Məhkəmə qərarları › İş №3(045)-967/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-967/2025

11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-967/2025 11.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o fiziki şəxs olaraq (VÖEN-**********) sahibkarlıqla məşğuldur. X12 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi onun barəsində xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli qərar qəbul edərək inzibati qaydada ona 1000 (bir min) manat məbləğində cərimə etmişdir. Səbəb olaraq işçilərin aylıq əmək haqqı minimum əmək haqqından az ödənilməsi göstərilmişdir. “SİMA” sistemində texniki problemlə bağlı olaraq əmək müqaviləsini yeni minimum əmək haqqına uyğun yeniləyə bilməmişdir. Lakin, buna baxmayaraq işçilərin əmək haqqı, tibbi Sığorta, DSMF-na ödəniləcək bütün ödnişləri 400 (dörd yüz) manat minimum əmək haqqına uyğun ödəmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 şikayətin dəlillərinə uyğun izahat verərək bildirdi ki, yaşadığı Goranboy rayonu Dəliməmmədli kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2025-ci il tarixdə isə AR ƏƏSMN yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən heç bir inzibati araşdırma aparılmadan və onun iştirakı təmin edilmədən MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilərək 1000 manat cərimə tətbiq edilməyi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, barəsində çıxarılmış olan qərar qanunsuzdur və ləğv edilməlidir. Belə ki, “SİMA” sistemində texniki problemlə bağlı olaraq işçilərin əmək haqqıları yeni minimum əmək haqqına gödtərilməsə də, o işçilərin əmək haqqılarını, tibbi Sığorta, DSMF-na ödəniləcək bütün ödnişləri 400 (dörd yüz) manat, yəni minimum əmək haqqına uyğun olaraq ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətdə qeyd olunan orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 barəsində işçilərin aylıq əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə görə İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir; Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli (VÖEN) şəhadətnamədən görünür ki, X7 vergi orqanında uçota alınmışdır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 10 iyul 2025-ci il tarixli hesabatdan görünür ki, X4, X9 və X6 400 manat məbləğində əmək haqqı ödənilmişdir; X2 ilə işçilər X10, X14 və X11 arasında bağlanmış əmək müqavilələrinə dəyişiklik edilmiş və işçilərin əmək haqqısı 400 manat müəyyən olunmuşdur. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən araşdırma aparılması üçün həmin orqana göndərilməlidir. Hüquqi əsaslandırma: İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; Məhkəmə qeyd edir ki, X7 işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə inzibati məsuliyyətə cəlb olunsa da, məhkəmə iclasında onun tərəfindən İXM-in 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini təsdiq edən hər hansı mötəbər sübut müəyyən olunmamışdır. Bunun əksini sübut etmək vəzifəsi isə inzibati qərarı qəbul etmiş orqanın üzərinə düşür ki, o da, bu hüququndan istifadə edərək məhkəməyə lazımi sənədləri təqdim etməmişdir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin üzərinə düşür. Qeyd edilən orqan X3 İXM-in 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrkən yalnız “Əmək və Məşğulluq” altsisteminə istinad etmişdir ki, həmin məlumat isə, başqa sübutlar olmadan şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Həmçinin, iş materiallarına əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş hesabatdan da görünür ki, X2 tərəfindən işçilərə faktiki olaraq 400 manat məbləğində əmək haqqı ödənilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan X3 işçilərin aylıq əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənedilmiş minimum əmək haqqından aşağı məbləğdə əməkhaqqı verilməsi barədə qənaətinə gəldiyi halda, bu faktı təsdiq edən mötəbər sübutlar əldə etməli idi, yəni işçilərin izahatlarını almalı və bundan sonra əldə edilmiş sübutlara hüquqi qiymət verərək X3 əməlində inzibati xəta tərkibinin olub-olmadığını müəyyən etməli idi. Lakin qeyd edilən orqan bu istiqamətdə hərəkətsizlik göstərmiş və yalnız ehtimallara əsaslanaraq X5 inzibati məsuliyyətə cəlb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, X7 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İXM-in 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İXM-in: 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar