Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-1020/2024 20.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Xəlitli kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:30-da Göyçay rayonu, Xəlitli kənd ərazisində Qəbələ rayon polis şöbəsinin əməkdaşlarının ünvanına ucadan nalayiq ifadələr işlətmiş, cəmiyyətdə polisin nüfuzuna xələl gətirmək istəyərək polisə qarşı mənfi fikirlər formalaşdıraraq ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, onu nizam intizama dəvət edən polis əməkdaşları ilə mübahisə edərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə icraatına Qəbələ rayon polis şöbəsindən material daxil olmuş, həmin materialda göstərilmişdir ki, Göyçay rayonu, Xəlitli kənd sakini Şəxs DİN-nin 102 xidmətinə zəng edərək Qəbələ rayon polis şöbəsinin polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməsinə dair məlumat daxil olmuş, həmin məlumat növbətçi hissədə qeydiyyata alınmış, araşdırılması aidiyyəti üzrə baxılması üçün İTB-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə materialın araşdırılması ilə bağlı saat 11:30 radələrində İTB-nin sahə rəisi polis serjantı Şahidla birlikdə Şəxs ünvanına gedərək materialla tanış edib izahat verməsi üçün rayon polis şöbəsinə dəvət etdikdə Şəxs qəflətən əsəbləşərək ucadan nalayiq ifadələr işlətməyə başladı. Onu dəfələrlə nizam-intizama dəvət etməklərinə baxmayaraq o, onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirdi. Daha sonra onun barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək müvəqqəti saxlama yerində saxlanılmışdır. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlləri törətdiyini qismən qəbul edərək izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu, Xəlitli kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə Göyçay rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gəlmiş, onun mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edilərək Qəbələ rayon polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədildiyi üçün onlarla bərabər rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına onun mobil telefonu ilə DİN-nin 102 xidmətinə oğlu tərəfindən zəng edilərək söyüş söyüldüyünü bildirməsinə baxmayaraq, polis əməkdaşları onun sözlərinə məhəl qoymamışdır. Daha sonra polis əməkdaşları ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı əsəbləşdiyi üçün o, polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmişdir. Əlavə olaraq bildirir ki, həmin vaxt o, ucadan nalayiq ifadələr işlətməmiş, əsəbi olduğu üçün polis əməkdaşlarına tabesizlik göstərmişdir. Törətdiyi əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh növünün seçilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin PPXB-nin polis baş serjantı Şahid qismində izahat verərək göstərmişdir ki, Şəxs DİN-nin 102 xidmətinə zəng edərək Qəbələ rayon polis şöbəsinin polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməsinə dair məlumat daxil olmuş, həmin məlumat əsasında xx.xx.2024-cü il tarixdə materialın araşdırılması ilə bağlı saat 11:30 radələrində İTB-nin sahə rəisi polis kapitanı Xəlil Əlizadə ilə birlikdə Göyçay rayon Xəlitli kənd sakini Şəxs ünvanına gedərək materialla tanış edib izahat verməsi üçün rayon polis şöbəsinə dəvət etdikdə Şəxs əsəbləşərək ucadan nalayiq ifadələr işlətməyə başladı. Onu dəfələrlə nizam-intizama dəvət etməklərinə baxmayaraq o, onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirdi. Daha sonra onun barəsində qanuna müvafiq qaydada tədbirlər görülməsi üçün rayon polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:30-da Göyçay rayonu, Xəlitli kənd ərazisində Qəbələ rayon polis şöbəsinin əməkdaşlarının ünvanına ucadan nalayiq ifadələr işlətmiş, cəmiyyətdə polisin nüfuzuna xələl gətirmək istəyərək polisə qarşı mənfi fikirlər formalaşdıraraq ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, onu nizam intizama dəvət edən polis əməkdaşları ilə mübahisə edərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır; İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, Şəxs əməlində protokolda qeyd edilən 535.1-ci maddədə nəzərdə tutulan inzibati məsuliyətin yaranması sübut olunsa da onun hərəkətlərində İXM-nin 510-cu maddə ilə inzibati xəta hadisəsi baş vermədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dizposiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyətə səbəb olur. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz özlüyündə inzibati hüquqpozmadır və İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün ictimai qaydanı pozulması əsas şərtdir. Halbu ki, iş materiallarında Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının ünvanına ucadan nalayiq ifadələr işlədərək cəmiyyətdə polisin nüfuzuna xələl gətirmək istəməsi, ictimai yerdə səs-küy salaraq, ictimai qaydanı pozmasına dəlalət edə biləcək sübut mövcud olmamış, digər birbaşa sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Göründüyü kimi Göyçay RPŞ-si yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati qaydada həbs edilmiş şəxs özünü qismən təqsirli bildiyindən polis əməkdaşları ilə yanaşı bilavasitə bu hadisənin şahidi olmuş şəxslərin bir qismi müəyyən edilməklə izahatları alınmalı, yəni yalnız eyni xidməti funksiyanı həyata keçirən polis əməkdaşının izahatı ilə kifayətlənməməli idi. Bu hal inzibati araşdırmanın səthi və natamam aparılmasını göstərməklə yanaşı, vətəndaşa münasibətdə qərəzsizliyi şübhə altına alır. Hazırkı halda yalnız polis əməkdaşının izahatı mötəbər sübut kimi qəbul edilə və şəxsin əleyhinə qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin mənasına görə, qanun ilə inzibati xətanın bütün əlamətləri müəyyən edilmədiyi halda heç kəs inzibati məsuliyyətə cəlb edilə bilməz. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ bəndinə əsasən, ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək; cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək; yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək; yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotu sistemini təşkil etmək və s. polisin əsas vəzifələridir. Həmin Qanunun 4-cü (Polisin fəaliyyət prinsipləri və istiqamətləri) maddəsinə görə isə polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında fəaliyyət göstərir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Göyçay rayon polis şöbəsinin əməkdaşları Şəxs yaşadığı ünvana gedərək onu barəsində olan materialla tanış edib izahat verməsi üçün rayon polis şöbəsinə dəvət etdikdə o, əsəbləşərək polis əməkdaşları ilə mübahisə etmiş, onların qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Sayidov X3 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin edilsin. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından həmin maddə ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-1020/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-1020/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver