Məhkəmə qərarları › İş №3(045)-983/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-983/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-983/2024 08.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin X6 Bölməsinin YNH-nin hadisəsi üzrə baş inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1986-cı ildə Goranboy rayonu, Balakürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonu, Balakürd qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.1, 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Goranboy rayon Polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 08 oktyabr 2024-cü il tarixdə Goranboy rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 05 oktyabr 2024-cü il tarixdə saat 15:21 radələrində idarə etdiyi “VAZ 21074” minik markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu, Balakürd kəndi ərazisində manevr etmə qaydalalarını pozaraq “Great Wall H3” markalı 99-TNV-865 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı avtomobillərə maddi zərər dəymiş, yoxlama zamanı məlum olmuşdur ki, sürücü Şəxs sürücülük vəsiqəsi olmadan avtomobili idarə etmişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs maddi zərər dəymişdir. Bununla da, onun barəsində İXM-in 332.1, 327.2 və 332.4-cü maddələri ilə inzibati xətaları törətməsini nəzərdə tutan xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin X6 Bölməsinin YNH-nin hadisəsi üzrə baş inspektoru X3 izahatında göstərdi ki, sürücü Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 05 oktyabr 2024-cü il tarixdə saat 15:21 radələrində Goranboy rayonu, Balakürd kəndində, Goran istiqamətində idarə etdiyi “VAZ 21074” minik markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Great Wall H3” markalı 99-TNV-865 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobillərə zərər dəymişdir. Törətdiyi inzibati xətaya görə sürücü barəsində tərəfindən İXM-in 332.1, 327.2 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, idarə etdiyi “VAZ 21074” minik markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə etibarnaməsi olmamışdır. 05 oktyabr 2024-cü il tarixdə saat 14:30 radələrində Goranboy rayon Balakürd kəndindən Goran istiqamətinə hərəkətdə olan zaman manevr etmə qaydalarını pozaraq idarəetməni itirmiş, nəticədə onunla eyni istiqamətdə hərəkətdə olan “Great Wall H3” markalı 99-TNV-865 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq avtomobillərə maddi zərər dəymişdir. Nəqliyyat vasitəsini idarə etməyə sücülük vəsiqəsi olmamışdır. Əməlindən peşmandır və məhkəmədən ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs avtomobilinə dəymiş ziyan onun tərəfindən qarşılanmamışdır. Zərərçəkmiş şəxs ilə barışıq əldə etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə avtomotoservis və ticarət müəssisəsi tərəfindən verilmiş “qüsur aktı”ndan görünür ki, “Great Wall H3” markalı 99-TNV-865 dövlət qeydiyyat nişanlı avtomobilə 1330 manat (ehtiyyat hissələri və xidmət haqqı daxil olmaqla) məbləğində ziyan dəymişdir; “Elektron Məhkəmə sistemi”ndən çıxarışdan görünür ki, Şəxs sürücülük vəsiqəsi aşkar edilməmişdir; Gəncə RQİ və TBŞ tərəifndən verilmiş AD 946041 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Great Wall H3” markalı 99-TNV-865 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2020-c il tarixdən sahibi Zərərçəkmiş şəxsdur; Gəncə RQİ və TBŞ tərəifndən verilmiş AD 968099 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21074” minik markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2021-c il tarixdən sahibi X1r; Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 05 oktyabr 2024-cü il tarixdə saat 15:21 radələrində idarə etdiyi “VAZ 21074” minik markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərkən yol nəqliyyat hadisəsi törətməsi və yol nəqliyyat hadisəsinin iştirakçısı olan avtomobilə maddi ziyan vurması, bununla da İXMin 332.1, 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin baxdığı işlərin dairəsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 iyun tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2-ci bəndinə əsasən İXM-in 332.1, 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin səlahiyyətinə aiddir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 332.1, 327.2-ci maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 08 oktyabr 2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-in Goranboy Rayon Polis Şöbəsinin DYPB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar