdir. Məhkəmə bu hala dair qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır və həmin sübutların məcmusu şəxsin təqsirli olub-olmaması məsələsini həll etməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda sübut edilməli olan hallardan biri də məhz inzibati xəta törətməkdə şəxsin təqsiridir (İXM-in 75.0.3-cü maddəsi). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi - Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarın əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İXM-in: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi başlanmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(045)-883/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-883/2023
04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver