Məhkəmə qərarları › İş №3(045)-93/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-93/2024

16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-93/2024 16.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs (tələbkar) X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Goranboy rayonunun Kələk kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonunun Kələk kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(045)-574/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı, ******* nömrəli, 16 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, borclu Əhmədov X9 Rayon Məhkəməsinin 2(045)-574/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən yaranmış 1100 manat aliment borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Nəticədə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-574/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu Şəxs icra sənədində göstərilən borcun ödənilməsi üçün bildiriş verilmiş və borcu ödəməyi tələb edilmişdir. Lakin, borclu Şəxs borcunu ödəmədiyi üçün borclu Şəxs xəbərdarlıq göndərilməsinə baxmayaraq, məhkəmə qərarı üzrə öhdəliyini icra etməmiş, məhkəmə qərarı çıxarılan gündən indiyədək 4900 manat ödəniş etmişdir. Hazırda məhkəmə qərarı üzrə 1100 manat aliment borcu yaranmışdır. “Elektron İcra” İnformasiya sistemindən görünür ki, borclu Şəxs adına heç bir əmlak və gəlir yoxdur. Məhkəmə iclasında Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, borclu Şəxs mütəmadi olaraq az da olsa ödənişlər edir. Borclu bir ay əvvəl 100 manat ödəniş etmişdir. Borclu Şəxs borcundan bugün 50 manat ödəniş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, borcunu ödəməkdən yayınmır. Mütəmadi olaraq aliment borcundan ödənişlər etmişdir. 2 uşağı vardır. Hazırda heç bir yerdə işləmir və gəliri yoxdur. Bir ay əvvəl 100 manat ödəniş etmişdir, həmçinin bugün borcundan 50 manat ödəniş etmişdir. Qalan borcunu xx.xx.2024cü il tarixdə ödəcəyinə dair tələbkarla aralarında razılıq əldə olunmuşdur. Yekunda barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X4 izahatında göstərdi ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-574/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iki övladının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment alınaraq ona verilməlidir. Borclu sonuncu dəfə ona bir ay əvvəl 100 manat ödəniş etmişdir. Bugün də borclu tərəfindən ona 50 manat ödəniş olunmuşdur. Borclu qalan borcunu xx.xx.2024cü il tarixdə ödəcəyinə söz vermişdir. Bu səbəbdən öz aralarında razılığa gəlmişlər. Yekunda iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək buna dair müvafiq ərizəni məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy Rayon Məhkəməsinin 2(045)-574/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2018ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh Şəxs Tağıyeva (Əhmədova) Səmayə Teymur qızının xeyrinə hər ay hər uşağa görə 125 (yüz iyirmi beş) manat, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulmalıdır; Goranboy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında 132977/2023 nömrəli bildirişinin surətindən görünür ki, borclu Əhmədov X9 Rayon Məhkəməsinin 2(045)-574/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; X2 ərizəsindən görünür ki, borclu Şəxs ona olan 1100 manat borcundan 50 manat ödəniş etmiş, qalan borcunu isə xx.xx.2024-cü il tarixdə verəcəyini bildirdiyindən Şəxs barəsində aparılan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Şəxs icra sənədi üzrə aliment borcundan mütəmadi ödənişlər etmiş, həmçinin bugünkü tarixdə 50 manat ödəniş etmişdir. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında borclu Şəxs tərəfindən Goranboy Rayon Məhkəməsinin 2(045)-574/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Bu isə onun tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tördilməsini istisna edir. Buna görə də məhkəmə borclu barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-574/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 53, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar