Məhkəmə qərarları › İş №3(045)-89/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-89/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-89/2024 14.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Goranboy rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsindən Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı material 14 fevral 2024-cü il tarixdə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. 14 fevral 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində Goranboy rayonu, Qaradağlı kəndində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2024-cu il tarixdə saat 15:30 radələrində Goranboy RPŞ-nin PPXB-nin əməkdaşları polis serjantı Elmin Allahverdiyev, Elvin Əliyev, Famil Qasımov və Hüseyn Məmmədcəfərov ilə birlikdə Goranboy Rayon İcra Hakimiyətinin Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Goranboy rayon Qaradağlı kənd sakini Şəxs Goranboy rayon Xoylu və Qaradağlı kəndinin sərhəd hissəsində kənd sakinlərinə məxsus pay torpaq sahəsində qanunsuz olaraq tikinti işlərinin aparması barədə daxil olomuş məktuba əsasən Goranboy rayonu Qaradağlı kəndinə getmişlər. Qanunsuz tikinti işləri aparılan yerə yaxınlaşdıqda Goranboy RİH-nin əməkdaşları və yerli əhalinin orada olduğunu görmüşlər. Vətəndaş Şəxs uca səslə nalayiq ifadələr işlətməsini görərək, vətəndaşa yaxınlaşıb özlərini təqdim edib onu nizam-intizama dəvət etsələr də, sonuncu qanunsuz tikinti işlərini aparmadığını deyərək onların qanuni tələbinə əməl etməyərək, öz qərəzli hərəkətlərinə davam etdi, bu səbəbdən onlar vətəndaş Şəxs Goranboy RPŞ-nə gətirib NH-yə təhvil vermişlər. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların tərkibi olduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə Goranboy rayonu, Qaradağlı kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 15 radələrində özünə məxsus fərdi yaşayış evin həyətində işləyən zaman Goranboy rayon Qaradağlı kənd icra nümayəndəsi Ürfan İbrahimov və Xoylu kənd icra nümayəndəsi Tofiq Quliyev onun yaşadığı ünvana yaxınlaşaraq qanunsuz tikintini dayandırması barədə xəbərdarlıq etmişlər. O, icra nümayəndəlirinə heç bir qanunsuz hərəkət etmədiyini, özünə məxsus fərdi yaşayış evində tikinti işlərini apardığını bildirib və bu zaman Goranboy rayon Qaradağlı kənd icra nümayəndəsi eyni zamanda qaynı oğlu Rufan Nağıyev polis əməkdaşlarına xəbər etmiş və təxminən 10-15 dəqiqə sonra həmin yerə polis əməkdaşları gəlmişlər. O, buna əsəbləşərək Rufan Nağıyevə uca səslə “niyə polis əməkdaşlarını bura çağırıbsan” sözlərini demişdir. Bu vaxt Goranboy RPŞ-nin polis əməkdaşı Famil Qasımov onun barəsində Goranboy rayon İcra Hakimiyyətindən şikayət daxil olduğunu bildirərək, onu polis şəbəsinə dəvət etmişdir. O, polis əməkdaşlarının sözlərinə əsəbləşərək yenidən uca səslə öz narazılığını bildirmişdir. Bundan sonra o, polis əməkdaşlarının avtomobilinə əyləşərək şöbəyə gəlmişdir. Hazırda etdiyi əməldən peşmandır. Yekunda məhkəmədən onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, o, İİ dərəcəli əlildir və müharibə iştirakçısdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy rayon Qaradağlı kənd icra nümayəndəsi X4 izahatında göstərdi ki, xx.xx.2024-cu il tarixdə saat 15:30 radələrində Goranboy Rayon İcra Hakimiyətinin Memarlıq və Tikinti Şöbəsinin məktubuna əsasən Goranboy rayon Qaradağlı kənd sakini Şəxs kənd sakinlərinə məxsus pay torpaq sahəsində qanunsuz olaraq tikinti işlərinin aparması barədə məlumat daxil olomuşdur. O, məlumatın doğruluğunu yoxlamaq məqsədilə tikinti işləri aparılan yerə yaxınlaşaraq Şəxs tikinti işlərini dayandırmağını təklif etmişdir. Vətəndaş Şəxs onun iradına məhəl qoymayaraq tikinti işlərini davatm etdirmişdir. Bu zaman o, dərhal tikinti işlərini dayandırmaq məqsədilə Goranboy RPŞ-yə məlumat vermişdir. Təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları ora yaxınlaşaraq Şəxs apardığı qanunsuz tikinti işlərinin dayandırmasını bildirmişlər. Bu zaman Şəxs əsəbləşərək uca səslə “niyə bunları bura gətirmisən” sözlərini demiş, həmin vaxt polis əməkdaşları Şəxs nizam-intizama dəvət etmişlər və ictimai yerdə ictmai qaydanı pozmamasını bildirərək şöbəyə dəvət etmişlər. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmuşdur, yəni ki, heç bir zor tətbiq etmədən xidməti avtomobilə əyləşərək şöbəyə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X6 iş üzrə digər şahid X2 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Goranboy RPŞ-nin İTB-nin bölmə rəisi Famil Qasımov tərəfindən rəhbərliyə ünvanlanmış 14 fevral 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cu il tarixdə saat 15:30 radələrində Goranboy RPŞ-nin PPXB-nin əməkdaşları polis serjantı Elmin Allahverdiyev, Elvin Əliyev və Hüseyn Məmmədcəfərov ilə birlikdə Goranboy Rayon İcra Hakimiyətinin Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Goranboy rayon Qaradağlı kənd sakini Şəxs Goranboy rayon Xoylu və Qaradağlı kəndinin sərhəd hissəsində kənd sakinlərinə məxsus pay torpaq sahəsində qanunsuz olaraq tikinti işlərinin aparması barədə daxil olmuş məktuba əsasən Goranboy rayonu Qaradağlı kəndinə getmişlər. Qanunsuz tikinti işləri aparılan yerə yaxınlaşdıqda Goranboy RİH-nin əməkdaşları və yerli əhalinin orada olduğunu görmüşlər. Vətəndaş İ. İsmayılovun uca səslə nalayiq ifadələr işlətməsini görmüşlər, onlar vətəndaşa yaxınlaşıb özlərini təqdim edib onu nizam-intizama dəvət etsələr də o, qanunsuz tikinti işlərini aparmadığını deyərək onlaın qanuni tələbinə əməl etməyərək öz qərəzli hərəkətlərinə davam etdi, bu səbəbdən onlar vətəndaş Şəxs Goranboy RPŞ-nə gətirib NH-ya təhvil vermişlər. Odur ki, Şəxs barəsində aidiyyəti üzrə tətbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir; Goranboy Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş 10 nömrəli, 14 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Goranboy rayonu, Xoylu və Qaradağlı kənd sakinlərinə məxsus pay torpaq sahəsində vətəndaş Şəxs tərəfindən qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilmişdir; Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahidlərin izahatları, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510-cu maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilmişdir. İzah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 14 fevral 2024-cü tarixdə ictimai yerdə, Goranboy rayonu, Qaradağlı kəndində yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək uca səslə danışmış, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs polisin hansı qanuni tələbini pozmasını, yəni onun tərəfindən qəsdən tabe olmamanın hansı hərəkətlərində özünü göstərməsi müəyyən olunmur. Yəni, məhkəməyə onun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmədiyindən və məhkəməyə Şəxs tərəfindən hadisə vaxtı polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırkı protokol əsasında Şəxs İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz (İXM-in 8-ci maddəsi). Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, hadisə vaxtı Şəxs 14 fevral 2024-cü tarixdə Goranboy rayonu, Qaradağlı kəndində polisin qanuni tələbinə tabe olmaması sübuta yetirilmir. Odur ki, Şəxs hərəkətlərində polisin qanuni tələbinə tabe olmamasına dair inzibati xəta tərkibi olmadığından, barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 14 fevral 2024-cü il tarixli protokolun İXM-in 535.1-ci maddəsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə onu da nəzərə alır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8.3-cü maddəsi). İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla, digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini etiraf edib peşman olmasını və İİ dərəcəli əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Əməlində İXM-in 535.1-ci maddəsinin inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 14 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokolun İXM-in 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar