Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-954/2023 19.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kəlbəcər şəh., N. Gəncəvi pr., ev 06 qeydiyyatda olan və Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 yataqxanasında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində İXM-in 510cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 19 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə səhər saatlarında Goranboy şəhər mərkəzi dairədə ictimai yerdə uca səslə X3 nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Nəticədə Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTQ-nin polis sahə rəisi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında X1 şəhərindən Goranboy rayonunda gəlmək üçün Gəncə şəhər avtovaqzalından **-UM-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşərək Goranboy şəhərinin mərkəzi dairəsinə yaxınlaşanda sürücüyə gətirmək haqqı olan 1.60 manatını vermişdir. Həmin şəxsdə, yəni sürücü yol pulunun 2 manat olduğunu bildirmiş və sonuncunu təhqir etmişdir. Bununla bağlı Atən Eyvazova dəfələrlə DİN “102” çağrı mərkəzinə şikayət etmişdir. Nəticədə, Şəxs hərəkətlərində İXM-in 510-cu maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, özünə məxsus “OPEL ASTRA” minik markalı avtomobili ilə Gəncə-Goranboy arası taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə Gəncə şəhər avtovağzalından Tər-tər rayonuna sərnişin apararkən, avtovağzalda əvvəllər tanıdığı və tez-tez onunla gedən Aytən Eyvazova onu da Goranboy şəhərinə aparmasını xahiş etdi. Goranboy şəhəri mərkəzi dairəsinə çatarkən o, Aytən Eyvazovaya burada düşməsini bildirmiş, lakin sonuncu onu Goranboy şəhər İnternat məktəbinə düşürməsini demişdir. Həmin vaxt o, Aytən Eyvazovaya yolundan çıxa bilmədiyini və burada düşməsini xahiş etmiş, lakin Aytən Eyvazova ona qarşı nalayiq ifadələr işlədərək yol haqqı olan 1.40 manatı maşına ataraq avtomobildən düşmüşdür. O, da Aytən Eyvazovaya cavab olaraq “tərbiyəsiz” sözünü demiş və hadisə yerindən uzaqlaşmışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Verilən suallara cavab olaraq bildirdi ki, o, X4 təhqir etməmiş və ona qarşı hər hansı nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, o, Goranboy şəhər İnternat məktəbində müəllimə işləyir və hər gün Gəncə şəhərindən Goranboy rayonuna gəlir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Gəncə şəhər avtovağzalından markasını bilmədiyi avtomobilə yaxınlaşaraq onu Goranboy Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına aparmasını və bunun əvəzində 2 manat məbləğində pul verəcəyini demiş, sürücü də razılaşmışdır. Bundan sonra Goranboy şəhərinə çatanda, sürücü onu Goranboy şəhər mərkəzi dairəsinin yanında düşürmüş və o da sürücüyə 1.60 manat pul vermiş və qalıq qalan 0.40 qəpik Gəncə şəhərində verəcəyini deyərək avtomobildən düşərək oradan uzalaşarkən həmin vaxt adını sonradan bildiyi sürücü Şəxs onunla razılaşmayaraq qalıq qalan pulunu tələb etmiş və ona şərəf və ləyaqətini alçaldan ağır ifadələr işlətmişdir. Eyni zamanda qeyd edir ki, avtomaşında əyləşmiş tanımadığı şəxslər də buna şahid olmuşlar. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs məhkəmə prosesi başlamamışdan əvvəl ona şikayətinin geri çəkilməsini xahiş etmiş, lakin məhkəmə iclasında verdiyi izahat tamamilə başqa olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin NH-nin məsul növbətçisi əvəzi Kamran Həsənov tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:49 dəqiqədə RPŞ-nin növbətçi hissəsinə DİN-nin 102 xidmətindən daxil olmuş (2********) (təhqir etmə) məlumatına görə, Gəncə şəhəri Azərbaycan bayrağı küçəsi 30-da yaşayan X6 ***-***-**-** nömrəsindən zəng edərək, (hadisə yeri Goranboy rayonu mərkəzi dairədə) markasını bilmədiyi **-UM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü tərəfindən təhqir olunması barədə məlumat vermişdir. Məlumatı Goranboy RPŞ-nin məsul növbətçisi əvəzi (növbətçi köməkçisi) polis kapitanı Kamran Həsənov qəbul etdi. Odur ki, aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; Goranboy RPŞ-nin NH-nin məsul növbətçisi əvəzi Elşad Məmmədov tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2023-cü il tarixdə saat 15:14 dəqiqədə RPŞ-nin növbətçi hissəsinə Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən daxil olmuş (2********)(Rəisə məruzə və vətəndaşa cavab verilməsi üçün) məlumatda göstərilmişdir ki, ünvan 3 ünvanında yaşayan X6 ***-***-**-** (***-***-**-**) nömrəli telefonla zəng vuraraq, Goranboy rayon mərkəzi dairəsində **-UM-*** d/n/nlı a/m-nın taksi sürücüsü tərəfindən təhqir olunması barədə Goranboy RPŞ-nə ərizə yazmasını, Elxan adlı əməkdaş tərəfindən tədbir görülməməsinə narazılığını bildirmişdir. Məlumatı Goranboy RPŞ-nin məsul növbətçisi, (növbətçi köməkçisi) polis baş leytenantı Elşad Məmmədov qəbul etdi. Odur ki, aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; Goranboy RPŞ-nin NH-nin məsul növbətçisi əvəzi Kamran Həsənov tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2023-cü il tarixdə saat 17:39 dəqiqədə RPŞ-nin , növbətçi hissəsinə DİN-nin 102 xidmətindən daxil olmuş (2********) (Rəisə məruzə vətəndaşa cavab verilməsi üçün) məlumatına görə, Gəncə şəhəri Azərbaycan küçəsi döngə 1-də yaşayan X6 ***-***-**-** (***-***-**-**) nömrəsindən zəng edərək, Goranboy rayon mərkəzi dairəsində Az **-UM-*** dövlət nömrə nişanlı avtomobilin taksi sürücüsü tərəfindən təhqir olunması barəsində Goranboy RPŞ-nə ərizə yazması, tədbir görülməməsinə narazılıq bildirdi. Məlumatı Goranboy RPŞ-nin məsul növbətçisi əvəzi (növbətçi köməkçisi) polis kapitanı Kamran Həsənov qəbul etdi; 029710 nömrəli vəsiqədən görünür ki, Şəxs 2-ci dərəcəli əlildir. Məhkəmə, proses iştirakçılarının və şahidin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini özü etiraf etməsə də, araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs 27 sentyabr 2023cü tarixdə ictimai yerdə, yəni Goranboy şəhərinin mərkəzi küçəsində sərnişini olmuş X3 qarşı uca səslə nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozması - xırda xuliqanlıq etməsi məhkəmə iclasında araşdırılan sübutlarla təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 27 sentyabr 2023-cü tarixdə ictimai yerdə, yəni Goranboy şəhərinin mərkəzi küçəsində uca səslə nalayiq ifadələr işlətmiş, bununla ictimai qaydanı pozmuş cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatın inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilməsi qənaətinə gəlir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadəsi və işdə olan digər sübutlarla tam təkzib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdiyi xüsusatlar məhkəmədə araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki: - İXM-in 76.1-ci maddəsinin tələblərinə əsasən sübut hesab olunan inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy şəhərinin mərkəzi dairəsində ictimai yerdə uca səslə səs-küy salaraq ictimai qaydanı pozması göstərilmişdir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy şəhərinin mərkəzi dairəsində uca səslə səs küy salaraq nalayiq ifadələr işlətməsini göstərmişdir; Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri ictimai qaydanı pozmuş, cəmiyyətə qarşı açıq hörmətsizlik olunmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 2-ci dərəcəli əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla, digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-954/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-954/2023
19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver