Məhkəmə qərarları › İş №3(046)-1028/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-1028/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-1028/2024 25.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X4 iştirakı ilə, xx.xx.1977-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Göyçay rayonu, Qaraxıdır kəndində qeydiyyatda olan və yaşayan. FİN: xxxxxxx; AZE: ******* Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar Göyçay rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Göyçay rayonu, Qaraxıdır kəndində xidməti vəzifəsini icra edən PPXB-nin əməkdaşları polis serjantı Şahid1 və polis baş serjantı Şahid2 qanuni tələblərinə tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X5 izahat verərək bildirdi ki, 24 dekabr 2024-cü il tarixdə əməliyyat istintaq qrupunda xidmətdə olduğu müddətdə PPXB-nin polis baş serjantı Şahid2 raportla rayon polis şöbəsinin rəisinə müraciət edərək xx.xx.2024-cü il tarixdə, saat 21:00-dan 09:00-dək Göyçay rayon polis şöbəsinin PPXB-nin polis serjantı Şahid1la birlikdə xidmətdə olan zaman xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Göyçay rayonu, Qaraxıdır kəndi ərazisində Qaraxıdır kənd sakini Şəxs məxsus obyektdə X2 qapalı məkanda tütün məmulatından istifadə etdiyi tərəflərindən aşkar olunmuş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək barəsində tədbir görülməsi üçün rayon polis şöbəsinə dəvət etdikdə obyektin sahibi Şəxs polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək tabesizlik göstərmiş, polis əməkdaşları onu xidməti avtomobilə əyləşdirərək rayon polis şöbəsinə gətirmişlər. Daha sonra barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək o müvəqqəti saxlama yerində saxlanılmışdır. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf etməyərək izahatında göstərmişdir ki, Göyçay rayonu, Qaraxıdır kəndi ərazisində kafe işlədir. 24 dekabr 2024-cü il tarixdə, saat 22 radələrində polis əməkdaşları işlətdiyi kafeyə gəlmiş, X6 içəridə tütün məmulatından istifadə etdiyi üçün Ruslana onlarla birlikdə rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Polis əməkdaşları Ruslan Mahmudovu xidməti avtomobil ilə əyləşdirən zaman o, polis əməkdaşlarından Ruslanın aparılmasının səbəbini soruşduqda polis əməkdaşları ona “sən də bu obyektin sahibisən sən də bizimlə getməlisən” deyərək onu da obyekti baxlamağa imkan vermədən avtomobilə əyləşdirib rayon polis şöbəsinə aparmışlar. Bildirir ki, həmin vaxt o heç bir səs-küy yaratmamış, polis əməkdaşından Ruslanın aparılma səbəbini soruşmuş, polis əməkdaşının qanuni tələblərinə riayət edərək öz razılığı ilə rayon polis şöbəsinə getmişdir. Barəsində tərtib edilmiş protokolda göstərilənlərin heç biri həqiqətə uyğun deyildir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin PPXB-nin polis baş serjantı Şahid2 şahid qismində izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 21:00-dan 09:00-dək Göyçay rayon polis şöbəsinin PPXB-nin polis serjantı Şahid1la birlikdə xidmətdə olan zaman xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Göyçay rayonu, Qaraxıdır kəndi ərazisində Qaraxıdır kənd sakini Şəxs məxsus obyektdə X2 qapalı məkanda tütün məmulatlarından istifadə etdiyi tərəflərindən aşkar olunmuş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, barəsində qanuna müvafiq qaydada tədbir görülməsi üçün rayon polis şöbəsinə dəvət etmişlər. X3 xidməti avtomobilə əyləşdirən zaman obyektin sahibi Şəxs onlara yaxınlaşmış, Ruslan Mahmudovu rayon polis şöbəsinə aparmaqlarına etiraz edərək onların xidməti vəzifələrini icra etməyə maneəçilik törətmişdir. Şəxs “sizdə bu obyektin sahibisiz” deyərək onu rayon polis şöbəsinə dəvət etmişlər, həmin vaxt Rüstəm səs-küy salaraq onlarla birlikdə polis şöbəsinə getməkdən imtina etmiş, məcburi şəkildə onu obyekti baxlamağa imkan vermədən xidməti avtomobilə əyləşdirərək rayon polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmədə şahid qismində izahat vermiş Şahid1 Şahid2 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi X8 izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməsi sübuta yetirilməmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Göyçay rayonu, Qaraxıdır kəndində xidməti vəzifəsini icra edən PPXB-nin əməkdaşları polis serjantı Şahid1 və polis baş serjantı Şahid2 qanuni tələblərinə tabe olmamışdır; - inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdiyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dizposiyasına əsasən polis işçisinin və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olunmaması inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi inzibati xəta üzrə məsuliyyətin yaranması üçün isə şəxs tərəfindən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, polis əməkdaşının qanuni tələblərinin yerinə yetirilməməsi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə təcrübəsində ictimai qayda və hüquq qaydası anlayışları bir çox hallarda fərqləndirilmir ki, bu da nəticə etibarı ilə əmələ hüquqi qiymət verilməsində səhvlərə yol açır. İctimai qayda - qüvvədə olan qanunvericiliklə, adətlərlə və ənənələrlə, həmçinin mənəvi normalarla tənzimlənən, cəmiyyətdə insanlar arasında formalaşmış münasibətlər sistemi, qarşılıqlı davranış və birgə yaşayış qaydalarıdır. İctimai qayda bütün sosial norma və prinsiplərin realizə olunmasına əsaslanan ictimai münasibətlərin tənzimlənmiş vəziyyətidir. İctimai qaydanın mühafizəsinin təmin edilməsi sahəsində polis əməkdaşlarının hüquq və vəzifələrinin həddləri və onların tələblərinin qanuni əsasları «Polis haqqında» Azərbaycan Respublikasının Qanununun normaları ilə tənzimlənir. Həmin Qanunun 5-ci maddəsinə əsasən polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Şəxsin hüquq və azadlıqlarına qarşı polis tərəfindən bu Qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 13-cü maddəsinin 7-ci bəndinə əsasən polis əməkdaşları səlahiyyətlərini həyata keçirərkən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etməlidirlər. Həmin Qanunun 13-cü maddəsində polis əməkdaşlarının ümumi vəzifələri, 14-cü maddəsində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri, 17-ci maddəsində polis əməkdaşlarının ümumi hüquqları, 18-ci maddəsində isə ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının hüquqları sadalanmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin mənasına görə, qanun ilə inzibati xətanın bütün əlamətləri müəyyən edilmədiyi halda heç kəs inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə, işin faktiki hallarını araşdırarkən bu nəticəyə gəlmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən ictimai qaydanın yuxarına qeyd olunan elementlərinin pozulduğu məhkəmə araşdırılması zamanı müəyyən olunmamışdır. İş materiallarında Şəxs tərəfindən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasını, ictimai qaydanı pozan hərəkətlərə yol verməsini təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş raportda və inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti tam göstərilməmişdir. Ümumiyyətlə raportda və inzibati xəta haqqında protokolda Şəxs tərəfindən polis əməkdaşlarının hansı qanuni tələblərinə qəsdən tabe olmaması və həmin tabe olmama nədə ifadə olunması və hansı ictimai qaydanı pozan hərəkətlərə yol verməsi əsaslandırılmamışdır. Bundan başqa barəsində inzibati protokol tərtib edilmiş Şəxs rayon polis şöbəsinə gətirilərkən sahə rəisi tərəfindən onun izahatı alınmamış, qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq protokolu tərtib etmiş şəxs xəta törədən şəxsin təqsirliliyini sübut etmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş, şahid qismində polis əməkdaşlarının izahatlarına və raportuna istinad etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi Butkeviç Rusiyaya qarşı işi üzrə (xx.xx.2018) qəbul etdiyi qərarında qeyd etmişdir ki, Məhkəmə əvvəllər Rusiya ilə bağlı ictimai tədbirlərin keçirilməsi qaydalarını pozmaqda və ya polisin dağılmaq əmrinə tabe olmamaqda ittiham olunan şəxslərə qarşı inzibati icraata dair ərizələrə baxıb. Həmin proseslərdə birinci instansiya məhkəmələri polisin təqdimatlarını asanlıqla və birmənalı şəkildə qəbul etmiş və ərizəçilərin əksini sübut edən hər hansı bir sübut təqdim etmək imkanını rədd etmişlər. Məhkəmə qərara aldı ki, ittihamların əsasını təşkil edən əsas faktlarla bağlı mübahisədə yeganə şahidlər mübahisə edilən hadisələrdə fəal rol oynamış polis məmurlarıdır, məhkəmələrin onların ittihamedici ifadələrini yoxlamaq üçün bütün ağlabatan imkanlardan istifadə etməsi zəruridir. (bax: Kasparov və başqaları Rusiyaya qarşı (№ 2),№ 51988/07, § 48, 13 dekabr 2016-cı il və orada göstərilən işlərə). İş materialları təhlil edilərkən müəyyən olunmuşdur ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını əks etdirən ətrafda yaşayan və biləvasitə bu hadisənin şahidi olmuş mülki şəxslər müəyyən edilərək dindirilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati qaydada həbs edilmiş şəxs özünü təqsirli bilmədiyindən polis əməkdaşları ilə yanaşı hadisənin şahidi olmuş şəxslərin bir qismi müəyyən edilməklə izahatları alınmalı, yəni yalnız eyni xidməti funksiyanı həyata keçirən, eyni zamanda mübahisədə yeganə şahidlər mübahisə edilən hadisələrdə rol oynamış polis əməkdaşlarının izahatları ilə kifayətlənməməli idi. Bu hal inzibati araşdırmanın səthi və natamam aparılmasını göstərməklə yanaşı, vətəndaşa münasibətdə qərəzsizliyi şübhə altına alır. Hazırkı halda yalnız polis əməkdaşlarının izahatları mötəbər sübut kimi qəbul edilə və şəxsin əlehinə qiymətləndirilə bilməz. Belə olduğu halda, polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrinin icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olunmamasından da söhbət gedə bilməz. Qeyd olunduğu kimi Şəxs hərəkətlərində ictimai qaydanın pozulması faktı sübuta yetirilmir. Qanunvericiliyə görə barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə bu nəticəyə gəlir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozuntusunun elementlərindən olan pozuntunun obyekti (bu maddə ilə qorunan ictimai münasibətlər), obyektiv tərəfi (maddədə göstərilən hüquq pozuntusuna səbəb olan fəaliyyət) və subyektiv tərəfi (şəxsin öz hərəkətlərinə dair zehni münasibəti) müəyyən olunmadığından, o, qeyd olunan maddə ilə təqsirli sayıla bilməz və onun barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilirbaşlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilməməsi əsası ilə xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X7 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar