Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-92/2024 15.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1993-cü ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:12-də ***-***-**-** nömrəsindən Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edib xidmətin operatorlarının ünvanına təhqiredici ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞnin İTB-nin polis sahə rəisi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə öz istifadəsində olan nömrəsindən Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək xidmətin operatorlarının ünvanına təhqiredici ifadələr işlətmişdir. Şəxs hərəkətlərində İXM-in 510-cu maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, şəxsiyyətini, xəstəliyini, yaşlı anasının olmasını nəzərə alaraq Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, özü epilepsiya xəstəsidir. Onun şikayətlərinə dövlət orqanları baxmır, bu səbəbdən də bir neçə dəfə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək şikayət və iradlarını bildirmişdir. Belə ki, onun anası 1-ci Qarabağ müharibəsində təcili yardım xidmətində həkim olmuş və hazırda da veterandır. Bundan başqa anası 1-ci dərəcəli gözdən əlildir və gözləri tamamilə tutulmuş, həmçinin ayaq barmaqlarının dördü amputasiya olunmuşdur. Bu səbəbdən də o, anasına baxdığı üçün qəyyum kimi tanınmışdır və qəyyum kimi ona ayda 100 manat pul verilir. O, qəyyum kimi anasının dərmanlarını alması üçün müxtəlif vaxtlarda Goranboy Rayon Mərkəzi Xəstəxanasına getmiş və xəstəxanının inzibati binasında anasına verilən dərman vasitələri üçün müraciət edəndə xəsətxanada işləyən Fəridə adlı xanım müxtəlif bəhanlər göstərərək anasına dövlət tərəfindən verilən dərman vasitələrinin olmadığını bildirmişdir. O, bu barədə iradlarını bildirdiyi üçün həmin vaxt polis əməkdaşları çağırılmışdır. Polis əməkdaşları isə onun başını avtomobilə vurmuş və əllərini bağlayaraq onu Goranboy RPŞ-nin inzibati binasına aparmışlar. O, məcbur edilmişdir ki, verdiyi şikayətləri geri götürsün. Daha sonra yenidən anasına verilməli olan dərmanlarla əlaqədar Rayon Mərkəzi Xəstəxanasına getmiş və xəstəxananın direktoru Rauf Yahayayevin qəbulunda olmuş, sonuncuya anasına verilməli dərmanlarla bağlı müraciət etdikdə Rauf Yahyayev onu 3-cü mərtəbədən aşağı atacağını bildirmişdir. Həmin faktla bağlı isə Goranboy rayon prokurorluğuna şikayət etmişdir. Onun şikayətlərinə baxılmadığından yenidən Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək irad bildirmişdir. Həmin hərəkətləri isə hüquqa zidd deyildir. Verilmiş suallara cavab olaraq bildirdi ki, Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edən zaman operatorunun ünvanına müəyyən ifadələr işlətmişdir. Lakin, hesab edir ki, bu onun hüququdur və həmin sözləri o, əsəbindən demişdir. CD diskdə olan səs yazısı ona aiddir. Onun səhhətində ciddi problemləri var, tez-tez qıcolmaları olur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən Goranboy RPŞ-nin rəisinə ünvanlanmış 01 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 09:12-də ünvan 3 ünvanında yaşayan vətəndaş Şəxs ***-***-**-** nömrəsindən “102” xidmətinə zəng edib xidmətin operatorlarının ünvanına təhqiredici ifadələr işlətmişdir; Goranboy Rayon Mərkəzi X7 şəxsin 18-1-39/2-M-51-xx-xx/2024 nömrəli, 05 fevral 2024cü il tarixli arayışından görünür ki, xx.xx.1993-cü il təvəllüdlü, Goranboy rayon sakini Şəxs xx.xx.2024-cü il saat 16:45-də Təcili Yardım şöbəsinə çağırış etmiş və xəstəyə Ensefalopatiya kəllədaxili hipertenziya və qıcolma tutmaları ilə diaqnozu qoyulmuş və müfaviq yardım göstərilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə saat 12:45-də yenidən qıcolma tutması baş vermiş və Təcili Yardım şöbəsinə çağırış olmuşdur, çağırışa gedilərək xəstə Təcili Yardım maşını ilə Təcili Yardım bölməsinə gətirilmişdir. Xəstəyə kəskin psixotik hal, qıcolma tutması diaqnozu qoyulmuş və müfaviq yardım olmuşdur. Məhkəmə iclasında CD diskə keçirilən baxış zamanı Şəxs Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng etməsi, ona cavab verən operatorun və əvvəl cavab vermiş operatorların ünvanına qeyri-etik ifadələr işlətməsi müəyyən olunmuşdur; “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 atasıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokol, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510-cu maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi ilə bağlı izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi ilə bağlı dəlilləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla təkzib olunur. Belə ki: - inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:12-də ***-***- **-** nömrəsindən Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edib xidmətin operatorlarının ünvanına təhqiredici ifadələr işlətməsi göstərilmişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin 01 yanvar 2024-cü il tarixli məktubunda xx.xx.2023-cü il tarixdə, saat 09:12-də ünvan 3 ünvanında yaşayan vətəndaş X4 ***-***-**-** nömrəsindən “102” xidmətinə zəng edib xidmətin operatorlarının ünvanına təhqiredici ifadələr işlətməsi göstərilmişdir; - CD diskə keçirilən baxış zamanı Şəxs Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng etməsi, ona cavab verən operatorun və əvvəl cavab vermiş operatorların ünvanına qeyri-etik ifadələr işlətməsi müəyyən olunmuşdur. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 22 dekabr 2023-cü tarixdə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək qeyrietik ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səhhətini (epilepsiya xəstəsi olmasını), himayəsində 2 azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarış) onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(045)-92/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-92/2024
15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver