Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-106/2024 06.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Göyçay rayonu, Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, evli, himayəsində iki az yaşlı uşağı olan Göyçay rayonu, Qarabağlar kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 04 fevral 2024-cü il tarixdə idarə etdiyi «Vaz 21013» minik markalı, **-CU- *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri, Natəvan küçəsində hərəkətdə olarkən yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan avtomaşını sərxoş halda idarə etdiyi məlum olmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 343-1.5-ci maddəsi ilə tərtib olunmuş inzibati material, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon X7 X10 yol patrul xidməti inspektoru X4 izahat verərək bildirmişdir ki, Şəxs 04 fevral 2024-cü il tarixdə Göyçay şəhəri, Natəvan küçəsində avtomobil ilə hərəkətdə olarkən sürət həddini aşdığına görə saxlanılmış, yaxınlaşıb özünü təqdim etdikdən sonra sənədləri tələb etmiş, bu zaman Şəxs kəskin spirtli içki gəldiyi məlum olmuşdur. Şəxs sərxoşluğu müəyyən etmək üçün alkotester cihazına üfürməsini bildirmiş, lakin o, spirtli içki qəbul etdiyini etiraf edərək alkotester cihazına üfürməkdən imtina etmişdir. Daha sonra Göyçay rayon Mərkəzi Xəstəxanasında yerləşən sərxoşluğu yoxlama məntəqəsinə aparılmış, orada olarkən Şəxs müayinədən keçməkdən yenidən imtina edərək sərxoş olduğunu və müayinədən keçməsinə ehtiyac olmadığını bildirmişdir. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq tədbirlər görülməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, 04 fevral 2024-cü il tarixdə qardaşı X2 məxsus olan «Vaz 21013» minik markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı yanında olmaqla idarə etmişdir. Həmin gün avtomobili idarə etməmişdən əvvəl günorta saatlarında spirtli içki qəbul etmişdir. Təxminən axşam saatlarında avtomobillə Göyçay şəhəri, Natəvan küçəsində hərəkətdə olarkən yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, inspektor ona yaxınlaşaraq sənədlərini təqdim etməsini bildirmiş, sənədləri yoxlayan zaman polis əməkdaşı avtomaşını sərxoş halda idarə etməsindən şübhələnmişdir. Daha sonra ona sərxoşluğu müəyyən etmək üçün alkotester cihazına üfürməsini bildirmiş, lakin o, spirtli içki qəbul etdiyini deyərək müayinədən keçməmişdir. Daha sonra yol patrul xidməti əməkdaşlarının xidməti avtomobil ilə Göyçay rayon Mərkəzi Xəstəxanasında yerləşən sərxoşluğu yoxlama məntəqəsinə getmiş, orada sərxoş olduğunu deyərək müayinə olunmaqdan imtina etmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmədən himayəndə iki az yaşlı uşaqlarının olmasını nəzərə alıb barəsində yüngül inzibati tənbeh növünün seçilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X3 bildirmişdir ki, 04 fevral 2024-cü il tarixdə axşam saatlarında qardaşı Şəxs ona məxsus olan «Vaz 21013» minik markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri, Natəvan küçəsində hərəkətdə olarkən yol patrul xidməti əməkdaşları onları saxlamış, qardaşı Şəxs sənədlərini təqdim etməsini bildirmişdir. Polis əməkdaşı sənədləri yoxlayan zaman qardaşının spirtli içki qəbul etməsindən şübhələnərək ondan sərxoş olub-olmamasını müəyyən etmək üçün alkotester cihazına üfürməsini təələb edilmiş, lakin qardaşı, spirtli içki qəbul etdiyini etiraf edərək müayinədən keçməmişdir. Daha sonra yol patrul xidmətinin əməkdaşları qardaşını xidməti avtomobil ilə Göyçay rayon Mərkəzi Xəstəxanasında yerləşən sərxoşluğu yoxlama məntəqəsinə aparan zaman o, taksiyə əyləşərək oraya getmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X5 bildirmişdir ki, Göyçay rayon X1 Tibbi yardım Şöbəsinin müdiri vəzifəsində işləyir. 04 fevral 2024-cü il tarixdə Şəxs həmin şöbənin həkimi sərxoşluğun olub-olmamasını yoxlamaq istəyən zaman Şəxs sərxoş olduğunu etiraf edərək müayinədən keçməkdən imtina etmiş, həkim sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt tərtib etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs 04 fevral 2024-cü il tarixdə «Vaz 21013» minik markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobili Göyçay şəhəri, Natəvan küçəsində sərxoş vəziyyətdə idarə etmişdir. xx.xx.2024-cü il tarixli 150 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə orta dərəcəli sərxoş olmuşdur. DVD diskdə olan video çəkilişə baxış keçirilərkən Şəxs Göyçay rayon Mərkəzi Xəstəxanasında yerləşən sərxoşluğu yoxlama məntəqəsində müayinədən keçməkdən imtina etdiyi və sərxoş olduğunu etiraf etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan və verilmiş izahatlardan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərək sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmiş, bu isə son nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmır. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş inzibati xəta haqqında protokolu təhlil etdikdə aydın olur ki, ona münasibətdə həmin inzibati-hüquqi normalar əsassız və qanunsuz olaraq şamil edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsinə tövsif edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair’’ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belə şərh olunmuşdur ki, "cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 209 nömrəli, 27 iyun 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.2-ci bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. «Qaydaların 2.3-cü bəndinə görə alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. «Qaydaların 2.4-cü bəndinə görə xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. «Qaydaların 2.7-ci bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. «Qaydaların 3.1-ci bəndinə görə alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloq tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. «Qaydaları»n 3.2-ci bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Beləliklə göründüyü kimi Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 209 nömrəli, 27 iyun 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarına görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir, bu üsul ilə mümkün olmadıqda isə tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloq tərəfindən həyata keçirilir. Hər iki üsul ilə aparılan yoxlama zamanı şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi üçün qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Göründüyü kimi barəsində protokol tərtib edilmiş şəxs Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina etdiyi və nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı işin yuxarıda göstərilən halları ilə sübuta yetirildiyindən məhkəmə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsinin tərkibi vardır. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi himayəsində iki az yaşlı uşağının olmasını və inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, (İXM-32.1.1), ağırlaşdırıcı halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.5-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-106/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-106/2024
06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver